Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Oktyabr 2019 12:46

Söz onun həyatıdır

VI Beynəlxalq Bakı Kitab Sərgi-Yarmarkası çərçivəsində Əməkdar incəsənət xadimi Abdulla Qurbani ilə görüş keçirildi

Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan  VI Beynəlxalq Bakı Kitab Sərgi-Yarmarkası çərçivəsində Prezidentin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbaninin yaradıcılığına həsr olunmuş "Bir əlində silah, birində qələm" devizi ilə görüş keçirildi.
Görüşə gənclər, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin kursantları, ayrı-ayrı qoşun növlərinin nümayəndələri, "ASAN Könüllüləri" Təşkilatının fəalları və sərgi iştirakçıları qatıldılar.
VI Beynəlxalq Bakı Kitab Sərgi-Yarmarkasında Abdulla Qurbaninin 100-ə yaxın kitabı, onun redaktorluğu və tərtibatçılığı ilə hazırlanan 50-yə yaxın albom nümayiş olundu.
Yaradıcılığı barədə iştirakçılara geniş məlumat verən polkovnik Abdulla Qurbani qeyd etdi ki, bəzən döyüşdə ən müasir silahların, texnikaların demədiklərini publisistik söz deyir, şeir misraları deyir.
Uzun müddət respublikanın mədəni-maarif müəssisələrində məsul vəzifələrdə çalışan, yaradıcılığını bütünlüklə hərbi vətənpərvərliyə həsr edən A.Qurbani 1993-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycan Televiziyası vasitəsilə xalqa müraciətindən sonra Şərur rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsindən imtina edərək birbaşa cəbhəyə yollanıb. Füzuli, Cəbrayıl, Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib, sıravi əsgərdən polkovnik rütbəsinədək yüksəlib. Polkovnik Abdulla Qurbani bu gün də Vətən torpaqlarının sadiq keşikçisi kimi xidmətdədir.
Görüşdə "Apostroff-A" nəşriyyatının direktoru Akif Dənzizadə qeyd etdi ki, bu və ya digər kitabın nəşri ilə əlaqədar müəlliflər nəşriyyata müraciət edirlər. “Elə müəlliflər var ki, onun əsərlərini gözləyirsən, bu əsərlər istər nəşriyyatın rəsmisi kimi, istərsə də duyumlu oxucu kimi sənə könül xoşluğu verir. Abdulla Qurbani belə müəlliflərdəndir. Onun təqdim etdiyi əsərlərin məzmununu nəzərə alsaq, bu könül xoşluğu daha da artır. Mən nəşriyyat direktoru kimi taleyimdən razıyam ki, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani kimi vətənpərvər bir insanın kitablarının nəşr prosesinin iştirakçısı olmuşam. Ümid edirəm ki, hələ neçə-neçə belə könül xoşluğu yaşayacam.”
 Əməkdar jurnalist, istefada olan mayor Rəşid Faxralı Abdulla Qurbani yaradıcılığının şaxələrindən söz açaraq dedi:
- Abdulla Qurbani şairdi, publisistdi, ssenaristdi. Bunlar istedadın bölünməsi deyil, eyni məfkurənin şaxələridi. Şeirlərində dediklərini publisistikası tamamlayır, ssenarilərini rejissorluğu. Onun ssenarisi və rejissorluğuyla keçirilən kütləvi vətənpərvərlik tədbirlərinin hər biri ayrılıqda bitkin sənət əsəridir.  İctimailəşdikdən sonra ictimaiyyət bu əsərlərin mahiyyətini əhatəliliyiylə dərk edir ki, bu da cəmiyyətdə vətənpərvərlik duyğularının daha səviyyəli olmasını təmin edir. Bu baxımdan, Abdulla Qurbaninin əsərlərinin sayı xeyli çoxdu. Abdulla Qurbaninin yaradıcılığı nəzəri-publisistik mahiyyətiylə təcrübi-əməli fəaliyyətin vəhdətidir, desək yanılmarıq. Onun ssenarisi və rejissorluğuyla keçirilmiş kütləvi vətənpərvərlik tədbirləri bayram miqyasında, bayram ovqatında olur: "Qarabağa yaz gələcək", "Sənə inanırıq ölkə rəhbəri, sənə güvənirik Vətən əsgəri", "Hər gələn bir bardaq su ilə gəlsin" və s. kimi. Abdulla Qurbani Əməkdar incəsənət xadimidir, Prezidentin fərdi təqaüdçüsüdür, polkovnikdir və azərbaycançılıq ideologiyasının cəfakeşlərindəndir...  
"ASAN Könüllüləri" Təşkilatının sədri Səbinə Cabarova və çıxış edən digər fəallar vurğuladılar ki, bu yaxınlarda ön xətdən "Hərbiyyə" hərbi vətənpərvərlik tədbirindən qayıdıblar. Gədəbəydə və Beyləqanda ordu həyatı ilə yaxından tanış olublar. Ən əsası onlar Abdulla Qurbaninin timsalında Vətəni necə sevməyi öyrəniblər.
12 saylı peşə liseyinin müəllimi Nahibə Orucova 1994-cü ildə işlədiyi təhsil müəssisəsində Abdulla Qurbaninin Murovdan gələrək gənclərlə keçirilən görüşünü xatırlatdı. Bildirdi ki, o görüşdən 25 il ötsə də, Abdulla müəllim bu gün də eyni qaynarlıqla yaşamına davam edir və edəcək. "Bu ömür Vətən üçün yaşanılır.  Bir insan olaraq onun Vətəninə, torpağına, millətinə bağlılığı mənə Məmməd Arazın "Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı" misralarını xatırladır... Sözünüz, Vətən eşqiniz heç zaman əksilməsin. Paradlarda sevərək dinlədiyimiz o səs xalqımızı Qələbə ilə müjdələsin". 
Leytenant Turab Cəfərov, kursantlar Ceyhun Ağasiyev, Nicat Mirzəyev və başqaları A.Qurbaninin yaradıcılığından danışaraq bildirdilər ki, onun istər poeziyası, istər publisistikası, istərsə də mahnı və hərbi marş mətnləri - şeirləri Vətənə, torpağa məhəbbətdən qaynaqlanır.
 Tədbirdə A.Qurbaninin sözlərinə yazılmış mahnılar səsləndirilib, Azərbaycanın milli pilotlarından olan polkovnik-leytenant Rəşad Atakişiyevin xatirəsinə yazdığı "Milli Şahinlər" marşı ilk dəfə təqdim olunub.
Görüşdə tədbir iştirakçılarına A.Qurbaninin "Qeyrət qılıncı", "Sərhəd mənim taleyimdir", "Vətən sənin əsgərinəm", "Ruhumuzun qələbəsi naminə", "Yenilməz qalanın müdafiəsində", "Qar bəbirləri", "Dəmirçioğlunun taleyi", "Ordu gəncləri böyük qüvvədir" və başqa kitabları hədiyyə edilib.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"