Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Oktyabr 2019 10:11

“Orduda xidmət etmək şərəfli vəzifədir”

Müasir ordumuzun banisi, ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, orduda xidmət etmək hər bir Azərbaycan vətəndaşı üçün, hər bir gənc üçün böyük iftixar mənbəyi, şərəfli bir vəzifədir. Bu gün hərbi xidmətə çağırılan gənclərin Ulu Öndərin bu dəyərli sözlərini dərk edərək, Vətən qarşısında övladlıq borcunun öhdəsindən layiqincə gəldiklərinin şahidi oluruq.
Danılmaz faktdır ki, gənclərdə vətənpərvərlik hissinin formalaşmasında, onların cəmiyyətə yararlı vətəndaş kimi hazırlanmasında və digər mənəvi keyfiyyətlərə yiyələnməsində əsgəri xidmətin rolu böyükdür. Hərbi xidmət dövründə gənclər milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda, gələcəyin nümunəvi vətəndaşları kimi formalaşırlar. Hərbi xidmətə gələn gənclərin bacarıqlı, vətənpərvər əsgərlər kimi formalaşmasının təməli gənc əsgər hazırlığı dövründən başlanır. Bunun üçün də ordumuzda gənc əsgər hazırlığına yüksək diqqət göstərilir.
Gənc əsgər hazırlığının başa çatması ilə əlaqədar "N" hərbi hissəsinə ezam olunduq. Hərbi hissənin zabiti mayor Rəşad Məmmədovla salamlaşıb birbaşa sıra meydanına üz tutduq. Zabit təlim müddətindən, keçirilən məşğələlərdən, gənclərin hərbi bilikləri hansı səviyyədə mənimsəməsindən söz açdı. O bildirdi ki, bir neçə günə gənc əsgər hazılığı başa çatacaq və gənclər artıq buradan xidməti yerlərinə yollanacaqlar. "Bu gün ordumuzun bütün birləşmələrində gənc əsgərlərə yüksək səviyyədə təlim keçirilir. Təlim müddətində atəş hazırlığı, döyüş taktikası, sıra hazırlığı, ictimai-siyası hazırlıq, fiziki hazırlıq və digər hərbi biliklərdən əyani və praktiki məşğələlər təşkil olunur. Bu müddət ərzində gənclər artilleriya, mühəndis, motoatıcı, rabitə və digər ixtisaslara yiyələnirlər. Hərbi hissəyə daxil olduqları gündən onlarla fəal iş aparmağa başlamışıq. Ölkəmizin əksər bölgələrindən çağırılan gənclərin hər biri ilə fərdi söhbət aparıb, xarakterlərini öyrənirik. Bu gün gənc əsgərlər vahid ailə olan hərbi kollektivin bərabər üzvləridirlər. Onlar hər şeydən öncə hərbi qanunvericiliyin əsas müddəaları ilə tanış olurlar. Sıra hazırlığı keçirlər, döyüş hazırlığı dərslərinə cəlb edilirlər, atış çalışmalarını yerinə yetirirlər. Bir sözlə, onlara gənc əsgər hazırlığı müddətində lazım olan bilik və vərdişlər aşılanır. Bunlarla yanaşı, hərbi həkimlərimiz onların sağlamlığının keşiyində dayanırlar. Müasir avadanlıqlarla təchiz olunan tibb məntəqəmizdə mütəmadi olaraq yoxlanışdan keçirlər, şikayəti olanlar müalicə olunurlar. Eyni zamanda, onların asudə vaxtlarının səmərəli təşkil olunmasına da xüsusi diqqət yetirilir. Hərbi vətənpərvərlik mövzusunda tədbirlərdə iştirak edir, filmlər izləyirlər. Burada hərbi xidmətin ilkin mərhələsini layiqincə başa vururlar. Əminliklə deyə bilərik ki, təlimi uğurla başa vuran gənclərimizin hər biri bundan sonrakı xidmətlərini də layiqincə yerinə yetirəcəklər. Çünki Azərbaycan gənci Vətənə ürəkdən bağlı olan, hərbi xidməti övladlıq borcu bilən vətənpərvər gənclərdir."
Zabitlə birlikdə gün boyunca keçirilən bir neçə məşğələdə iştirak etdik. Gənc əsgər hazırlığının yüksək səviyyədə təşkilinin əyani şahidi olduq. İlk olaraq sıra meydanında keçirilən sıra hazırlığı məşğələsini izlədik. Əsgərlərin nizami hərəkətləri, verilən komandaları həvəslə və ürəklə yerinə yetirmələri könül oxşadı.
Kiçik çavuş Ramin İsmayılov əsgərlərə sıra hazırlığının elementlərini əvvəlcə özü göstərir, sonra isə onların bu hərəkəti təkrarlamağına komanda verirdi. Gənclər əsgəri salamlama, sırada hərəkət, hərəkətdə sağa-sola, geriyə dönmələr, yuxarı rəislərə yaxınlaşma, özünü təqdim etmə və digər komandaları bacarıqla icra edirlər. Görünür ki, təlim müddətində əsgərlər sıra hazırlığının elementlərini yaxşı mənimsəyiblər. Kiçik çavuş R.İsmayılov dedi ki, sırada dayanan əsgərlərin hər biri gəldiyi ilk gündən məşğələlərə həvəslə yanaşır, öyrədilənləri tez qavrayır və bununla da hərbi vərdişlərə yiyələnirlər. "Hiss edirsən ki, hərbi xidmətə istəkləri çox yüksəkdir. Hər biri öyrənməyə, verilən tapşırıqları dəqiq yerinə yetirməyə can atır. Bu təlim müddətində gəncləri bacarıqlı əsgərlər kimi formalaşdırmaq qarşımıza qoyulan ən vacib vəzifələrdəndir. Çünki hazırlıq dövründən sonra onlar səngərdə torpaqlarımızı düşməndən qoruyacaq, düşmən təxribatlarının qarşısını alacaq, əlində silah Ali Baş Komandanımızın döyüş əmrinə hər an hazır olacaqlar. Bunun üçün də təlim müddətində hərbi bilik və bacarıqlara dərindən yiyələnməlidirlər ki, sonrakı mərhələyə hazır olsunlar. Bu vəzifənin öhdəsindən layiqincə gəlmək üçün bütün biliklərimi səfərbər edirəm. Komandir heyəti olaraq çalışırıq ki, sıradaki hər bir əsgərimiz ən yüksək hazırlığa malik olsun. Bundan ötrü bölməmizin digər zabit və gizirləri, manqa komandirləri öz bacarıq və səylərini əsirgəmirlər. Gənclərin də xidmətə sevgi ilə yanaşması, hərbi bilikləri həvəslə öyrənməsi bizə ruh yüksəkliyi aşılayır. Təlim müddətinin sonunda onlara nələrisə öyrətdiyimizi görəndə sevinirik."
Ordunun əsas tələblərindən olan dəmir intizam, eləcə də gənc əsgərin ordu vərdişlərinə hazırlığı öncə sıra hazırlığından başlanır. Bu gün sırada düzgün addım atmağı bacaran və yaxud sırada şux görünən gənclərin nizam-intizamına, sıra hazırlığının elementlərini bacarıqla yerinə yetirmələrinə şahid olmaq bir daha əminlik yaradır ki, onlar hərbi formanı geyinib, Azərbaycan əsgəri adını daşımaqla qürur duyurlar və bundan sonra da Vətənə layiqli xidmət edəcəklər.
Mayor Rəşad Məmmədov növbəti məşğələnin atəş hazırlığından olduğunu bildirdi. "Təlim müddəti dövründə keçirilən məşğələlərdən biri də atəş hazırlığıdır. Bu dərslərdə gənclər ixtisaslarına uyğun olaraq onlara təyin olunan silahların sökülüb yığılmasını, təyinatını, hissə və mexanizmlərini öyrənirlər. Həmçinin, bu öyrəndiklərini atış meydanında praktiki olaraq icra edirlər. Artıq hər biri ona təhkim olunan silahın xüsusiyyətlərini, atış xassələrini və ondan bacarıqla istifadə etməyi öyrənib. Təlim atış çalışmalarında aldıqları yüksək qiymətlər də bunun sübutudur. Gördüyünüz kimi, dərs zamanı da silahı sərbəst şəkildə söküb yığırlar. Təyinatını, iş mexanizmini hər biri əzbər bilir", - mayor R.Məmmədov dedi.
Dərs zamanı əsgərlər silahların natamam sökülüb-yığılması üzrə normativləri bacarıqla yerinə yetirdilər, verilən sualları dəqiqliklə cavablandırdılar. Görünür ki, gənclər hərbi bilikləri dərindən mənimsəyiblər. Artıq düşmənlə üz-üzə dayanaraq, torpaqlarımızı inamla qorumağa tam hazırdırlar. Gənclərin hazırlıq müddətini uğurla başa vurduğunu gördükcə əmin olursan ki, bu igidlərin hər biri ordumuzun istənilən bölməsində, yerləşdiyi yerdən və şəraitdən asılı olmayaraq uğurlu xidmət edəcəklər.
Zabitlə əsgər yataqxanasına yollanırıq. İçəridəki təmizlik, səliqə-sahman burada nizam-intizamın yüksək səviyyədə olduğunu və xidmətin düzgün təşkilini bir daha göstərir. Səliqəli və müasir avadanlıqlarla təchiz olunmuş məişət otaqları və ikimərtəbəli çarpayılar, pambıq yataq dəstləri, qalın yun adyallar, yuyunma ləvazimatları olan dolablar və s. yerləşən yataq otaqları ilə tanış olduqdan sonra ideoloji otağa daxil oluruq. Leytenant Orxan Bayramlı ictimai-siyasi hazırlıq məşğələsi keçirdi. Əsgərlərə dərsin mövzusuna uyğun məruzə oxuyan zabit, ictimai-siyasi hazırlıq dərslərinin keçirilməsinin vacibliyini vurğuladı.
"Hərbi xidmətə gələn gənclərin mənəvi dəyərlərə sədaqətli, Vətən sevgisinin, düşmənə nifrət hissinin nə olduğunu dərk edən, qorxmaz və cəsur əsgərlər kimi formalaşmasında ictimai-siyasi hazırlıq dərslərinin mühüm əhəmiyyəti var. Bu məşğələlərdə ordumuzun yaranması və inkişafından, tariximizdən, hərbi nizamnamələrdən, vətənpərvərlikdən, qəhrəmanlıq nümunələrindən, erməni təcavüzündən və s. mövzularda keçirilən dərslər onların həm döyüş ruhunun, həm də mənəvi-psixoloji hazırlığının artırılmasında vacib rol oynayır. Əsgərlər "Azərbaycan Ordusu" qəzetindən, "Hərbi bilik" jurnalından məqalələr oxuyur, ordumuzda gedən təlimlərdən, yeniliklərdən xəbərdar olurlar. Gördüyünüz kimi, yüksək tərtibatla hazırlanmış sinif otağımızda ordumuzun inkişaf tarixinin mərhələlərini, ulu öndər Heydər Əliyev və Ali Baş Komandan İlham Əliyevin əsgərlərlə görüşlərini, erməni təcavüzünü, Hərbi andı və Dövlət himnini əks etdirən maraqlı eksponatlar yerləşir. Bunların hamısı əsgərlərin dünya görüşünün, mənəvi-psixoloji hazırlığının artırılmasında, həmçinin dərsin səmərəli təşkilində mühüm rol oynayır."
Zabitin dediklərinin dərs zamanı da şahidi olduq. Əsgərlərin hər biri mövzu barəsində verilən sualları düzgün şəkildə cavablandırdılar. Onların hazırcavablığı mənəvi-psixoloji hazırlıqlarının və dünya görüşlərinin yüksək olmasından xəbər verir. 
Əlbəttə, bu gün hər birimizin ən böyük arzusu tezliklə doğma yurd yerlərimizin düşmən işğalından azad edilməsidir. İnanırıq ki, məğrur Vətən qoruyucuları kimi formalaşan igidlərimiz bu vəzifənin öhdəsindən inamla gələcəklər. Onlar təcrübəli zabitlərin nəzarəti altında təlim keçir, səmərəli keçən məşğələlərdə hərbi bilik və vərdişlərə yiyələnirlər. İrəliyə atdıqları addımlar onları qazanılacaq uğurlara aparır...
Əsgərlərin gündəlik fəaliyyətindən danışdıqda fiziki hazırlıq saatlarını mütləq qeyd etməliyik. Fiziki hazırlıq əsgərlərin həm döyüş qabiliyyətinin artırılmasına, həm də sağlamlığının möhkəmləndirilməsinə istiqamətlənmiş fəaliyyət prosesidir. Əsgərlər bədən tərbiyəsi ilə nə qədər çox məşğul olsalar, o qədər fiziki cəhətdən möhkəm, güclü və sağlam olarlar. Yüksək fiziki hazırlıq onların döyüş qabiliyyətinə də müsbət təsir göstərir. İdmanla məşğul olan hərbi qulluqçu dözümlü, cəsur olur, həm də döyüş tapşırıqlarını daha çevik və dəqiq yerinə yetirir. Bu da bacarıqlı əsgərlərin formalaşmasında döyüş hazırlığı ilə yanaşı, fiziki hazırlığın da rolunu artırır.
Gizir Elnur Əliyevin nəzarəti altında baş tutan fiziki hazırlıq məşğələsini izləyirik. Elnur bildirdi ki, gənc əsgər hazırlığı dövründə mütəmadi olaraq keçirilən sıra və döyüş hazırlığı dərsləri ilə yanaşı, fiziki hazırlığa da önəm veririk. "Təlim müddətində gənclərdə həm sağlamlığı, həm də dözümlülüyü formalaşdırmaq üçün hərbi hissənin idman meydançasında mütəmadi olaraq fiziki hazırlıq dərsləri keçirilir. Vətənin müdafiəsinə hazırlaşan gənclərin mərd, cəsur əsgərlər kimi formalaşmasında fiziki hazırlığın rolu əvəzsizdir. Döyüş hazırlığı ilə yanaşı, keçirilən fiziki hazırlıq dərsləri xidmətə yeni başlayan gənclərin möhkəm, güclü və sağlıqlı olmalarına müsbət təsir edir. Həmçinin onların döyüş ruhuna, psixoloji və iradi keyfiyyətlərinin formalaşmasına müsbət təsir edir, sağlamlıqlarını möhkəmləndirir. Artıq təlim müddətinin son günləridir və əsgərlərin hər biri idman normativlərini bacarıqla yerinə yetirirlər. Həm də yaxşı dərk edirlər ki, fiziki hazırlıq döyüş hazırlığının tərkib hissəsidir."
Orxan HÜSEYNLİ, Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
fotolar Coşqun CƏFƏROVUNDUR