Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Oktyabr 2019 10:43

Azərbaycan Prezidenti İlham ƏLİYEV: Ərazi bütövlüyümüzlə bağlı heç bir kompromisdən söhbət gedə bilməz

Bu gün Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının uğurlu icrasını hər bir vətəndaş öz həyatında hiss edir. Bu baxımdan qaçqın və məcburi köçkünlərə göstərilən xüsusi qayğı da böyük əhəmiyyət daşıyır. Ulu öndər Heydər Əliyev bu qəbildən olan insanlara daim diqqət və qayğı ilə yanaşıb, onların sosial müdafiəsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görüb.
Prezident    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da fəaliyyətlərində qaçqın və məcburi köçkünlərə diqqət və qayğını davam etdirirlər. 2003-cü ildən bu günədək Prezident    İlham Əliyev qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı 70-dən çox fərman və sərəncam imzalayıb, bir çox proqramlar qəbul edilib. Nəticədə dövlət səviyyəsində bu istiqamətdə atılan addımlarla qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirilib.
Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-2" yaşayış kompleksi də ölkə rəhbərliyinin bu qəbildən olan fəaliyyətinin tərkib hissəsidir.
Oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-2" yaşayış kompleksinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Komplekslə yaxından tanış olduqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəridə Cabbarovanın ailə üzvləri ilə görüşüb söhbət ediblər.
Söhbət zamanı Prezident İlham Əliyev bu qəbildən olan komplekslərin tikintisini və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımları Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının əsas xarakterik xüsusiyyətlərindən biri kimi dəyərləndirib. Azərbaycanda məcburi köçkünlərə göstərilən diqqət və qayğının səviyyəsini çox yüksək qiymətləndirən dövlət başçısı ölkəmizdə bu sahədə aparılan siyasətin bir nümunə kimi göstərildiyini qeyd edib. Prezident bildirib ki, bu bizim sosial siyasətimizin nəticəsidir və bundan sonra da ardıcıl olaraq bu siyasət aparılacaq: "O ki qaldı, şəhid ailələrinin sosial müdafiəsinə, bu, daim diqqət mərkəzindədir. Şəhid ailələri üçün həm maddi təminat təşkil edilib, eyni zamanda, onlara mənzillər verilir. Minlərlə şəhid ailəsi dövlət tərəfindən mənzillə təmin edilib. Qarabağ döyüşlərində fiziki imkanlarını itirmiş soydaşlarımıza bu il 600 avtomobil, son illərdə isə minlərlə avtomobil verilib. Mən deyə bilərəm ki, Azərbaycanda bu kateqoriyadan olan insanlara dövlət tərəfindən göstərilən qayğı doğrudan da bir örnəkdir. Çünki bu gün biz də, siz də bütün dünyada gedən prosesləri izləyirik, görürük ki, müxtəlif ölkələrdə qaçqınlar böhranı yaşanır, o cümlədən Avropada və o qaçqınlar hansı vəziyyətdə yaşayırlar. Onların bir çoxu dənizdə batır, bir çoxu isə elə bil ki, xüsusi qəfəs içində saxlanılır. Onlara qeyri-insani münasibət göstərilir, şəxsiyyəti alçaldılır və bir çoxları tamamilə yararsız yerlərdə yaşayır. Televizorda bunu görürük. Mən 2003-cü ildə bəyan etmişdim ki, prezident seçilərəmsə, ilk növbədə, qaçqın şəhərciklərini ləğv edəcəyəm. Çünki tamamilə bizə yaraşmayan bir mənzərə idi. Düzdür, o vaxta qədər bizim maddi imkanlarımız yox idi ki, bunu edək. Ona görə bunları biz 2007-ci ildə ləğv etdik, bir dənə də qalmadı. Ondan sonra keçdik yataqxanalara, məktəblərə, uyğunsuz binalarda yaşayan soydaşlarımızın problemlərinin həllinə. İndi hər il bu məqsədlə ancaq tikinti üçün yüz milyonlarla manat ayrılır. Bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək. Biz hamımız əminik ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bizim gücümüz də artır, əhalimiz də artır. Bu il 10 milyonuncu vətəndaş dünyaya gəlib.  İllər keçəcək, əhalimiz daha da artacaq, gücümüz daha da artacaq və istədiyimizə nail olacağıq."
Ölkə başçısı xüsusi vurğulayıb ki, bu yolda əsas məsələ bu gün hələ də işğal altında olan torpaqlar azad ediləndən sonra orada yeni binaların, kəndlərin, şəhərlərin salınmasıdır. "Bunu da biz edəcəyik, necə ki, vaxtilə işğal altında olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisində yerləşən Şıxarx qəsəbəsində bu gün gözəl bir şəhərcik salınıb. Orada da 1000-dən çox ailə məskunlaşıb. Aprel döyüşləri nəticəsində azad edilmiş torpaqlarda yeni qəsəbə salınıb - Cocuq Mərcanlı qəsəbəsi, hansı ki, bu gün Azərbaycan xalqının əyilməz ruhunun, iradəsinin təcəssümüdür. Evlərlə təmin edilmiş soydaşlarımız, - onların bir çoxu uzun illər Biləsuvarda salınmış köçkün şəhərciyində yaşayıb, - böyük həvəslə öz doğma torpaqlarına qayıdıblar. Bu gün orada həyat qaynayır, əkin-biçin prosesi gedir, abadlıq işləri aparılır, iş yerləri yaradılır".
Prezident İlham Əliyev onu da qeyd edib qeyd-şərtsiz Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. "Bizim ərazi bütövlüyümüz bütün dünya tərəfindən tanınır və biz ardıcıl olaraq bu istiqamətdə öz siyasətimizi aparırıq. Ərazi bütövlüyümüzlə bağlı heç bir kompromisdən söhbət gedə bilməz. Bu, danışıqlar mövzusu deyil və olmayacaq. Daha da güclü olmalıyıq və güclənirik. Həm iqtisadi gücümüz artır, eyni zamanda, vətəndaşlarımızın əyilməz iradəsi, öz yurdundan didərgin salınan soydaşlarımızın əzmi torpaqlarımızın azad olunacağı günü yaxınlaşdırır".
Sonda Azərbaycan Prezidenti İlham Əliyev "Valday" Diskussiya Klubunun növbəti iclasında etdiyi çıxışa da toxunub. "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cəmiyyətdə vahid yanaşma var. Bizim haqq işimizi mən bütün kürsülərdə arqumentlərlə, tarixi faktlarla, reallıqlarla, beynəlxalq hüquq əsasında müdafiə edirəm və bu arqumentlərə qarşı hər hansı bir irad tutmaq qeyri-mümkündür. Çünki mən həqiqəti deyirəm və bunu elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin. Ermənistanın baş naziri Xankəndidə yığılmış bir neçə adamın qarşısında o cəfəng sözləri demişdir. Mən başqa bir beynəlxalq tədbirdə ona cavab verə bilərdim. Amma o tədbirin auditoriyası tutaq ki, 1000 nəfər, 2000 nəfər olardı. Mən onu elə bir yerdə dedim ki, hər kəs eşitsin - canlı efirdə, Rusiyada, mötəbər "Valday" Klubunun panelində dedim və bunu bütün dünya eşitdi. Yəni, sizə deyim ki, əgər işlər məhz təmkinlə, ağılla qurulursa, zərbələr də dəqiq olur. Elə zərbə vuruldu ki, o zərbədən çətin ki, ayılsınlar. Çünki kontrarqument yoxdur, ancaq yalan-palan danışmaqla düzəlmir. Əvvəllər - münaqişə ilə bağlı məlumat olmayan dövrdə, əlbəttə, bütün yalanları yayırdılar. Hər bir ölkədə onların diaspor təşkilatları var idi, bizim isə heç nəyimiz yox idi. Ona görə münaqişə ilə bağlı təhrif edilmiş faktları onlar ortaya qoymuşlar və bir çox hallarda nail olmuşlar ki, onlara inansınlar. Bu gün biz informasiya dövründə, internet dövründə yaşayırıq. Həqiqət var və bunu mən çatdırmışam. Hər kəs bilir ki, aranlı-dağlı Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq tərəfindən tanınan Azərbaycan torpağıdır və Qarabağ Azərbaycandır və nida işarəsi, vəssalam".

"Azərbaycan Ordusu"