Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Oktyabr 2019 10:43

Müqəddəs vəzifəni yerinə yetirirəm - Vətəni qoruyuram

Qara qaya səmtində buludlar sıxlaşanda narahat olmağım leytenant Nəsimi Həsənlinin diqqətindən yayınmayıbmış. Qayğıkeşliklə, bir qədər də ərklə dedi ki, narahat olmayın, yağış yağmayacaq. Xidmətim müddətində ərazini də yaxşı tanımışam, təbiəti də. O buludlar yağış buludu deyil...
Yağış yağmadı. Əsgərlərlə səngərli söhbətlərimiz könül xoşluğuyla keçdi.
Nəsimiylə də söhbətləşə bildik.
Nəsimi Beyləqanın Ağayrı kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Hərbçi olmağı uşaqlıqdan qərara alıb. Bu da səbəbsiz deyil. Əmisi Anar ikinci Kəlbəcər əməliyyatında döyüşlərdə itkin düşmüşdü. Ata-anasından eşitmişdi. Bu, onun uşaq təfəkküründə qəribə duyğular yaratmışdı, bəlkə də müharibənin nə olduğunu o illərdə anlamışdı Nəsimi, özünə də bəlli deyil. Bəlli olan budur ki, Nəsiminin könül mülkündə bir istək qımıldanmışdı - hərbçi olmaq. Bu istəyi həm də qohumlarının hərbçi olmasına söykənirdi. Onları hərbi mundirdə görəndə Nəsiminin istəyi daha da kükrəyirdi. Ata-anası onun istəyinə xeyir-dua verdi.
Aradan illər keçib. Leytenant Nəsimi Həsənlidən soruşanda ki, əmin döyüşlərdə itkin düşməsəydi, hərbçi olmağı qərara alardınmı? Tərəddüd etmədən dedi ki, bəlkə də bu hadisə mənim peşə seçimimdə müəyyən qədər rol oynayıb. “Ancaq məktəbdə oxuyanda müəllimlərimdən eşitdiklərimin, oxuyub öyrəndiklərimin təsiri daha çox oldu - Meşəli, Ağdaban, Bağanıs Ayrım, Xocalı faciələrini eşitdim. Bundan sonra qətiyyətlə hərbçi olmağı qərara aldım.
2016-cı ilin Aprel döyüşlərində biz də döyüşə getmək istədik. Təbii ki, buna icazə vermədilər. "O döyüşlərdə hərbçilərimizin qazandığı qələbələri biz tamamlayacağıq!" - fikri, amalı təsəllimiz oldu - Nəsimi belə dedi.
- Leytenant rütbəsi aldığım günü heç zaman unutmayacam. O gün uşaqlığımdan xəyalımda olan bir istəyim gerçəkləşmişdi, - Nəsiminin qürurunu sezmək çətin deyil. Bu qürur hərbçi qürurudu. Bu qürur Ali Baş Komandanın əmriylə döyüşəcək zabitin qürurudur, bu qürur qalib gəlmə istəyinin qürurudur...
- Ön xətdə xidmət etmək mənə çox şey öyrətdi. Vətənin müqəddəsliyini ön xətdə daha həssaslıqla hiss etdim...", - Nəsiminin qənaətini ön xətdə xidmət edənlərin hamısının qənaəti bilirəm. Leytenant Nəsimi Həsənli dedi ki, döyüş növbətçiliyi aparan əsgərlərimiz də bu duyğularla xidmət edirlər...
Gənc zabit ordumuzun 100 illiyinə həsr olunmuş paradı xatılayaraq dedi ki, o parad qüdrətin paradıydı. Böyük Qələbədən sonra keçiriləcək parad daha möhtəşəm olacaq. Bu inamla xidmət edən zabitin amalı, əqidəsi əsgərlərin də düşüncələrinə köçür, şübhəsiz.  Əsgərlərdə komandirlərinə ehtiram, sevgi gördüm. Bir daha əmin oldum ki, gənc zabit üçün hərbi xidmət ömür deməkdir...

Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"