Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Oktyabr 2019 09:50

“Əldə etdiyimiz nailiyyətlər bizi qələbəyə daha da yaxınlaşdırır”

Xalqımızın ümummilli lideri Heydər Əliyev idmanın inkişafına və onun maddi-texniki bazasının genişləndirilməsinə, idmançılara dövlət səviyyəsində qayğı göstərilməsinə xüsusi diqqət yetirmiş, fiziki cəhətdən sağlam gənc nəslin formalaşması məsələsini daim nəzarətdə saxlamışdır. Bu siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir.

İdmançılarımız ölkəmizi beynəlxalq turnirlərdə layiqincə təmsil edirlər. Oktyabrın 1-dən 9-dək Gürcüstan Respublikasının Tbilisi şəhərində keçirilən pauerliftinq idman növünün sinədən ağırlıq qaldırma üzrə (Bencpress) dünya çempionatında idmançılarımız birinciliyi qazanaraq, üçrəngli bayrağımızı dalğalandırdılar. 

Yarışın iştirakçısı və çempionu olan kapitan Tural Babayev 1990-cı ildən idmanın ağır atletika növü ilə məşğul olur. Ölkə üzrə bir neçə nailiyyətlər əldə edən idmançı hazırda 6 qat respublika çempionudur. O həmçinin gir qaldırma, kounkşin karate, qol güləşi yarışlarında da ordumuzu layiqincə təmsil edib. 

"Tbilisi şəhərində keçirilən pauerliftinq üzrə dünya çempionatında üzərimə böyük məsuliyyət düşürdü, - deyə zabit söhbətə başladı. - Mənim çəkimdə - 125 kiloqramda yarışa iki erməni idmançısı da qatılmışdı. Məğlub ola bilməzdim. Bu yarışın birincisi olmağı qarşıma məqsəd qoymuşdum. Polkovnik Sadiq Paşayev və polkovnik-leytenant Zal Nəbiyev mənə öz dəstəklərini əsirgəmirdilər. Onlar öz tövsiyələri ilə ruh yüksəkliyimi və özümə inamı artırdılar. 330 kq-lıq ağırlığı qaldıraraq, pauerliftinq üzrə dünya çempionatının birincisi oldum. Qələbəmə görə üçrəngli bayrağımız dalğalandırıldı, Dövlət himnimiz səsləndirildi. Onu da bildirim ki, erməni idmançısının biri himnimiz səsləndiyi anda pyedestalı tərk etdi. Onun bu hərəkəti təkcə idmançıya yaraşmayan hərəkət kimi deyil, həm də etik normaları pozmaq kimi qiymətləndirildi. Həmin idmançının simasında bütün dünya erməni millətinin nə qədər pis niyyətli, xain olduğunu bir daha gördü". 

Kapitan Tural Babayev onu da qeyd etdi ki, idmanın bütün növlərində travma almaq mümkündür. “Ancaq pauerliftinqdə, başlanğıcında travma alaraq, karyeranı başa vura bilərsən. Bu səbəbdən hər an ehtiyatlı olmalısan. Çünki ştanqın əlindən düşməsi arzuolunmaz nəticəyə gətirib çıxarda bilər.”

İdmançılarımız alpinizm üzrə də Azərbaycan Ordusunu beynəlxalq arenada layiqincə təmsil edərək, dünyanın ən uca zirvələrinə ekspedisiyalar təşkil edirlər. Bu yaxınlarda Müdafiə nazirinin müvafiq əmrinə əsasən, sentyabrın 2-dən 18-dək Gürcüstanın Svanetiya rayonuna yollanan bir qrup hərbçi alpinistimiz müvəffəqiyyətlə geri dönüblər. Ekspedisiya zamanı qarşılaşdıqları çətinliklər və keçirdikləri hissləri öyrənmək məqsədi ilə idmançılarımızla həmsöhbət olduq. 

- Yuxarı komandanlığın müvafiq əmrinə əsasən, Gürcüstan Respublikasının ərazisində yerləşən Kazbek (5054 m) və Uşba (4710 m) zirvələrini fəth etmək üçün "Azərbaycan Ordusu Hərbi Hava Qüvvələri" adlı beş nəfərlik ekspedisiya təşkil olundu, - deyə polkovnik-leytenant Zal Nəbiyev söhbətə başladı. - Azərbaycan Alpinizm Federasiyası psixoloji və fiziki dəstəyini bizdən əsirgəmədi. Azərbaycan Ordusundan iki zabit - polkovnik-leytenant Zal Nəbiyev, baş leytenant Ülvi Məmmədli, Azərbaycan Alpinizm Federasiyasından iki alpinist - Qərib Tağızadə, Firuz Dadaşov və bir nəfər həvəskar alpinist - Fərid Novruzi Gürcüstanın ikinci ən uca zirvəsini fəth etmək üçün yola düşdük. 16 günlük ekspedisiya zamanı hava şəraiti kəskin soyuq, marşrut isə çətin idi. Buna baxmayaraq, hər birimiz məqsədə doğru əzmkarlıqla irəlilədik. Azərbaycan Respublikasının və Azərbaycan Ordusunun bayraqlarını şərəflə Kazbek və Uşba zirvələrində dalğalandırdıq. Ekspedisiya zamanı anladım ki, dağlar, həqiqətən də əzəmətlidir və dağlar cəsurluğu sevmir. Çünki ani düşünülməz addım nəinki özünü, ətrafındakıları da çıxılmaz vəziyyətə sala bilər. Alpinizm yeganə idman növlərindəndir ki, burada insan özü-özünə qalib gəlir. Ekspedisiyanı təşkil etdiklərinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığımı bildirirəm. 

Söhbətimizə qoşulan baş leytenant Ülvi Məmmədli bildirdi ki, alpinizmdə üç cür hazırlıq vardır: ekspedisiyaya qabaqcadan hazırlıq, ekspedisiyaqabağı hazırlıq və ekspedisiyanın ümumi hazırlığı. “Ekspedisiyaya qabaqcadan hazırlıq zamanı ekspedisiyada iştirak edən təlimatçıların, tələbələrin və xilasedicilərin bütün təchizatları, nəzəri və praktiki bilikləri yoxlanılır. Ekspedisiyaqabağı hazırlıq zirvə yürüşünə və ya digər düşərgəyə yollanmazdan 40 dəqiqə əvvəl aparılır. Ekspedisiyanın ümumi hazırlığı ayda bir dəfə klub rəhbərləri və təlimatçılar tərəfindən konfrans şəklində keçirilir. Burada bütün səhvlər təhlil edilir. Bu zaman əvvəllər keçilən marşrutların bəzi tərəfləri təhlil olunur. Növbəti ekspedisiya zamanı bənzər səhvlərin təkrar olunmaması üçün lazımi tədbirlər görülür.” 

- Ekspedisiyaya yollandıqdan sonra, ilk növbədə, yüksəklik adaptasiyası məqsədi ilə dəniz səviyyəsindən 5054 metr yüksəklikdə yerləşən Kazbek zirvəsinə qalxdıq, - baş leytenant Ülvi Məmmədli söhbətini davam etdirdi. - Kazbek zirvəsini fəth etdikdən sonra qarşıda daha çətin və ağır tapşırıq dayanırdı. Qafqazın ən təhlükəli və gözəl zirvələrindən biri olan Uşba zirvəsinə qalxmalı idik. Adaptasiya müddətindən sonra geri - Tbilisi şəhərinə yollandıq. Burada bizi üçgünlük 4100 metrlik yol gözləyirdi. İlk olaraq yolumuz meşə massivindən, sonra isə böyük çatlardan ibarət, həyat təhlükəsi ilə dolu buzlaqlardan keçdi. Bütün çətinliklərin öhdəsindən gələrək, zirvəyə doğru yola düşdük və üçrəngli bayrağımızı burada da dalğalandırdıq. Uşba zirvəsinin ətəyi buzlu olduğundan enəndə çətin vəziyyətlə üzləşdik. İllərdir alpinizm ilə məşğul olmağıma baxmayaraq, təxminən 30 metr sürüşdüm. Köməyimə buza qoyulan dayaq yetişdi. Bir daha idmanın bu növündə təchizatın nə qədər önəmli olduğunu dərk etdim. Hər bir şəxs alpinizmə başlayanda ilk olaraq ləvazimatlara inamsız yanaşır. Özündən asılı olmayaraq təchizatların təhlükəsizliyini təmin edəcəyi şübhə altında olur. Ancaq təlimlər zamanı bu hiss keçir. Alpinizmlə məşğul olmağa başladığım vaxtdan instruktorumun sözləri heç vaxt yadımdan çıxmaz. O deyərdi ki, alpinist bir qoca olur, bir də cəsur. Cəsur alpinist isə qoca olmur. İllərdir dünyanın ən hündür zirvələrini fəth edərək bu cümlənin mənasını anladım. Başa düşdüm ki, dağlarda cəsurluqla deyil, ağıl və illərin təcrübəsinə əsaslanaraq hərəkət etməlisən. Bəzən düzünə bir metr yol qət etmək üçün on metr dolayı yolla getməyi seçməlisən. Alpinizmdə qazandığım təcrübə ve biliklərimə görə təlimatçım Mixayl Zərbaylova, Rüfət Qocayevə, Firuz Dadaşova, Şamil Xuda minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Növbəti il üçün planlarından danışan zabitlər Z.Nəbiyev və Ü.Məmmədli bildirdilər ki, qarşıda onları Lenin (indiki İbn Sina zirvəsi), Pobeda, Kommunizm (indiki İsmayıl Samani zirvəsi), Korjenevskiy və Xan-Tenqri kimi zirvələr gözləyir. "2020-ci ildə ümummilli lider Heydər Əliyevin doğum günü münasibəti ilə Nepal Federativ Demokratik Respublikasının ərazisində yerləşən Himalay dağlarının 6000-7000 metrlik zirvələrini fəth etməyi, Azərbaycan Ordusunun yaranması ilə əlaqədar olaraq, Pamir dağ sistemində yerləşən Lenin zirvəsinə Lipkin marşrutu ilə getməyi planlaşdırırıq. Niyə məhz Lipkin marşrutu? sualı ortaya çıxa bilər. Lipkin SSRİ-nin ən güclü təyyarəçisi olub və həmin dağlarda qəzaya uğrayıb. Bu səbəbdən zirvəyə Lipkin marşrutu ilə qalxaraq, Razdelni marşrutu ilə geri qayıtmağı nəzərdə tutmuşuq." 

- Azərbaycan Respublikasının üçrəngli bayrağını dalğalandırmaq, Dövlət himnini səsləndirmək, ordumuzun şan-şöhrətini bundan sonra da dünyaya yaymaq hər birimiz üçün müqəddəs və şərəfli vəzifədir, - polkovnik-leytenant Zal Nəbiyev sözünə davam etdi. - Bilirik ki, istənilən sahədə əldə etdiyimiz nailiyyətlər bizi qələbəyə daha da yaxınlaşdırır. İnanırıq ki, illərlə qazandığımız bilik və təcrübələrimizi tezliklə işğal altında olan torpaqlarımızı azad edəcəyimiz döyüşdə tətbiq edəcəyik. 


Ruslan HƏSƏNZADƏ,  "Azərbaycan Ordusu", 

fotolar Namiq PƏNAHOVUNDUR