Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Oktyabr 2019 10:13

Ali Baş Komandan İlham ƏLİYEV: “Bizim ən böyük gücümüz əsgərlərimizin cəsarəti, vətənpərvərliyidir”

Dövlətimizin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsi olaraq hərbi qüdrəti artan ordumuzla hər yerdə hər kəs öyünür, fəxr edir. Əkinçi də, sürücü də, müəllim də ordumuzun gücünə inanır, inanır ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
"N" hərbi hissəsinin qərargahında çox ləngimirik, hərbi avtomobilə əyləşib düşmənlə təmas xəttindəki mövqelərimizə yola düşürük. Əslində, Vətənimizin keşiyini çəkən əsgərlərimizi ziyarət etmək cəmiyyətdə tutduğu vəzifəsindən, mənsubiyyətindən asılı olmayaraq hər bir kəsin vətəndaşlıq borcudur. Gündəlik həyatımızda da tez-tez millət vəkillərinin, incəsənət adamlarının, bir sözlə, ictimaiyyət nümayəndələrinin mütəmadi olaraq cəbhə xəttində əsgərlərlə görüşlərindən xəbər tuturuq. Bu, çox sevindirici haldır və xalqla ordunun sıx bağlılığının tərənnümüdür.
Zabit Vahid Rzayev qeyd edir ki, ziyalıların, cəmiyyətimizdə tanınan adamların əsgərlərlə hər görüşü şəxsi heyətin həyatında unudulmaz hadisəyə çevrilir. Ordu xalqın dəstəyini hiss edəndə güclüdür. İctimaiyyətin bizə qayğısı və diqqəti əsgərlərimizin mənəvi hazırlığında, ruh yüksəkliyində müsbət təsirə malikdir.
Qarşıdakı mövqelərə yaxınlaşırıq.
Gənc zabit İlqar Zeynalov seçdiyi peşədən və müqəddəs vəzifəsindən qürurlandığını bildirir. "Bu gün şərəfli peşə sahibi olaraq Azərbaycan Ordusunun sıralarında xidmətimlə fəxr edirəm. Əsgərlər vurğulayırlar ki, ön xətdə xidmət etməkdən qürur duyurlar. Xidməti vəzifə kimi düşməni daim nəzarətdə saxlayır, mövqelərimizi göz bəbəyi kimi qoruyurlar. Ölkə başçımızın ordumuza göstərdiyi yüksək diqqət və qayğı nəticəsində bütün təminatlarımız yüksək səviyyədədir. Xidməti vəzifələrimizi layiqincə yerinə yetirmək üçün hər cür şəraitimiz var. Xalqın güvəncini, dövlətimizin etimadını daim doğrulduruq. Hər birimiz düşmənə kəskin qılınc, xalqa qalxanıq!", - leytenant İ.Zeynalov deyir.
Səngər həyatı gənclərin sınaq meydanıdır, yüksək mənəvi dəyərlərə malik olan əsgərlər Hərbi anda sədaqətlə xidmət edirlər. Sinəsində Vətən sevgisi gəzdirən oğullar var olsun, deyirəm.
Əsgər Mehdi Nuriyev fikirlərini bölüşür. O da silahdaşları kimi ön xətdə xidmətiylə fəxarət duyur. Deyir ki, Vətənə övladlıq borcunu ön xətdə ödəmək nə yaxşı ki, ona da nəsib olub. "Biz çox güclü bir ordunun əsgərləriyik, hərtərəfli təminatımız, müasir silah-texnikalarımız var. Düşmənə qalib gəlməyə tam qadirik və Ali Baş Komandanın əmriylə döyüşməyə hər an hazırıq. Xidmətimiz uğurla davam edir. Mehriban və səmimi kollektivimiz var. Komandirlərimiz bütün qayğılarımızla maraqlanırlar. Biz də verilən tapşırıqların öhdəsindən layiqincə gəlir, torpaqlarımızın keşiyində inamla dayanırıq".
Əsgər Qurban Kosayev hərbi xidmət haqqında  təəssüratlarından, ən yadda qalan günlərindən danışır:
- İllərimin bir hissəsini səngərdə keçirməyimdən, Vətənimə əsgər olmağımdan fərəhlənirəm. Torpaqlarımızı qoruyuruq. Əslində, hər bir gəncin həyatda ən vacib vətəndaşlıq vəzifəsi əsgər kimi, düşmənlə savaşa atılmağa qadir olan mübariz, mərd, igid olmaqdır. Mən də komandirlərimə, təcrübəli yoldaşlarıma minnətdaram ki, onların sayəsində Vətənimizi qorumağı bacaran əsgər kimi formalaşdım. Orduda keçən günlərimi həyatımın ən mənalı bir dövrü sayıram. Hərbi xidmətə gəldiyim, ilk dəfə sırada dayandığım, təntənəli şəkildə Hərbi andı içdiyim günlər, ilk dəfə döyüş növbətçiliyində dayandığım gün yaddaşıma həmişəlik həkk olunub.
Gənclərimiz Vətənə, xalqa sədaqət ruhunda formalaşıblar, hər birimizin ürəyi Vətən sevgisi ilə döyünür. Əsgər Rəhim Məmmədov deyir ki, bizə Vətənimizin qorunması etibar edilib. "Burada xidmət edən hər kəs kimi, mən də qürur duyuram ki, Vətəni qoruyanlardanam. Bu müqəddəs vəzifədir. Məsuliyyətini də yaxşı dərk edirəm. Qarşıda torpaqlarımıza göz dikən düşmən var. Hər an ayıq-sayıq xidmət aparır, qələbələr üçün əmr gözləyirik."
Səngərdə söhbətləşdiyim əsgərlərdən biri - Ziyafət Şirəliyev Milli Qəhrəman Mübariz İbrahimovun həmyerlisidi. O da Milli Qəhrəmanın həyat yolunu özünə örnək bildiyini deyir:
- Boya-başa çatdığım rayonda, oxuduğum məktəbdə, ailəmdə daim Mübarizin qəhrəmanlığı, şücaəti haqqında eşitmişəm. Məktəbimizdə də onun anım tədbirləri keçirilir, ağsaqqallarımız, ziyalılarımız qəhrəman haqqında ürək sözlərini deyir, bizə də igidliyi, vətənpərvərliyi ondan öyrənməyi tövsiyə edirdilər. Mən də hərbi xidmətdə hərbi sirlərə yiyələnib, döyüş vərdişləri qazanmışam. Səngərdə Vətənimizin keşiyində dayanmaqdan qürurluyam. Müqəddəs vəzifələrimizin öhdəsindən layiqincə gəlir, döyüş qabiliyyətimizi mütəmadi olaraq artırırıq.
Əsgərlərlə səmimi söhbətimizdə Vətən, torpaq, dövlət, dövlətçilik haqqında danışmışdıq. Onlar Ali Baş Komandanın döyüş əmrinə hazır olduqlarını demişdilər və böyük qürurla, bu qürurun yaratdığı böyük məsuliyyətlə Ali Baş Komandanın bir fikrini də xatırlatdılar: "Bizim ən böyük gücümüz əsgərlərimizin cəsarəti, vətənpərvərliyidir. Bu gün Azərbaycanda elə gözəl gənc nəsil yetişib ki, onların hamısı Ali Baş Komandanın əmrini gözləyir". Hər birimiz ölkə başçısının Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığına verdiyi bu dəyəri qələbəylə tamamlamağa hazırıq...
Döyüş mövqeyində digər əsgərlər də əsas amallarının torpaqlarımızı işğaldan azad etmək olduğunu deyirlər.

"Azərbaycan Ordusu"