Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Oktyabr 2019 10:10

“Əsgərlərin sağlamlığını qoruyuruq”

Gənc nəslin sağlam yetişməsi dövlətin qarşısında duran vacib missiyalardan biri sayılır. Ordumuzun mühüm hissəsini gənc nəslin təşkil etdiyini nəzərə alaraq Müdafiə Nazirliyinin rəhbərliyi, hərbi qulluqçularımızın sağlamlığına ciddi önəm verir. Bir deyim var: "Qüdrətli ordunun təməlini sağlam döyüşçülər qoyurlar". Böyük sərkərdələr yetişdirmiş Vətənimizin bugünkü müdafiəçilərinin də ata-babaları kimi sağlam və cəsur olması əsas şərtlərdəndir.
Bu gün ölkəmiz müharibə şəraitindədir. Təbiidir ki, müharibənin olduğu yerdə hərbi təbabət (tibb xidməti) müasir tələblərə cavab verməli və şəxsi heyətin sağlamlığının keşiyində dayanan həkimlər yüksək biliyə malik olmalıdırlar. Ona görə də ordu sıralarında xidmət edən hərbçi-həkimlərimiz xarici ölkələrdə təşkil olunan kurs, konfrans və simpoziumlarda iştirak edərək təcrübə qazanır, özlərini daha da təkmilləşdirirlər. Rəhbərlik tərəfindən hərbi qulluqçuların sağlamlığına göstərilən diqqət və qayğının təzahürüdür ki, hospital, poliklinika, tibb məntəqələri və s. tibbi əhəmiyyətli obyektlər müasir avadanlıqlarla təmin olunub. Bu gün dünyanın güclü orduları sırasında yer tutan Azərbaycan Ordusunun şəxsi heyətinin sağlamlığının qayğısına qalmaq üçün hərbi hissələrdə istənilən şərait yaradılıb. Ordumuzda xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraiti, qidalanması, əşya-ərzaq təminatının yaxşılaşdırılması üçün vacib addımlar atılır.
"N" hərbi hissəsinin zabiti mayor Samir Əhmədovla birgə hərbi hissənin müasir tələblərə cavab verən tibb məntəqəsində olduq. Buradakı səliqə-sahman, tibb heyətinin gülərüzlüyü, xoş münasibəti insanda könül xoşluğu yaradırdı.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Nicat Quliyev ilk həmsöhbətimiz oldu. Dörd ildir ordu sıralarında xidmət edən hərbi qulluqçumuz iki müqəddəs vəzifəni eyni anda yerinə yetirməyin verdiyi qürurdan bəhs etdi. "Bu gün iki müqəddəs peşənin sahibi olduğum üçün qürurluyam. Əsgərlərimizin sağlamlığını qorumaq nə qədər qürurvericidirsə, bir o qədər də məsuliyyətlidir. Belə ki, insan taleyi və həyatı söhbət mövzusudursa, heç bir səhv və yaxud ehtiyatsızlıqdan söhbət gedə bilməz. Bunun üçün də tibb elminin sirlərinə dərindən yiyələnmək lazımdır. Vətən müdafiəçilərinin sağlamlığı bizim üçün vacibdir. Çünki ön xətdə torpaqlarımızın bütövlüyü uğrunda gecə-gündüz ayıq-sayıq xidmət aparan əsgərlərimizin sayəsində gündəlik həyat öz axarında davam edir. Bizim də üzərimizə düşən əsas vəzifə şəxsi heyətimizin sağlamlığını daim diqqət mərkəzində saxlamaqdır".
Əsgər Vüqar Məmmədov söhbət əsnasında tibb məntəqəsinin heyətindən razılığını bildirərək dedi ki, buradakı həkimlər hər bir xəstəyə diqqət və qayğıyla yanaşır, bütün lazımi köməkliklərini göstərirlər. Əsgər V.Məmmədov, həmçinin qeyd etdi ki, yeməkxanada verilən qidaların və fəslə uyğun əşya təminatının keyfiyyəti şəxsi heyətin sağlamlığına müsbət təsir göstərən amillərdəndir.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş əsgər Aygün Orucova əsgərlərin sağlamlığının keşiyində durmağı özünə müqəddəs amala xidmət bildiyini söylədi. Qeyd etdi ki, bölmədə şəxsi heyətə ilkin tibbi yardımın göstərilməsi üçün bütün imkanlar mövcuddur. Bölmənin yerləşdiyi yerə olan məsafənin uzun olması haqqında verdiyim sualı cavablandıran sanitar Aygün Orucova Vətənə, xalqa qəlbən bağlılığın heç bir əngəl tanımadığını dedi. "Ön xətdə xidmət edən əsgərlərimizin sağlamlığının keşiyində durmaqdan müqəddəs nə ola bilər?! Onlar gecə-gündüz torpaqlarımızı müdafiə edirlər. Əsgərlərimiz bizə Vətənin əmanətləridir və hər biri bizim üçün əzizdir. Şəxsi heyətin sağlamlığını nəzarətdə saxlamaq məqsədilə bölmələrdə vaxtaşırı profilaktik işlər aparırıq ki, bu da fəsil dəyişikliklərində şəxsi heyətin immunitetinin möhkəm olmasına xidmət edir. Səhhəti ilə bağlı müraciət edən hər bir hərbi qulluqçunu dinləyir, ciddi müayinə edirik. Bir sözlə, şəxsi heyətin sağlam olması üçün əlimizdən gələni əsirgəmirik."

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"