Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Oktyabr 2019 09:44

Artilleriyaçılarımız döyüş əmrinə hər an hazırdırlar

Ali Baş Komandan İlham ƏLİYEV: Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Biz bundan sonra da öz döyüş potensialımızı artıracağıq. Hazırda Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Son vaxtlar əldə etdiyimiz silah, texnika deməyə əsas verir ki, biz istənilən vəzifəni icra edə bilərik.

 

Artilleriyanın döyüşlərdə hansı rola malik olduğunu və hansı gücü nümayiş etdirdiyini şərh etməyə ehtiyac yoxdur. Artilleriya ilə bağlı söylənilən ifadələr zaman-zaman hərb meydanlarında sınaqdan çıxaraq təsdiqini tapıb. Düşmənin strateji hədəflərinin uzaq məsafədən məhv edilməsində topçuların yüksək döyüş bacarığı mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan Ordusunda artilleriya qüvvələrinə xüsusi önəm verilir və qoşun xidmətində bu sahənin daha da gücləndirilməsinə qayğı və diqqət göstərilir. Təbii ki, burada şəxsi heyətin komplektləşdirilməsində zabit və əsgərlərin vəzifə bölgüsünün düzgün aparılmasından çox şey asılıdır. Artilleriyanın yeni texnika, müasir silah-sursatla təmin olunması da həlledici amillərdən biridir. Müasir texnika ilə yanaşı, orduya yeni çağırılan gənclərin döyüş bacarıqlarının təkmilləşdirilməsinə və onlara hərbi vərdişlərin düzgün aşılanmasına ciddi önəm verilir.

Cəbhə xəttində yerləşən "N" hərbi hissəsində bütün bu deyilənlərin bir daha canlı şahidi olduq.  Divizionun təlim meydanındakı canlanma gözümüzdən yayınmır. Şəxsi heyət növbəti səhra çıxışına hazırlaşırdı. Onlar ərazini necə qoruyacaqlarını, bununla da nəyə qadir olduqlarını göstərəcəkdilər. 

Hərbi hissənin zabiti Anar Baxışov batareyaların tədris planına uyğun olaraq şəxsi heyətin dərsin mövzusunu mənimsəmək üçün praktik məşğələlərə toplaşdığını dedi: "Azərbaycan Ordusunda döyüş hazırlığının daima yüksəldilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi  qarşımızda dayanan başlıca vəzifələrdir. Ordunun döyüş potensialında xüsusi çəkisi olan artilleriya bölmələrimiz peşəkarlığını gündən-günə artırır. Tarix boyu müharibə meydanlarında öz sözlərini demiş topçularımızın qəhrəmanlıq ənənələrini bu gün uğurla davam etdirən müasir Azərbaycan Ordusunun artilleriyaçıları döyüş hazırlığı sahəsində yeni-yeni nailiyyətlər qazanırlar. Hər zaman qürurla xatırladığımız tam artilleriya generalları Səməd bəy Mehmandarov və Əlağa Şıxlinski kimi sərkərdələrimizin adı Azərbaycan hərb tarixinin səhifələrinə qızıl hərflərlə həkk olunub. Dünya şöhrətli sərkərdələrimizin davamçıları olan artilleriyaçı zabit və əsgərlərimiz Vətənimizə şərəflə xidmət edir, peşəkarlıqlarını gündən-günə artırmaqla,  Ali Baş Komandanın döyüş əmrinə hər an hazırdırlar."

Budur, şəxsi heyət döyüş hazırlığı məşğələsində peşə vərdişlərini artırmaq üçün toplanıb. Hər bir heyət nəfəri öz vəzifəsinin öhdəsindən bacarıqla gəlməyə və "düşmən" üzərinə atılacaq mərmilərin istiqamətini xüsusi cihazın vasitəsilə müəyyənləşdirməyə çalışır. Təlim-məşq zamanı komandirin verdiyi tapşırıqlar şəxsi heyət tərəfindən dəqiqliklə yerinə yetirilirdi. Onlar komandirin göstərişlərinə düzgün əməl etməklə, döyüş vərdişlərini daha da möhkəmləndirirdilər. 

- Döyüş əmri verilərsə, topçular komandirlərin tapşırıqlarını əzmlə yerinə yetirməyə qadirdirlər, - deyə təlim-məşq toplantısının cavabdeh zabitlərindən biri Ləyaqət Kazımlı bildirdi. "Hazırda artilleriya bölməsində atışın idarə olunması məşğələsi keçirilir. Təlim-məşqlərdə müxtəlif mövzularda peşə vərdişləri qazanılır. Bugünkü dərsin keçirilməsində əsas məqsəd isə düşmənin döyüş zamanı canlı qüvvə və atəş vasitələrini, eləcə də döyüş texnikalarını susdurmaq, onları məhv etmək mövzusunu əhatə etməklə, şəxsi heyətin bilik və bacarığını artırmaqdır."

Öyrənirəm ki,  artilleriya divizionunun zabiti Ləyaqət Kazımlı Aprel döyüşlərinin fəal iştirakçısı olub. O, nümunəvi xidmətinə görə dəfələrlə fəxri fərmanlara layiq  görülüb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini artilleriya ixtisası üzrə bitirib.

Təlim-məşq davam edir. Topçular komandirin əmri ilə tez bir zamanda artilleriya silahını döyüşə hazır vəziyyətə gətirirlər. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliqismət Səfərlinin zəruri olan əmr və tapşırıqlarını  əsgərlər Bəhrəm Ağazadə, Murad Məmmədov, Yusif Məhərrəmov cəld və çevik yerinə yetirdilər. Onlar lazımi cihaz və qurğuları, ümumilikdə texnikanı döyüş vəziyyətinə gətirdikdən sonra komandirə raport verdilər.

Təlim-məşq zamanı sürücü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Elşən Adilovun, əsgərlər Alı Məmmədlinin,  Seyran Hacıyevin verilən hər bir əmr və tapşırığı tez və dəqiqliklə yerinə yetirməsi diqqətimizdən yayınmır. Əminliklə qeyd etmək olar ki, bu onların daima öz üzərlərində çalışmalarının göstəricisiydi.

Baş leytenant Amil Əliyev  mütəmadi olaraq keçirilən təlimlərdə bütün heyət üzvlərinin  verilən tapşırıqları ən yüksək səviyyədə yerinə yetirdiyini dedi: "Təlim zamanı onların cəld və çevik hərəkətləri bizə  əminliklə onu deməyə əsas verir ki, belə əsgərlərlə döyüş meydanlarında yalnız qələbə qazanmaq olar. Bütün bölmələrdə topçularımızın döyüş hazırlığı ən yüksək səviyyədədir. Bizim ən ali məqsədimiz düşmən işğalında olan torpaqlarımızın tezliklə azadlığına nail olmaqdır."

Baş leytenant Amil Əliyev Aprel döyüşlərinin iştirakçısı olduğunu və 2017-ci ildə Müdafiə Nazirliyinin artilleriya bölmələri arasında keçirilən yarışlarda  Silahlı Qüvvələr üzrə 2-ci yeri qazandığını da diqqətimizə çatdırdı.   

Əsgərlər Nicat Mikayılov, Əli Ağasıyev, Vasif Muradov və İsa Rzayev praktiki məşğələdə xüsusi bacarıq nümayiş etdirərək, topçularımızın döyüşə hər an hazır olduqlarını  bir daha təsdiqlədilər.

Baş leytenant Nazim Kazımov Azərbaycan Ordusunda artilleriya qüvvələrinin xüsusi yeri olduğunu dedi: "Bu gün ordumuzun silahlanmasına ən müasir artilleriya silahları daxil edilir. Ordumuz çox güclüdür. Şəxsi heyətin döyüş bacarığı günbəgün artır. Keçirilən təlimlərdə şəxsi heyət öz döyüş bacarığını nümayiş etdirir. Bütün bunlar bizə onu deməyə əsas verir ki, ordumuz qısa vaxtda torpaqlarımızı düşmən tapdağından azad etməyə  hər an hazırdır." 

Azərbaycanımızın ərazi bütövlüyünün bərpa olunması təkcə ordumuzun əsgər və zabitlərinin deyil, bütün ölkə vətəndaşının qarşısında dayanan əsas vəzifədir. İnanırıq ki, döyüş qüdrətini artıran Azərbaycan Ordusu Ali Baş Komandanın əmrini istənilən vaxt yerinə yetirməyə hazırdır. 

 

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu",

fotolar Rəşad ƏMRAHOVUNDUR