Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Oktyabr 2019 12:46

Milli Qəhrəman Albert Aqarunovun 50 illik yubileyinə həsr olunan beynəlxalq turnir keçirildi

"Sərhədçi" Olimpiya İdman Mərkəzində  Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş ənənəvi "Olimpiya ümidləri" adlı beynəlxalq turnirin təntənəli açılış mərasimi keçirildi. Beynəlxalq xatirə turnirində Müdafiə Nazirliyinin xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin kursantları, bir qrup zabit, əsgər, gizir heyəti, Daxili İşlər Nazirliyinin və digər dövlət qurumlarının, o cümlədən ictimaiyyət  nümayəndələri iştirak etdilər.
Turnir Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası, Azərbaycan Milli Karate Federasiyası, Veteran Tankçılar Birliyi və Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının birgə təşkilatçılığı ilə keçirildi. 
Ölkəmizdə multikulturalizmin, tolerantlığın qorunması, gənclərimizdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, Azərbaycanımızın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın döyüş yolunun təbliği məqsədilə belə beynəlxalq idman tədbirlərinin keçirilməsi artıq ənənəyə çevrilib.
Xatırladaq ki, 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin ildönümü ərəfəsində ordumuzun Aprel zəfərinə və Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunmuş karate üzrə Sumqayıt şəhər birinciliyi və 2017-ci ildə Beynəlxalq Şotokan Karate-Do üzrə Azərbaycan filialının V açıq çempionatı, ötən il isə Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunmuş Qara dəniz və Xəzəryanı ölkələr arasında karate üzrə beynəlxalq turnir keçirildi. A.Aqarunovun xatirəsinə həsr olunmuş turnir keçən il Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Milli Karate Federasiyasının təqvim planına salınaraq, hər il keçiriləcəyi nəzərdə tutulub.
Beynəlxalq  xatirə turniri iştirakçı komandaların üzvlərinin "Heyratı" musiqisinin sədaları altında zala daxil olması ilə başladı. Sonra Müdafiə Nazirliyinin hərbi orkestrinin müşayiəti ilə Dövlət himni səsləndirildi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Açılış mərasimində  Azərbaycan Milli Karate Federsiyasının prezidenti Yaşar Bəşirov çıxış edərək bildirdi ki, turnirin "Olimpiya ümidləri" devizi altında təşkil olunması təsadüfi deyil. "Turnirin qalibləri arasından gələcəkdə ölkəmizi Avropa və Dünya çempionatlarında, Olimpiya Oyunlarında təmsil edəcək idmançılar, karateçilər yetişəcəklər. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmiz dəfələrlə irimiqyaslı idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. 2015-ci ildə ilk Avropa Oyunlarında, iki il sonra təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarında karateçilər də mübarizə aparıblar. Bütün bunlar dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanda karatenin inkişafına göstərdiyi diqqət və qayğının nümunəsidir".
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov ölkəmizdə karate üzrə daha bir beynəlxalq yarışın keçirilməsinin idmanın bu növünün respublikamızda inkişafına mühüm töhfə verəcəyini vurğuladı. O, çıxışının sonunda turnirdə iştirak edən komandalara uğurlar arzuladı.
Tədbirin təşkilatçılarından olan Veteran Tankçılar Birliyinin sədri Hacı Əzimov Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovla bağlı döyüş xatirələrindən danışdı. Birliyin sədri igid tankçının xatirəsinə həsr olunan beynəlxalq turnirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirdi.
Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev Milli Qəhrəman Albert Aqarunovun 50 illik yubileyinə həsr olunan beynəlxalq turnirin təşkilinə görə yəhudi icmasının adından minnətdarlığını ifadə etdi. O, çıxışında Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan tolerantlıq siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi  nəticəsində ölkəmizin dünyada tolerantlıq məkanı kimi tanındığını vurğuladı. "Biz Azərbaycan xalqı ilə uzun əsrlərdən bəri bir yerdə dostluq, dinc şəraitdə yaşamışıq, daim onların şad günlərinə sevinmişik, dar günlərində bir yerdə olmuşuq".
Daha sonra  Azərbaycan idmanının, hərbi vətənpərvərlik ruhunun və multikulturalizmin inkişafındakı xidmətlərinə görə Gənclər və İdman naziri Azad Rəhimov, nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev, Veteran Tankçılar Birliyinin sədri Hacı Əzimov və digər Qarabağ müharibəsi veteranları xatirə medalları və Albert Aqarunov mükafatı ilə  təltif olundular.
Beynəlxalq turnirin açılış mərasimi Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr edilən vətənpərvərlik mahnılarının səsləndirilməsi və xüsusi təyinatlıların nümunəvi çıxışları ilə davam etdi.
Təntənəli açılış mərasimi başa çatdıqdan sonra final görüşləri davam etdi.
Beləliklə, iki gün davam edən beynəlxalq turnirdə 10-dan artıq ölkədən 6-13 yaşlı 800 karateçi birincilik uğrunda mübarizə apardı. Turnirin nəticələrinə görə birinci yeri "Qara Qaplan" komandası tutdu. İkinci pillədə "Zirvə" komandası qərarlaşdı. "Arpaçay" karate klubu isə yarışı üçüncü yerdə başa vurdu.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"