Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Oktyabr 2019 10:16

Şəhid ömrü

Payızdı. Yarpaqlarda, otlarda, buludlarda pərişanlıq sezilir. Rüzgar niyə belədi, görəsən? - bir yerdə qərarlaşanların nizamını pozur, dağıdır, tökür, yaşıllıqları da, yaşılca ümidləri də kövrəldir, incələşdirir, bəzən saraldır da.
Mənim şəhid qardaşım Əbdülməcid, yaxşı bələdsən rüzgarın şıltaqlığına, qərarsızlığına, qətiyyətinə. Amal qardaşlarının arasındasan, ruhunuz sıramızdadı... Mübariz kimi, Raquf kimi, Təbriz kimi...
Əbdülməcid qardaşım, sən ən yüksək məqama üz tutdun, Vətəni qorudun, sonda şəhid oldun. "Bayraqları bayraq yapan üstündəki al qandır", sən də qanını bu qanlara qarışdırdın. Qəhrəmanlar döyüşdə doğulur. Sənin kimi...
Özün yaralıykən yardım edə bilmədiyin digər yoldaşlarının ağrısını son nəfəsində də yaşamısan, düşünürəm. Bu məktəbdə "əla" qiymət almağa, "Vətən" şeirini söyləyib alqışlara qərq olmağa, fərəh qanadlarında uçmağa bənzəyirmi?
4 il oxuduğun Azərbaycan Texniki Universitetini bitirəndə qrup yoldaşlarınla bir yerdə şəklinizi səbirsizliklə gözləyirdin. Qismətin deyilmiş. Tələbə yoldaşların ona neçə dəfə baxıblar. Təəssüf  qarışıq qürurla baxıblar. Mən də baxdım - sənin yerinə. Yaraşıqlı idin, nurlu idin. Eşitdim nənən hər dəfə səni soruşur. "Əbdülməcid gəlsin", -  deyir, "onu görüm", - deyir. Gizlədiblər nənəndən şəhadətini. Nənən sənin yerə enə bilməyəcək qədər yüksəklərdə olduğunu bilmir. Yaşamaq hüququndan keçdin - Vətənə görə...
Səni gözləyən tək valideynlərin deyilmiş. Səni gözləyən biri də varmış - hamıdan gizlətdiyin, sirr kimi qoruduğun biri. Hər gün gəlib məzarının üzərinə məktub qoyur. Vərəqlərə sənə deyə bilmədiklərini yazır. Bu sətirlərdə həsrət var, hicran var, gələcək illərin də kədər payı var: "Amma mən sağikən də sənin yanında idim, indi də... Sənin şəhidliyin heç nəyi dəyişmir, Məcid...!"
Təsəllin şəkillərindir. "Şair kimi öldü, şəkil kimi soldu", - deyilib. Sən unudulmursan. Sənin Azərbaycan boyda ailən var, anan var. Tarix rəqəmlərlə deyil, zəfərlərlə yazılır. 2016-cı ilin Aprel döyüşlərində tarix yazanların sırasında sən də vardın, 26 yaşında belə gənc qalan manqa komandiri Əbdülməcid Axundov!..

Hüsniyyə İDRİSOVA, BSU-nun III kurs tələbəsi