Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Oktyabr 2019 10:05

“Qəhrəman anası” kitabının təqdimat mərasimi keçirildi

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Əməkdar mədəniyyət işçisi Zəminə Xınalının Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə xanıma həsr etdiyi "Qəhrəman anası" kitabının təqdimat mərasimi keçirildi.
Tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Respublika Qadınlar Cəmiyyətinin və ictimaiyyətin nümayəndələri  iştirak edirdilər.
Ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin rəisi mayor İlkin Qayıbov tədbir iştirakçılarını salamladı, Zəminə Xınalıya yaradıcılığında uğurlar arzuladı.
Əməkdar mədəniyyət işçisi Zəminə Xınalı çıxışında təqdimat mərasiminin məhz "Beynəlxalq Müəllimlər Günü" ərəfəsində keçirilməsinin Rəfiqə Əsgərovanın pedaqoq olması ilə əlaqələndirərək bütün müəllimləri təbrik etdi. "Rəfiqə xanım deyəndə gözlərimizin önündə ağ saçlı, nurlu simalı mərd bir ana, vətənpərvər Azərbaycan qadını canlanır. O, ictimai xadim, pedaqoq, müəllim idi. Rəfiqə xanımın Vətən sevgisi, milli ruhu, qurub-yaratmaq həvəsini sizlərə izah etməyə söz tapmıram. Düşünürəm ki, bunun ən gözəl izahı qızı Milli Qəhrəman Gültəkin Əsgərovadır...
 Respublika Şəhid Anaları Cəmiyyətinə rəhbərlik edən qəhrəman anası təcrübəli pedaqoq alim kimi vaxtı ilə Sovet məkanında - Moskvada, Kiyevdə, Minskdə, Alma-Atada, Daşkənddə, Leninqradda, Tiflisdə məruzələr edərək xalqımızı layiqincə təmsil edib. Rəfiqə xanım Vətənə layiqli övladlar böyütməsi ilə qürurlanardı. Dövlətimizin şəhidlərə, şəhid ailələrinə olan diqqət və qayğısı idi onu yaşadan. Ən böyük arzusu Gültəkinin şəhid olduğu torpaqları ziyarət etmək idi. Ömür vəfa etmədi...".
Zəminə Xınalı Rəfiqə xanımla olan görüşlərini, xatirələrini də tədbir iştirakçıları ilə bölüşdü.
Kitabın ön söz yazarlarından biri olan Dilarə Ağamusa Nağıyeva-Muxtarova Rəfiqə xanımın ömür yoluna nəzər salaraq, son mənzilə zabitlərin çiynində yola salınmasından kövrəkliklə söz açdı. Zəminə Xınalının "Qəhrəman anası" kitabını şəhid anasının ruhuna dərin ehtiram bildi.
Tədbirdə Miri Həsənov, Zemfira Məhərrəmli, Həmid Cəfərov, Bahar Qasımova, Azər Hacıbəyli, Sucəddin Abdullayev, Yasəmən Möhübbət qızı, Yadulla Quliyev, Ələkbər Həşimov, Malik Əhməd oğlu, Abutel Mirzəyeva və başqaları  Zəminə xanımın yaradıcılığına nəzər saldılar, Milli Qəhrəman Gültəkin Əsgərovanın Vətən sevgisindən, qəhrəmanlığından danışdılar, Rəfiqə xanımla bağlı xatirələrini bölüşdülər.
Sonda tədbir iştirakçılarına "Qəhrəman ana" kitabı hədiyyə edildi, xatirə şəkli çəkildi.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR