Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Oktyabr 2019 10:16

Qələbə ruhlu Azərbaycan əsgəri

Yol gedirik... Dünənki buludlu havadan əsər-əlamət yoxdu. Günəş göy qübbəsində öz yerini tutub. Payız günəşi ətrafı qızdırmağa can atır, ancaq gücü çatmır. Günəşli bir payız günündə müqəddəs məkanla - Qarabağımızla, eyni zamanda, xalqımızın güvənc yeri olan, torpaqlarımızın keşiyini çəkən Azərbaycan əsgəri ilə görüşə tələsirik. Bu gün sevincli olsam da, nədənsə fikrim dalğındır. Xəyalım məni əlimdən tutub Qarabağa aparır. Özüm Qaradağda, ruhum isə Qarabağdadı. Hayqırtılı bir səs ruhumu işğal olunmuş torpaqlara səsləyir. Bəlkə də o səs Qarabağda şəhid olan oğul və qızlarımızın, yurd itkisi ilə barışmayan ataların, Vətən həsrəti çəkən anaların, düşmən gülləsinə tuş gələn körpələrin, torpaqlarını işğaldan azad etməyə can atan Azərbaycan əsgərinin səsidir...
İnsanın yaşamadığı xatirələri, görmədiyi yerləri xəyal etməsi çox qəribədir, sanki möcüzədir. Bu gün sanki təbiətin min bir gözəlliyinə şərik çıxan Şuşanı dolandım. Şuşa xatirimdə hələ də öz ətrini saxlayan yaz çiçəyinə bənzəyir, ömürlük yadımdan çıxan deyil. O gözəllik, o müqəddəslik, o paklıq, o təmizlik, bir də Cıdır düzünün əsrarəngiz gözəlliyi, Laçın yaylaqları gəldi gözümün önünə...
Bu hisslərlə cəbhə xəttində yerləşən "N" hərbi hissəsinə çatırıq. Hər dəfə olduğu kimi, Azərbaycan Ordusunun zabiti, giziri, əsgəri ilə görüşmək qürurvericidir. Hərbi hissədə bizi zabit Eldəniz İsmayılov qarşılayır. Zabit bildirir ki, bu gün ordumuz çox güclüdür. "1993-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan ordu quruculuğu bu gün ölkəmizin dinamik inkişafına uyğun olaraq, özünün yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Azərbaycan ictimaiyyəti bunun əyani təsdiqini ötən il Silahlı Qüvvələrin yaradılmasının 100 illiyi münasibəti ilə keçirilən möhtəşəm hərbi paradda gördü. Paradda Azərbaycan Ordusunun müxtəlif qoşun növlərini təmsil edən hərbçilərin, müasir hərbi texnikanın nümunəvi keçidi, hərbi təyyarələrimizin nümayiş etdirdikləri yüksək pilotajlıq bacarıqları Vətənini sevən hər kəsdə qürur və fəxarət hissi oyatdı. Hər kəs bir daha əmin oldu ki, Azərbaycanın hər an düşmənə layiqli cavab verə bilməyə qadir olan güclü, qüdrətli və modern ordusu, hərbi arsenalında isə ən müasir, dünyanın qabaqcıl ölkələrinin ordularının istifadə etdikləri texnikalar var".
"Ona görə hər kəs inanır ki, Azərbaycan əsgərinin sayəsində tezliklə haqqımız olduğuna sahib olacağıq, səngərləri sərhədlər əvəz edəcək...", - deyə zabitin söylədiklərinə həmfikir oluram. Zabit fikrimin təsdiqi olaraq bildirir ki, Azərbaycan Ordusu işğal olunmuş torpaqları mütləq azad edəcəkdir. "Azərbaycan xalqı, Azərbaycan dövləti tezliklə bunun şahidi olacaq. Dövlət rəhbərliyi bu məsələni sülh yolu ilə həll etmək istəyir. Əgər bu mümkün olmasa, biz Ali Baş Komandanımızın rəhbərliyi ilə tarix yazacağıq. Aprel döyüşləri, Günnüt zəfəri də sübut etdi ki, tezliklə xalqın həsrətinə son qoyulacaq".
Söhbətimizin bu yerində dağlardan əsən meh sanki fikrimizin təsdiqi olur... Əsən meh səngərin barıt qoxulu havasını, oğullarımızın Vətən sevgisini, igidlərimizin nərəsini, hayqırtısını ətrafa yayır. Əsgərlərimizin dili ilə demək istəyir ki, biz torpaqlarımızı Vətən etmək üçün canımızı veririk. Əsrlərdir ata-babalarımızın qanları bahasına əldə edərək bizə verdikləri torpaqlarımızın dəyərini bilirik və unutmuruq ki, torpaqlarımızın hər qarışında şəhid qanı var.
Səngərdə baş leytenant Elgün Mustafazadənin də dedikləri mehin bizə gətirdiyi xəbərin təsdiqi olur. "Bu gün ölkəmiz müharibə şəraitində yaşadığından hər birimiz rütbəmizdən və vəzifəmizdən asılı olmayaraq özümüzü Azərbaycan Ordusunun əsgəri hesab edirik. Hər birimiz üçün bayrağımız da, torpağımız da şanlı və dəyərlidir. Unutmuruq ki, qanımızın son damlasına qədər vuruşmaq bizim həm atalarımıza, həm də bu torpağa olan borcumuzdur."
Baş leytenant Əli Camalzadə qeyd edir ki, düşmənlə təmas xəttində yerləşən bölmənin şəxsi heyəti üçün əsas amil Vətəni qorumaqdır. "Qətiyyətlə deyə bilərəm ki, əsgərlərimiz onlara tapşırılan mövqeni sayıqlıqla qoruyurlar. Çox yaxşı bilirlər ki, müharibə şəraitində olan ölkənin ordusunun əsgəri mərd və qorxmaz olmalı, Vətənini sayıqlıqla qorumalıdır".
Müşahidə postunda keşik çəkən əsgər Sadiq Mehvalıyev ön xətdə xidmət etməsindən şərəf duyduğunu bildirir: "Ön xətdə xidmət etmək şərəflidi, həm də hər zaman təhlükə altında olmaq deməkdir. Bu bizi narahat etmir. Çünki hər zaman ehtiyatı əldən verməməyə çalışırıq. İçimizdə o qədər Vətən, torpaq sevgisi var ki, bu yolda ölüm də bizi qorxutmur.
Əsgər Cavid Hüseynovun dediyi fikirlər hər kəsə duyğulu anlar yaşadır. "Deyirlər ki, nəyi çox istəsən, o arzun mütləq həyata keçər. Mən Qarabağı görməyi, özü də azad görməyi çox istəyirəm. İstəyirəm Qarabağın azadlığında mənim də bir əsgər kimi payım olsun. Çünki valideynlərimin o yerlərdə neçə-neçə yaşanmayan xatirələri, ayaq basmadığı çəmənliklər qalıb. Tarixi Qələbəni yaşamadan, valideynlərimin, özümün və ən əsası xalqımızın xəyallarını gerçəkləşdirmədən heç nə bitə bilməz…”
Əsgər Cəmaləddin Xəlilov səngər yoldaşının fikrinin təsdiqi olaraq deyir: "Müstəqil Azərbaycan, Vətənimiz, yurdumuz ifadəsi hamımız üçün əzizdir. Buna görə də dövlətimizin müstəqilliyini əbədi etmək üçün hər kəs əlindən gələni edir, Vətən torpağına göz dikənlərə qarşı mübarizə aparırıq. Vətənə xidmət etmək bir vətəndaş kimi bizim müqəddəs borcumuzdur. Bu şərəfli borcu məsuliyyətlə yerinə yetirmək üçün üzərimizə düşən tapşırıqları, vəzifələri vaxtında və düzgün yerinə yetirir, xidmətimizlə digər yoldaşlarımıza da nümunə olmağa çalışırıq".
Masallı rayonundan olan əsgər Coşqun İbrahimov vurğulayır ki, xidmət etdiyi müddətdə  əsgər kimi üzərinə düşən bütün tapşırıqların öhdəsindən layiqincə gəlməyə çalışıb. "Qarşıda gördüyünüz dağın o tərəfi də tarixi Azərbaycan torpaqlarıdır. Bütün tarixi torpaqlarımızın geri qaytarılmasının arzusundayam. Demək olar ki, çox arzularım həyata keçib. İnanıram ki, bu arzum da tezliklə həyata keçəcək".
"Vətən nəyin bahasına olursa-olsun, müdafiə etmək məcburiyyətində olduğumuz, ana dediyimiz, şəhidlərimizin uğrunda can verib, qanlarıyla suladığı, millətimizin üzərində yaşadığı torpaqdır. Vətəni müdafiə etmək, onun uğrunda qan tökmək, canımızı fəda etmək vətəndaşlıq və əsgəri borcumuzdur", - deyə əsgər Nurlan Qocalıyev əsgər yoldaşının sözünü təsdiqləyir.
Əsgər Zaur Məmmədov isə bildirir ki, hər xalqa öz ölkəsinin sahibi olmaq, özünün milli dövlətini qurmaq, ən ali dəyərlərini özündə ehtiva edən bayrağını yaşadığı ölkəsinin ərazisində dalğalandırmaq xoşbəxtliyi nəsib olmur. “Bu baxımdan Azərbaycan xalqı dünyanın ən xoşbəxt xalqlarından biridir. Çünki Azərbaycan xalqının bu gün müstəqil dövləti, möhtəşəm bayrağı var. O bayraq ki, müqəddəs Azərbaycan torpağının səmasında dalğalanır. O bayraq ki, onun əzəmətlə dalğalanması üçün yüzlərlə insan canını fəda edib. O bayraq ki, bu gün hərbi-strateji yüksəklik olan Lələtəpədə dalğalanmaqla düşmənə gözdağı olub. O bayraq ki, Cocuq Mərcanlı ilə başlayan Böyük Qayıdışın xəbərçisinə çevrilib.”
Söylənilən bu fikirlərin arxasında Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş bacarığı, Qələbə ruhu dayanır. Qələbə ruhlu igid oğullarımız demək istəyirlər ki, gec və ya tez mütləq işğal altında olan torpaqlarımızı azad edəcəyik, şəhidlərimizin qanını yerdə qoymayacağıq, düşmənin layiqli cəzasını verəcəyik və üçrəngli bayrağımızı azad, müstəqil Qarabağına qovuşan Azərbaycanın səmasında dalğalandıracağıq!

Məhəmməd ƏLİYEV,"Azərbaycan Ordusu",
fotolar Coşqun CƏFƏROVUNDUR