Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Oktyabr 2019 10:18

Həsrətə, ayrılığa, işğala Azərbaycan əsgəri son qoyacaq...

Nəvəmi uzun müddət müalicə etdirsək də, sağalmırdı. Həkimlərdən birinin bu xəstəliyin müalicəsinin Naxçıvan Muxtar Respublikasındakı "Duzdağ"ında mümkün olduğunu deyəndən sonra ləngimədən yola hazırlaşdıq. Təyyarə ilə uçmaq mümkün olmadığından, Naxçıvana İran İslam Respublikasının ərazisindən keçməli olduq. Deməli, Araz boyu gedəcək, 26 illik ayrılıqdan sonra qoynunda dünyaya göz açdığım doğma yerləri uzaqdan da olsa görəcəkdim...
Qonşu dövlətin ərazisinə ayaq basanda günəş üfüqdən yenicə boylanırdı. Yollarsa uzandıqca uzanıb gedirdi. Beş saatdan sonra mənzil başına çatmalıydıq. İlk dəfə gördüyüm üçün ətrafa maraqla baxırdım. İki saatdan sonra Arazın sahilinə yaxın yerlərə çatdıq. Buradan ölkəmizin ərazisini asanlıqla seyr edə biləcəkdik. Vətən elə yaxından da, uzaqdan da gözəldir, adama çox doğmadır... Füzuli rayonunun kəndlərinin yaxınlığından keçirik. Qanlı döyüşlərin getdiyi vaxtlarda oralarda çox olmuşdum. İndi o kəndləri yaxınlarıma göstərərək: "Bax ora Kərimbəylidir, bura Yağlıvənddir, o tərəf Babıdır, bu isə Arayatlıdır...", - deyirəm.
Yuxarı getdikcə bayaq gördüyümüz gözəl mənzərələr sanki qeybə çəkilir. O gözəlliyin yerini ürək dağlayan səhnələr tutur. Dağıdılmış evlər, yandırılmış yurd yerləri, söndürülmüş ocaqlar sanki körpə kimi ağlayır. İlk olaraq gördüyümüz Cəbrayıl rayonunun bir vaxtlar axarlı-baxarlı olan bu kənd-kəsəklərinin sinəsinə ermənilər dağ çəkib, yandırıb dağıdıblar. Neçə illərdir bu gözəl torpaqlar işğalçıların murdar caynaqlarında qalıb inləyir. Kəndləri yandırıb dağıtmaqla kifayətlənməyən daşnaklar dərələri də, dağları da odlayıblar. Sanki torpağa, daşa da işgəncə veriblər. Bu kədərli mənzərələrə ürək ağrısı ilə baxıram. Ağrı-acının ağırlığından ürəyim sızıldayır. Ötüb arxada qalmış gözəl illərdə bu yerlərdən "Bakı-Qafan" qatarı ilə keçib gedər, vaqonların pəncərəsindən bir vaxtlar göz oxşayan, indi isə qan ağlayan bu yerləri seyr edərdik. O çağlarda bu kəndlərdə həyat var idi, insanlar arın-arxayın yaşayırdılar. İndi bu yerlər min illərin sükutuna dalıb. Xudafərin körpüsünün hüzünlü görünüşünə də elə eyni hüzünlə baxdım. Sanki min illərin tarixi əbədi olaraq donub burada qalmışdı.
Nə qədər o tərəf, bu tərəfə baxsam da, gözümə erməni işğalçıları dəymir. Yalnız beş-üç kilometrdən bir hündür yerlərdə yaşıl rəngdə keşikçi-gözətçi məntəqələri görünür. Yəqin ki, düşmən işğal etdiyi ərazilərə buradan nəzarət edir.
Yavaş-yavaş qoynunda dünyaya göz açdığım Zəngilan rayonuna yaxınlaşırıq. Xeyli irəli gedəndən sonra bir göl görürük. Əvvəllər burada belə bir şey yox idi. Böyük bir ərazini əhatə edən göl rayonun Havalı kəndinin ətəklərinə qədər gedib çıxır. Maşınımızı Həkəri çayının Araza qovuşduğu yerin tuşunda saxlayıb hündür bir təpənin üstünə çıxaraq buradan 26 ildir həsrətini çəkdiyim, nisgili ürəyimdə qubar bağlayan doğma ocaqlarımıza tərəf boylanıram. Nə qədər hündürlüyə qalxsam da, buradan heç nə görə bilmirəm. Sərhədə yaxın olan Havalı, Zərnəli kəndlərində bir neçə evin divarları güclə gözə dəyir. Oradan yuxarıda olan Məmmədbəyli və mənim doğulub böyüdüyüm Babaylı kəndinin isə izi-tozu da görsənmir. Heç elə bil nə vaxtsa buralarda kənd olmayıb. Heç elə bil buralarda insanlar yaşamayıblar. Heç elə bil bizim uşaqlığımız buralarda keçməyib. Kənd tərəfdən gözümü çəkib gecələr şırıltısı ilə bizə lay-lay çalan Həkəri çayına baxıram. Çayın sahili boyunca böyük yaşıl zolaqlıq uzanıb gedir. Aman Allah, bu anlarda hansı hisslər keçirirəm, nələr düşünürəm, hansı acıları yaşayıram? Bunu ancaq illərdən bəri doğma yurduna həsrət qalanlar bilər. Bu hissləri qələmə almaqda sanki qələm də, söz də acizdir. Həsrətdən ürəyim çırpınır, qəlbim titrəyir. Bu anlarda quş olub kəndimizə uçmaq, doğma ocaqlarımızı, yurd yerlərimizi görmək, əzizlərimizin məzarını ziyarət etmək keçir könlümdən. Uşaqlığım, gəncliyim keçən o doğma yerləri qarış-qarış gəzmək istəyirəm. Ötən illər kino lenti kimi gözlərimin qarşısından gəlib keçir. Çox qəribədir yaşadığımız həyat. Uşaqlıq illərində sıldırım qayaların üstünə çıxıb indi dayandığım bu yerlərə baxardıq. O vaxtlar buralar bizə nağıllar aləmi kimi görünərdi. Bu günsə buradan doğma ocaqlarımıza boylanıram. İndi də o yerlər mənə nağıllar aləmi kimi görünür.
Uzaqdan qoynunda doğulub boya-başa çatdığın, dədə-babanın məzarı qaldığı yerlərə baxmaq, oraların həsrətini çəkmək çox dəhşətlidir. Bu anlarda mənə elə gəlir ki, dünyada ən ağrılı-acılı bir şey varsa, o da doğma ocaqlarından didərgin düşməkdir. Buradan kəndimizə maşınla 10 dəqiqəlik yoldur. Amma 26 ildir ki, o yerlərə həsrət qalmışıq. Ermənilər doğma ocaqlarımıza gedən yollarımızı bağlayıblar. Bu yollara qan çilənib, bu yollara insanlara ölüm gətirən minalar basdırılıb. İndi bu yollar təhlükəlidir, çünki ermənilər üstümüzə silah tuşlayıblar.
Amma biz bu silahlardan qorxmuruq. Necə olursa-olsun, biz qan çilənmiş yollarımızı erməni qəsbkarlarından təmizləyəcək, işğala son qoyacaq, onlara yaxşıca dərs verəcəyik. Necə ki, 2016-cı ilin Aprel döyüşlərində qəsbkarların mövqelərini darmadağın edib Talış kəndinin yüksəkliklərini, Lələtəpə yüksəkliyini azad etdik. Aprel döyüşlərinə qədər cəmiyyətdə ermənilərin məğlubedilməzliyi barədə mif dolaşırdı. Cəsur zabit və əsgərlərimiz Aprel döyüşlərində daşnakları məğlub edərək bu mifi ayaqlar altına atdılar. İnanıram ki, döyüşlər yenidən başlayarsa, düşmən gündən-günə güclənən ordumuz tərəfindən darmadağın ediləcək. Düşmən məhvə sürüklənəcək və intizara, həsrətə son qoyulacaq.
Axı həsrətin, nisgilin də bir sonu olmalıdır! Bu illərlə çəkə bilməz. Hər həsrətin sonunda bir vüsal, bir sevinc var. Biz tez bir zamanda istəyimizə çatmalıyıq. Torpaqlarımızı ermənilərdən azad etmək Vətən qarşısındakı ən şərəfli borcumuzdur. Bu borcu az bir vaxtda layiqincə yerinə yetirməliyik. İşğal altında olan torpaqlarımız oğullarımızın gəlişini gözləyir. Erməni işğalına yalnız gündən-günə güclənən Azərbaycan Ordusu və onun sıralarında ləyaqətlə xidmət edən vətənpərvər oğullarımız cəsarəti və hünəri ilə son qoyacaq! Buna tam əmin olan xalqımız ordusundan, zabitindən, gizirindən, əsgərindən Qələbə gözləyir.
Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"