Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Oktyabr 2019 10:16

İdman arenasında hərbçilərimizin növbəti uğuru

Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində olduğu kimi, idman sahəsində də inkişaf dövlətçiliyimizin təşəkkülündə və tərəqqisində misilsiz rol oynamış ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin yürütdüyü siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Vətənimizin müdafiəsində dayanan hərbi qulluqçularımız idmana böyük həvəs və maraq göstərirlər. Döyüş hazırlığı ilə yanaşı, hərbi qulluqçularımızın fiziki cəhətdən möhkəm, güclü və sağlam olmaları onların döyüş qabiliyyətlərini daha da artırır. Ordu sıralarında xidmət edən yüzlərlə hərbçi-idmançı hərbi xidməti ilə yanaşı, idman fəaliyyətini də yüksək səviyyədə davam etdirir. Hərbçilərimiz müxtəlif idman növləri üzrə peşəkar şəkildə məşğul olurlar. Onlar idman arenalarında ordumuzu layiqincə təmsil edir, yeni-yeni uğurlar əldə edirlər.
Hərbçi-idmançılarımızın növbəti uğuru alpaqut idman növü üzrə olub. Ölkəmizdə də sevilən alpaqut idman növü üzrə bu yaxınlarda Azərbaycan kuboku keçirilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən turnirdə  ordu sıralarında xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş əsgər Bəxtiyar Elyasov birinci olub.
Baş əsgər Bəxtiyar Elyasov 18-19 oktyabr tarixlərində Qazax şəhərində keçirilən alpaqut Turan döyüş sənəti üzrə Azərbaycan kubokunun qalibi olub. 75 kq çəkidə tatamiyə çıxan Bəxtiyar rəqibləri üzərində inamlı qələbə qazanaraq kubokun qızıl medalını əldə edib. Bundan əvvəl də dəfələrlə respublika çempionu olan idmançımız bu qələbəsi ilə Dünya Alpaqut Federasiyasının Bakıda keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.
Bu günlərdə redaksiyamızda qonaq olan B.Elyasov əvvəlcə idmanla məşğul olmağa başlamasından, ilk nailiyyətlərindən və bu yolda ona yaxından dəstək olan müəllimindən danışdı. Peşəkar idmançı kimi formalaşmasında müəllimi Elçin Eminovun böyük zəhməti olduğunu qeyd etdi. Bildirdi ki, Elçin Eminov alpaqut idman növü üzrə "Dinamo" idman klubunun baş məşqçisi, dünya, Avropa və dəfələrlə respublika çempionu, Bakıda keçirilən İslam Həmrəyliyi oyunlarının gümüş medalçısıdır. "Yeddi yaşımdan bu idman növü ilə məşğul olmağa başlamışam. Məhz alpaqut idman növünü seçməyimə səbəb yaxın qohumlarımın bu idman növü ilə məşğul olması idi. Məşqçim də yaxın qohumum Elçin olub. Həyatımda ilk yaddaqalan turnir 2005-ci ildə keçirilən respublika çempionatı oldu. Bu çempionatda iştirak etməyə artıq özümü hazır hiss edirdim. Tatamiyə çıxıb bütün qüvvəmi ortaya qoydum və sonda qalib oldum. Bu ilk qələbəm olaraq hər zaman yaddaşımda yaddaqalan gün kimi həkk olundu. Həmin gün həm də gələcək uğurlarımın başlanğıc günü idi."
Gündəlik məşqlərin qələbədə böyük pay sahibi olduğunu deyən Bəxtiyar yarışa həm fiziki, həm də mənəvi-psixoloji cəhətdən hazır olmağın vacibliyini vurğuladı. Onu da qeyd etdi ki, əsl peşəkar idmançı əzmkar, mübariz, dözümlü və özünə inamlı olmalıdır. "Məşqçimizin çox sevdiyim bir şüarı var - məşqdə tökülməyən tər, yarışda göz yaşı olaraq geri qayıdar. Onun bu sözlərini idmana başladığım ilk gündən yaddaşıma yazdım, müsbət nəticələrini də gördüm. Yarışlara hazırlaşarkən rəqiblərini düzgün analiz etmək də vacib şərtdir. Rəqib idmançıya hər zaman hörmətlə yanaşmalı, nə gözündə çox böyütməli, nə də zəif görməlisən. Qələbəyə köklənib sona qədər mübarizə aparmalısan. Fiziki gücündən və taktikandan ağılla istifadə etməlisən. Güc və ağıldan birlikdə düzgün istifadə etməyi bacaranda qalib gəlirsən."
Hərbçimiz qalib olduğu sonuncu turnir haqqında da danışdı. "Artıq bir ildən çoxdur ki, ordu sıralarında xidmət edirəm. Bu günlərdə keçirilən qalibi olduğum alpaqut Turan döyüş sənəti üzrə Azərbaycan Kubok hərbçi kimi iştirak etdiyim ilk yarış oldu. Bu dəfəki qələbələrimin sevinci və həyəcanı bir başqa idi. Çünki əvvəl məndən qalibiyyət gözləyən yalnız məşqçim, ailəm və dostlarım idi. İndi isə hərbçi yoldaşlarım, komandirlərim də var. Artıq mən şanlı ordumuzu təmsil edirəm. Bunun yaşatdığı qürur hissi də qələbəmdə əlavə stimul oldu. Hərbi hissəyə qayıdanda şəxsi heyət məni rəğbətlə qarşıladı, qazandığım uğura görə rəhbərlik mənə fəxri fərman, qiymətli hədiyyələr təqdim etdi. Bu təqdimatlardan çox fərəhləndim. Hər kəsin qürurlu baxışlarını üzərimdə hiss edirdim. Bu yaşadıqlarım növbəti Dünya Alpaqut Federasiyasının Bakıda keçiriləcək dünya çempionatında mənə böyük stimul və dəstək olacaq.
İdmanla peşəkar formada məşğul olmaq üçün ölkəmizdə biz gənclərə hər cür şərait yaradılıb. Hərbi hissəmizdə müasir avadanlıqlarla təchiz olunmuş idman  şəhərcikləri mövcuddur. Ordumuza göstərilən bu diqqət və qayğıya, yaradılan yüksək şəraitə görə Ali Baş Komandanımıza minnətdarlığımı bildirirəm. Arzu edirəm ki, tezliklə biz Qarabağımızı işğaldan azad edək. Belə turnirlər Şuşada, Laçında, Kəlbəcərdə, Qubadlıda... təşkil olunsun. Əzəli və əbədi torpaqlarımızda üçrəngli bayrağımız dalğalansın."
Bu gün biz də daha bir hərbçi-idmançımızın qələbəsinə sevinirik. İdman arenalarında idmançılarımızın uğurlarını gördükcə, düşüncələrini dinlədikcə gənclərimizin fiziki sağlamlığına dövlətimiz tərəfindən xüsusi qayğı ilə yanaşıldığının bir daha şahidi oluruq.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"