Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Oktyabr 2019 10:09

Tankçılarımız döyüş hazırlığını artırır

Bu gün müasir silah və texnika ilə təchiz olunan, dünya standartlarına uyğun qurulan, dünyanın aparıcı orduları sırasında yer tutan Azərbaycan Ordusu istənilən döyüşü Aprel və Günnüt zəfərləri kimi qələbə ilə tamamlamaq iqtidarındadır. "Döyüş aslanı" adlandırılan dünyanın ən müasir tankları bu gün ordumuzun silahlanmasına daxil edilərək, Ali Baş Komandanın "İrəli" əmriylə düşmən işğalında olan torpaqlarımızı hər an azad etmək qüdrətindədir.
Bu günlərdə ordumuzun cəbhə xəttində yerləşən bölmələrindən birinin təlim meydanında çöl çıxışı zamanı tankçılarımızın praktik atışlarını və sürücülük məşqlərini izlədik. "Döyüş aslan"ları vahiməli səslərlə təlim  poliqonunda irəli "düşmən" üzərinə şığıdı. Peşəkar tankçılarımız maskalanma prosesini  təcrübədə uğurla yerinə yetirdilər. 
Bölmənin zabiti Teymur Mustafayev bildirdi ki, təlim yerində tankçılarımız 3-5 gün müddətində çöl çalışmalarını yerinə yetirirlər. Plana uyğun olaraq keçirilən çöl çalışmalarının əhəmiyyəti ondadır ki, tankçılarımız qazandıqları təcrübəni daha da təkmilləşdirmək imkanı əldə edirlər.
- Tank bölmələri hansı imkanlara malikdir?, - sualımızı zabit T.Mustafayev belə cavablandırdı.
- Ümumiyyətlə, tank bölmələri uzaq məsafələrə sürətli yürüş etmək, düşmənin müdafiə xəttini yararaq yüksək templə hücum etmək imkanlarına malikdir. Həmçinin tank bölmələri dayanmadan su maneələrini keçə, su altında hərəkət edə, bərə vasitələrindən istifadə etməklə güclü müdafiə mövqeyi qura, qətiyyətli əks-hücum əməliyyatı həyata keçirə bilərlər. Bütün bu imkanlar tankçıları yenilməz edir. Bölməmizin şəxsi heyətini yenilməz edən təkcə  tanklar deyil, həm də onların yüksək mənəvi-psixoloji, ideoloji və fiziki hazırlığa malik olmalarıdır.
Təlimləri müşahidə zamanı öyrənirik ki, bu il Rusiyada keçirilən "Beynəlxalq Ordu Oyunları-2019" çərçivəsində "Tank biatlonu" müsabiqəsində ordumuzu təmsil edən tank heyəti arasında bu bölmənin də hərbi qulluqçuları uğurla iştirak edib və onlar "Ən yaxşı heyət" yarışmasında uğur qazanıblar. Eyni zamanda, bölmənin bir neçə tank heyəti yaxın günlərdə ordumuzda keçiriləcək "Ən yaxşı tank bölüyü" adı uğrunda gedən yarışda da döyüş bacarığını sınayacaq. Qeyd edək ki, bu ilin aprel ayında ordu üzrə keçirilən "Ən yaxşı tank bölüyü" adı uğrunda yarışda iştirak edən bölüyün şəxsi heyəti ilk yerlərdən birini qazanıb. Qürurverici məqam odur ki, bölüyün şəxsi heyəti ordumuzun Aprel zəfərində fəal iştirak edən hərbi qulluqçuları sırasında olub.
Tank komandiri gizir Səməd Aslanov, gizir Asəf Əsgərov və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şöhrət Aslanov gələn il keçiriləcək "Beynəlxalq Ordu Oyunları-2020" yarışmasında ölkəmizi, ordumuzu dünya dövlətləri sırasında layiqincə  təmsil etmək, ən yüksək nəticələr qazanmaq üçün indidən hazırlışdıqlarını dedilər.
Bölüyün əsgərləri Xalid Əliyev və Kamil Dəmirov tankçı peşəsinin sirlərinə dərindən yiyələndiklərini bildirdilər. "Hərbi xidmətə başladığımız ilk günlərdə bəzən çətinliklərimiz olurdu. Amma bu gün heç bir çətinliklə rastlaşmırıq. Çünki mütəmadi olaraq keçirilən dərs, məşğələ və təlimlərdə iştirak edirik. Qazandığımız bilik və təcrübə sayəsində istənilən döyüş tapşırığının öhdəsindən layiqincə gəlməyi  bacarırıq".  
Hər iki əsgər müddətli hərbi xidmətlərini başa vurduqdan sonra ordu sıralarına qayıdacaqlarını, tankçı olacaqlarını bildirdilər.
Öyrənirik ki, tank bölməsinin çox gözəl ənənəsi var. Vaxtilə burada müddətli hərbi xidmət keçən əsgərlər yenidən ordu sıralarında hərbi xidmətlərini davam etdirirlər. Onlar bu gün ordumuzun tank bölmələrində nümunəvi xidmətləri ilə seçilən  müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularıdırlar. Əsgərlər Xalid Qasımov, Asif Qasımov, Fərman Hüseynov və Elmir Alıyev söhbət zamanı bildirdilər ki, döyüş hazırlığı dərslərində, taktiki məşğələlərdə, təlimlərdə, silah və texnikaya qulluq zamanı məsuliyyətlidirlər, özlərinə qarşı ciddi və tələbkardırlar. "Müharibədə qələbə qazanmaq üçün döyüşçü öz silahının və hərbi texnikasının sirlərini mükəmməl bilməli, onları həmişə döyüşə hazır vəziyyətdə saxlamalı, bacarıqla işlətməlidir. Biz tankın mühərrikindən tutmuş tırtılına qədər hər bir detal haqqında müfəssəl biliyə malik olmalıyıq. Bugünkü izlədiyiniz təlim zamanı isə əsasən, sürücülük vərdişlərimiz yoxlanıldı".
Biz bilirik ki, tank əsas döyüş texnikalarından biridir. Hər bir tankçı "dəmir atını" silib təmizləməli, texniki vəziyyətini daima yoxlamalı, hər an çıxışa hazır olub-olmadığını diqqətlə nəzərdən keçirməlidir. Elə izlədiyimiz təlimin məqsədi də cəbhə xəttində yerləşən tank bölmələrimizin döyüşə hazırlıq vəziyyətinin yoxlanılmasıdır. Tankçılarımızdan aldığımız təəssüratlar həmişə olduğu kimi, bu gün də ürəkaçandır.
Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu",

foto Rəşad ƏMRAHOVUNDUR