Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Oktyabr 2019 10:10

Xalq-ordu birliyi

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilməsinin nəticəsidir ki, ən çətin dağlıq şəraitdə belə hərbi xidmət nümunəvi təşkil olunur, şəxsi heyətin xidmət və məişət şəraiti yaxşılaşdırılır. 2018-ci ildə həyata keçirilən uğurlu Günnüt əməliyyatı bir daha göstərdi ki, hərbçilərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədirlər. Bütün bunlar həm də dövlət-xalq-ordu birliyinin bəhrəsidir. Xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin mövcud olması ordumuzun gücünü daha da artırır. Bu günlərdə çətin dağlıq şəraitdə xidmət edən əsgərlərə isti qış geyimlərinin təqdim edilməsi qeyd olunanlara əyani misaldır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək bildirib ki, sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2019-2020-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə hərbi hissələr üçün yun corabların toxunması işinin davam etdirilməsi tapşırılıb. Qarşıya qoyulan tapşırığın icrası istiqamətində məhdud fiziki imkanlı qadınlar tərəfindən toxunmuş 1500 cüt yun corab və 200 ədəd yun şərf əsgərlərimizə hədiyyə edilir. Corablardan 1000 cütü və şərflərdən 150-si Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə yerləşən bölmələrinə, corablardan 500 cütü və şərflərdən 50-si isə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasına təhvil verilir. Qeyd olunub ki, bu kimi tədbirlər məhdud fiziki imkanlı şəxslərin məşğulluğunu təmin etməklə bərabər onların maddi təminatlarının yaxşılaşmasına da müsbət təsir göstərir.
Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini general-mayor Elman Orucov tədbirdə çıxış edərək bildirib ki, Naxçıvanda yerləşən ordu, birləşmə və hissələr hərtərəfli qayğı ilə əhatə olunub. Dövlətimiz tərəfindən göstərilən bu diqqət hərbi qulluqçuların məsuliyyətini daha da artıraraq vətənpərvərlik hisslərinin güclənməsinə səbəb olub. Bu gün əsgərlərə isti qış geyimlərinin təqdim edilməsi növbəti qayğının ifadəsi, xalq-ordu birliyinin təcəssümüdür.
Tədbirdə zabit Tural Xələfov və əsgər Vasif İsazadə hərbi qulluqçular adından göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər. Çıxışların ardından yun corab və şərflər hərbi hissə və zastavalara təhvil verilib.
Göründüyü kimi, bu gün xalq orduya inanır, ordu xalqa güvənir. Deməli, yaradılan nümunəvi xidməti şəraitin və hərbi xidmətin düzgün təşkilinin, hərbi qulluqçularımızın yüksək intizama və döyüş qabiliyyətinə malik olmasının, əldə olunan uğurların və ən nəhayət, qazanılan zəfərlərin əsasında xalq-ordu birliyi dayanır.

Nəriman NƏCƏFOV, “N” hərbi hissəsi