Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Oktyabr 2019 10:48

Əkiz qardaşım - əsgər yoldaşım

Bu ilin payızından umacağımız çoxdu: payız bar-bərəkət fəslidi, duyğularımızın, düşüncələrimizin, istəyimizin, murazımızın bərəkətli olmasının arzusundayıq.
Oğullar böyüyür...
Yeniyetmələr çağırışçı olur...
Çağırışçılar hərbi xidmətə gedir. Həmin gün çağırışçının ata-anasının, əzizlərinin sevinci aşıb-daşır, kükrəyir, ürək bu boyda sevincə darlıq edir. Bu sevinci öz sevinci bilənlər sabahdan əsgər olacaq oğulun ata-anasına gözaydınlığı verir...
Eyni gündə iki oğlu hərbi xidmətə gedən anaların duyğularını təsvir etməyə qüdrətim çatmayacaq...
Müxtəlif vaxtlarda müxtəlif  yerlərdə əkiz qardaşlar görmüşəm.
Əkiz qardaşlar görmüşəm ki, birinin digərinə bənzəri yoxdu, birini digərindən ayırd edə bilmədiklərim də olub. Oxşarlıq tapa bilməyəndə də heyrətlənmişəm, ayırd edə bilməyəndə də.  Hər dəfə də əkizlərin incə, qılıqcıl təbəssümüylə əhatələnmişəm...
Ön xətdə "N" hərbi hissəsində ezamiyyətdəydim. "Vaxt  üstümüzdən yel kimi keçməmişdi" (S.Vurğun), səngərdə zabitlərlə, əsgərlərlə səmimi söhbətləşmişdik. Adətimcə, söhbətləşdiklərimin - söz soruşub cavab aldıqlarımın, mükalimələşəndə fikir deyənlərin ad-soyadını sonda soruşuram. İndi də sonu gözlədim. Əsgərlərdən biri "Murad Hüseynov", - dedi, biri "Nurlan Şərifov", biri "Ruslan Şərifov", - dedi. Onda sövq-təbii soruşdum ki, Nurlanla qohumsunuzmu? "Yox", - dedilər. "Qohum deyilik, qardaşıq, həm də əkiz qardaşıq". Ön xətdə əkiz qardaşlara ilk dəfə rast gəlirdim. Bu ələdüşməz təsadüf könlümü telləndirdi...
Nurlanla Ruslanın zahirən bir-birinə o qədər də bənzəri yoxdu. Tanımasan, məxsusi diqqət yetirməsən, onlarda gözlərindən, baxışlarından savayı ortaq heç nə müəyyənləşdirə bilməzsən.
Qəbələnin Cığatelli kəndindəndirlər. 2000-ci il dekabrın 24-də dünyaya gəliblər. Eyni gündə məktəbə gediblər, eyni sinifdə oxuyublar, eyni gündə hərbi xidmətə çağırılıblar, eyni  gündə Hərbi and içiblər, indi eyni taqımda xidmət edirlər, eyni vaxtda döyüş növbətçiliyinə gedirlər. Necə deyərlər, 19 ildi nəfəs nəfəsədirlər. Aqil insanların dediyi kimi, qardaşdırlar, müqayisəyəgəlməz səmimiyyətlə yoldaşdırlar, həm də əkiz qardaşdırlar, həm də hərbi xidmət yoldaşıdırlar; eyni gündə tərxis olunacaqlar.
Leytenant Nəsimi Həsənli dedi ki, qardaşların ikisi də nümunəvi xidmət edir, hər ikisi döyüş növbətçiliyini yüksək məsuliyyətlə aparır. Nurlan bir qədər dilavərdi, hərdən sözarası deyir ki, mən Ruslandan böyüyəm. Deyir və gülümsünür. Nəsimi də gülüm-sündü. Onun təbəssümünü Nurlanın təbəssümünə bənzətdim:
- Nurlan o qədər də hiss edilməyən boyunun uca olmasını nəzərdə tutur, - leytenantın dediklərini Nurlanın iddiasına izah bildim, dodaqlarım "qaçdı"...
- Xalqımız xalq kimi formalaşandan bəri - bu müddət min illərlə ölçülür - bütün tarixi dövrlərdə cəmiyyətdə münasibətlər özündən böyüyə hörmət, ehtiram psixologiyasına əsaslanıb. Bu münasibəti bəşəri münasibət kimi digər xalqlar da dəyərləndirib; "böyük-kiçik" münasibəti həmişə milli xarakterin, milli köklərə söykənən təfəkkürün tərkib hissələrindən biri kimi yaşadılır, yaşadılacaq.
- Qardaşıq, həm də dostuq. Nə qardaş olaraq, nə də dost olaraq heç zaman sözümüz haçalaşmayıb, -  Nurlan belə dedi.
- Belə münasibət ata-ana öyüd-nəsihətiydi. Bu öyüd-nəsihət hərbi xidmətlə tamamlandı, - Ruslan dedi...
Dörd nəfəriydik: leytenant Nəsimi Həsənli, Nurlan, Ruslan, mən. Səmimi söhbətləşirdik, bu iki əsgər uşaqlığından, yeniyetməliyindən danışmışdı; çağırışçı olduqları illəri də xatırladılar.
- 2016-cı ilin Aprel döyüşlərində orta məktəbdə oxuyurduq. Əsgərlərimizin qazandığı qələbələr bizim də qürurumuz oldu. O günlərdə hamı kimi biz də döyüşlərlə nəfəs alırdıq, özümüzü xəyalən əsgərlərimizin sırasında hiss edirdik, - Nurlan dedi.
- Həmin dörd-beş gün bizi, biz yaşda uşaqları əsgərləşdirdi, - Ruslan dedi.
- Onda Ruslan dedi ki, ordumuz Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımızı işğaldan tamamilə azad edəcək. Hamımızın barmaqları yumruqlaşdı, - Nurlan dedi.
- Nurlan dedi ki, biz belə bir ordunun əsgəri olacağıq, - Ruslan dedi. Hər ikisi dedi ki, biz əsgərik, Hərbi andın tələblərinə ciddi əməl edirik, zabitlərin əmr və göstərişlərini məsuliyyətlə yerinə yetiririk...
Biz də evə qalib əsgər kimi dönmək istəyirik.
- Ananız iki qalib əsgər oğulun hansını əvvəl bağırına basacaq görəsən? - soruşdum. Cavab gözləmədən "Yəqin ki, bir qolu birinizi, o biri qolu o birinizi bağrına basacaq", - dedim. Əkiz qardaşlar tərəddüd etmədən "əlbəttə", - dedilər.
Ruslan Nurlana, Nurlan Ruslana bir ömür qardaşım - əsgər yoldaşım  deyəcək. Bir daha təsdiqlənəcək ki, əkiz qardaşlar da əsgər yoldaşlığıyla, əsgər dostluğuyla qürurlanırlar. Nurlan da, Ruslan da "əkiz qardaşım - əsgər yoldaşım" misrasını bir ömrün nəqəratı biləcək.

Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR