Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Oktyabr 2019 10:16

Hərbi hissələrdə asudə vaxt səmərəli təşkil olunur

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində olduğumuz zaman kapitan Vahid Rzayev şəxsi heyətin gündəlik fəaliyyəti ilə bağlı söhbət etdi. Zabit bildirdi ki, şəxsi heyətə günün nizam qaydasına uyğun olaraq sıra, döyüş, fiziki, ictimai-siyasi hazırlıq və digər məşğələlər keçirilir.
Kapitan V.Rzayev qeyd etdi ki, ordumuzun qarşısında qoyulan vəzifələrin, döyüş tapşırıqlarının yerinə yetirilməsi, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin artırılması istiqamətində tədbirlərin təşkil olunması vacib amillərdən biridir. “Şəxsi heyətin asudə vaxtının da səmərəli təşkil olunduğunu vurğulayan zabit dedi ki, əsgərlərin asudə vaxtlarının düzgün və səmərəli təşkil olunması onların nizam-intizamlarına, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, dünyagörüşünün formalaşmasına müsbət təsir göstərir.
Asudə vaxtın səmərəli təşkili, xalqımızın milli-mənəvi dəyərləri ilə yaxından tanış olması məqsədilə şəxsi heyətin xidmət etdikləri bölgələrdə yerləşən tarixi yerlərə, muzeylərə ekskursiyaları həyata keçirilir. Bir sözlə, şəxsi heyətin döyüş ruhunun yüksəldilməsi, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin artırılması, onların tarixi döyüş ənənələri ruhunda tərbiyə edilməsi, asudə vaxtının səmərəli təşkili və bir çox məsələlər daim diqqət mərkəzindədir. Orduda baş verən yeniliklər və keçirilən tədbirlər haqqında informasiyaları əsgərlərimiz televiziya proqramları və verilişləri vasitəsilə əldə edirlər. Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini və mənəvi-psixoloji hazırlığını təbliğ etmək, gəncləri orduda xidmətə həvəsləndirmək məqsədilə şanlı hərb tariximizi, xalqımızın qəhrəmanlıq nümunələrini tərənnüm edən materiallar hazırlayaraq onlara təqdim edirik.”
Zabit onu da əlavə etdi ki, asudə vaxt şəxsi heyətin hərtərəfli inkişafı, fiziki, mənəvi və estetik mədəniyyətini yüksəltmək üçün əsas vasitədir. “Ona görə də bütün hərbi hissələrdə asudə vaxtı səmərəli təşkil etmək üçün məqsədyönlü işlər görülür. Əsgər yataqxanasında ideoloji otaqlar və istirahət guşələri yaradılır. Belə şərait əsgərlərimizin mənəvi cəhətdən kamilləşməsinə, mədəniyyətinin yüksəlməsinə zəmindir. Asudə vaxt zamanı əsgərlər qəzet və jurnallar oxuyur, tariximizdən bəhs edən filmlər izləyir, dama, şahmat və digər stolüstü idman oyunları oynayırlar.”
Əsgər Mehman Məmmədov asudə vaxtlarını səmərəli keçirmək üçün hərbi hissədə hər cür şərait yaradıldığını vurğuladı. "Hərbi hissəmizdə yaradılan şəraitdən hamımız çox razıyıq. Peşəkar, bacarıqlı və tələbkar komandirlərimiz bizə həm hərbi biliklər öyrədir, həm də daim xüsusi diqqət və qayğı göstərirlər. Bizim üzərimizə düşən vəzifə isə xidmətimizi düzgün təşkil edib, torpaqlarımızı işğaldan azad etmək üçün döyüşə atılmağa hazır olmaqdır. Doğma el-obamızı düşmən tapdağından qısa zamanda azad edəcəyik. Yurdlarından didərgin düşən həmyerlilərimiz yenidən el-obalarına geri dönəcəklər!".
Əsgərlər Orucəli Abbaszadənin, Rəşid Həmidovun, Nəsimi Mənəflinin və başqalarının arasında mehribanlığı, qayğıkeşliyi, səmimiyyəti, Vətən sevgisini hiss etmək, gözlərindəki düşmənə olan qəzəb qığılcımlarını görmək bizlərə xoş hisslər aşıladı. Bir daha əmin olduq ki, Vətənə xidmət edən igid oğullarımız tezliklə düşmən üzərində qələbə qazanaraq, erməni işğalçılarından qisasımızı alacaq, doğma torpaqlarımızı işğaldan azad edəcəklər. O an isə düşmən məğrur əsgərlərimizin gözlərində alovlanan nifrət atəşində yanacaq.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"