Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Oktyabr 2019 09:48

Tarixlərin başlanğıcı olan tarixi gün

Ulu öndər Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi ölkəmizin tarixində yeni mərhələnin başlanğıcını qoydu
Bu gün dünyada elə bir xalq tapmaq olmaz ki, tarixinin taleyüklü və mürəkkəb mərhələsində onun taleyində müstəsna rol oynamış, dövlətçilik ənənələri formalaşdırmış milli lideri olmasın. Belə liderlərin mənalı və zəngin həyat səhifələrini vərəqləyərkən, onların mənsub olduğu xalqların da dövlətçilik ənənələri, tarixi, inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranır. Bu dahi şəxsiyyətlər yüksək mənəvi aləmləri ilə, ali bəşəri və milli ideallara, ümummilli mənafelərə ürəkdən bağlılıqları ilə milyonların qəlbində özləri üçün möhtəşəm abidə ucaldırlar.
Hər bir xalqın tarixdəki yeri və rolu mürəkkəb siyasi şəraitdə məsuliyyəti üzərinə götürərək onun taleyində misilsiz rol oynamış, mütərəqqi ideyaları, qeyri-adi idarəçilik keyfiyyətləri ilə müdrikcəsinə və uzaqgörənliklə sabit dövlətçilik ənənələri yaratmış dahi şəxsiyyətin fövqəladə missiyası ilə şərtlənir. Tanrının bəxş etdiyi belə seçilmiş şəxsiyyətlər xalqlarının əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaradırlar.
XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan ümummilli lider Heydər Əliyevin siyasi portreti də Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Tarixşünaslıq elmi Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bugününü, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini öyrənir.
Tarixi gerçəkliklərin müqayisəsi böyük şəxsiyyətlərin fəaliyyətinin qiymətləndirilməsində ən obyektiv istinad yeridir. Bu mənada, ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan istisnasız olaraq daim irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə intibaha can atan, hər addımda insan və şəxsiyyət amilini uca tutan ölkə kimi görünür.
Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində müstəqil Azərbaycan xarici siyasətində etibarlı tərəfdaşlıq və sabitlik mərkəzi kimi çıxış edən, iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, "dövlət-vətəndaş" birliyinin təşəkkül tapdığı bir ölkəyə çevrilib.
Ötən yüzillikdə cərəyan edən hadisələrin təhlili göstərir ki, respublikanın müstəqilliyə gedən yolu 1969-cu ildən başlayaraq ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamamlanıb. Zaman və ictimai-iqtisadi formasiya baxımından kifayət qədər fərqli olan hər iki tarixi dövrün əsas bənzər cəhətləri isə Ulu Öndərin Azərbaycana böyük nailiyyətlər qazandıran fədakar xidməti, eləcə də ölkənin inkişafında yeni impuls və tərəqqi meyillərinin geniş vüsət alması olub. Beləliklə, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi və tarixi şərait baxımından tamam fərqli olan dövrlər sadəcə eyni missiyanın, biri-birini tamamlayan iki mərhələsi kimi qiymətləndirilə bilər.
Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub.
Belə günlərdən biri də oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98,84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu, Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi.
Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamından qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrdə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi liderə ehtiyacı var.
Hələ 1969-1982-ci illərdə - Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu müddətdə Azərbaycan üçün gördüyü misilsiz işlər xalqımız tərəfindən unudulmamışdı. Eyni zamanda, 1990-cı ildə 20 Yanvar faciəsinin ertəsi günü Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza başsağlığı verməsi, onunla birgə olduğunu bəyan etməsi dahi liderə olan inamı daha da artırmışdı.
Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran amillər böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ulu Öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. Sonradan "Əsrin müqaviləsi" adlandırılan bu Saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı.
Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərir ki, ölkəmizi dünyanın vacib aktorları sırasına Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qazanılan uğurlar çıxarıb.
Heydər Əliyev yaxşı bilirdi ki, güclü, nizam-intizamlı ordu yaratmadan Ermənistanın torpaqlarımıza təcavüzünün qarşısını almaq mümkün olmayacaq. Odur ki, hakimiyyətə qayıdışından dərhal sonra bu məsələyə əsas prioritet kimi yanaşmağa, böyük diqqət ayırmağa başladı. Prezident Heydər Əliyev 1993-cü il oktyabrın 10-da andiçmə mərasimindəki çıxışında bu barədə danışaraq deyirdi: "Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir".
Prezident Heydər Əliyev nitqində qətiyyətlə bəyan etdi ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaq.
Bir müddət sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəsin əldə edilməsi ordu quruculuğunda köklü islahatların aparılması üçün əlverişli imkan yaratdı. Çox keçmədən ölkəmizdə ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndirildi, ordumuz müasir silah və sursatla təmin olundu. Ötən ilin aprelində ordumuzun təmas xəttində baş verənlər sübut etdi ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti düzgün və məharətlə həyata keçirilib. Bütün komponentlərdə üstün olan Azərbaycan Ordusu düşmən təxribatının qarşısını qətiyyətlə aldı və dünyaya qüdrətini nümayiş etdirdi.
Ümummilli Liderin qarşıya qoyduğu ümdə vəzifələrdən biri də milli dövlət quruculuğunu həyata keçirmək idi və bu məsələ də qısa zaman kəsiyində həllini tapdı. Azərbaycan xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtuldu, sabitliyə, əmin-amanlığa qovuşdu. Ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruldu. Təsadüfi deyil ki, 1993-cü il Azərbaycanın tarixinə qurtuluş ili kimi daxil oldu. Bu gün öz tarixi və milli ənənələrindən bəhrələnən, dünya demokratiyası təcrübəsinə, ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan dövləti tam təşəkkül tapıb və uğurla fəaliyyət göstərir. Ən əsası isə xalq və dövlət arasında sarsılmaz birlik mövcuddur.
Ümumilikdə, 1993-2003-cü illərdə ölkədə həyata keçirilən siyasət belə deməyə əsas verir ki, ulu öndər Heydər Əliyev müstəqillik amilinin əyani şəkildə bərqərar olması üçün, ilk növbədə, iqtisadiyyatda çoxşaxəli islahatların aparılmasını, davamlı inkişaf üçün möhkəm iqtisadi bazanın formalaşmasını vacib sayıb. Ulu Öndərin müstəqil Azərbaycana rəhbərliyi illərində milli iqtisadiyyatda köklü islahatlar aparılıb, sosialyönümlü bazar iqtisadiyyatına keçidin ümdə prinsipləri müəyyənləşdirilib, torpaq islahatı kimi çətin və ağrılı proses, habelə özəlləşdirmənin birinci mərhələsi uğurla başa çatdırılıb, milli sahibkarlığın inkişafı üçün zəruri qanunvericilik bazası yaradılıb, respublikanın dünya iqtisadiyyatına inteqrasiyası sürətlənib.
Ulu öndər Heydər Əliyev zamanın çağırışına cavab verən, zamanı qabaqlayan dahi şəxsiyyət idi. Onun fəaliyyəti sabaha ünvanlanan fəaliyyət idi. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərmiş ikinci dövlət başçısı və siyasi lider tapmaq mümkün deyil.
Ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərindən biridir. Onun əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq.
2018-ci ilin 11 aprel seçkilərinin nəticələri bir daha sübut etdi ki, Azərbaycan cəmiyyəti uzun illərin sərt sınaqlarından üzüağ çıxaraq yüksək etimad qazanmış Heydər Əliyev siyasətinə sadiqdir. Cəmiyyətdə mütləq çoxluğun lider olaraq qəbul etdiyi Prezident İlham Əliyev ölkəmizin perspektiv inkişafı üçün qarşıda duran strateji hədəfləri inamla gerçəkləşdirmək istiqamətində əzmlə, yorulmadan, qətiyyətlə çalışır. Bütün bunlar deməyə əsas verir ki, 3 oktyabr tarixindən başlayaraq xalqımızı qurtuluşa aparan bu yol müstəqil Azərbaycanı qarşıdan gələn illərdə daha böyük nailiyyətlərə doğru aparır.
"Azərbaycan Ordusu"