Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Oktyabr 2019 09:53

“Qəhrəmanlar ölmür” adlı tədbir keçirildi

Bu günlərdə AMEA-nın Milli Azərbaycan Tarix Muzeyində "Qarabağ müharibəsi şəhidlərini tanıyaq" layihəsi çərçivəsində "Qəhrəmanlar ölmür" adlı tədbir keçirildi. Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsi, Veteran Tankçılar Birliyi və Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi 140 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Qarabağ müharibəsi veteranları, qaziləri, şəhid ailələri, məktəblilər, qurumun əməkdaşları və gənc  alimlər iştirak etdilər. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın Milli qəhrəmanlarının tanıdılması, onların keçdiyi döyüş yolu barədə ictimaiyyətə və gənc nəslə geniş, dolğun məlumatların çatdırılmasıdır.

"Qəhrəmanlar ölmür" adlı tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. 

Tədbiri giriş sözü ilə açan muzeyin elmi-fond işləri üzrə direktor müavini, dosent, tarix üzrə fəlsəfə doktoru Məhfuzə Zeynalova belə tədbirlərin gənc nəslin vətənpərvər ruhda böyüyüb formalaşmasında böyük əhəmiyyəti olduğunu vurğuladı. Muzeydə mütəmadi olaraq Azərbaycan sərkərdələrinə, hərbi şəxsiyyətlərinə, ata-babalarımızın şanlı döyüş yollarına və Qarabağ müharibəsi qəhrəmanlarına həsr olunmuş silsilə tədbirlərin keçirildiyini dedi.

Sonra muzeyin aparıcı elmi işçisi, dosent, tarix üzrə fəlsəfə doktoru Bəhram Kərimov "Qarabağ müharibəsi şəhidlərini tanıyaq" layihəsi çərçivəsində keçirilən tədbirlərdən qısa məlumat verərək bildirdi ki, muzeydə Bakı şəhər məktəbləri ilə birlikdə  Milli qəhrəmanlarımız Rafiq Nəsrəddinov, Şahlar Şükürov, Mübariz İbrahimov, Samid İmanov, Murad Mirzəyev və başqalarının xatirə mərasimləri təşkil olunub. "Hər il aprel ayında Azərbaycan Ordusunun zəfər yürüşü olan 2016-cı ilin Aprel döyüşləri ilə bağlı həmin döyüşlərin iştirakçılarına tələbə və məktəblilərlə birlikdə dəyirmi masalar, disputlar təşkil edirik. Bu layihə çərçivəsində Qarabağ müharibəsi qəhrəmanlarının şəxsi əşyaları toplanmışdır. Eyni zamanda, muzeyimizin əməkdaşları layihə çərçivəsində bölgələrimizdə mütəmadi olaraq tədbirlər də keçirir, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərimizi təbliğ edirlər. Bu il  Biləsuvar şəhər Mübariz İbrahimov adına lisey-məktəb kompleksində və Neftçala şəhər 1 saylı tam orta məktəbində Gənclər Fondunun dəstəyilə icra olunan "Milli qəhrəmanlarımızı tanıyaq və tanıdaq" layihəsi üzrə tədbir və inşa müsabiqəsi keçirilmişdir. Həmin proqram üzrə Milli qəhrəmanlar Mübariz İbrahimov və Samid İmanovun valideynləri, ailə üzvləri ilə görüşlər təşkil olunub.  Milli Qəhrəman Samid İmanovun ailəsi tərəfindən onun hərbi geyim forması muzeyimizə təqdim edilib."

Veteran Tankçılar Birliyinin sədri ehtiyatda olan kapitan Hacı Əzimov  Qarabağ müharibəsində keçdiyi döyüş yolundan danışaraq, xidmət etdiyi taborun Milli qəhrəmanları Şövqiyar Abdullayev, Albert Aqarunov və Əsəd Əhmədovun döyüşlərdə göstərdiyi əsgəri şücaət nümunələrindən söhbət açdı və onların həyat yolunun gənclərimizə örnək olduğunu dedi. 

Qarabağ qaziləri Arif Nağıyev və Vitali Hüseynov Qarabağ müharibəsinin hələ bitmədiyini, Ali Baş Komandanın ətrafında sıx birləşərək, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan tarixi torpaqlarımızın azadlığı uğrunda  müqəddəs döyüşlərə hər an hazır olduqlarını vurğuladılar.

Sonda tədbir iştirakçılarına "Birinci Səbail tank taboru" adlı sənədli film və məktəblilərin hazırladığı ədəbi-bədii proqram nümayiş olundu. Şəhidlərimizə, Vətənə, torpağa həsr edilən şeir  və mahnılar səsləndirildi.

 

Lalə HÜSEYNOVA,  "Azərbaycan Ordusu"