Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Oktyabr 2019 12:46

“Biz evimizi, elimizi, yurdumuzu qoruyuruq!”

Ön xətt bölmələrimizdə xidmət  edən gənc zabitlərdən biri də Bayram Əliyevdir. Zabit peşə seçiminə özü qərar verir... O, "hərbçi olacam, ömrümü hərb peşəsinə bağlayacam" deyib, sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə hazırlayır. Uğurlu göstəricilərlə liseyə daxil olur. Kursantlıq dövrünün  ilk vaxtlarında  yaranan çətinliklərdən qorxmur, əksinə, bu çətinliklərin öhdəsindən bacarıqla gəlir. Vaxtilə orta məktəbdə nümunəvi şagirdlər sırasında adı çəkilən Bayram  təhsil aldığı Hərbi liseyin də nümunəvi kursantı olur. Hərbi liseyi uğurla başa vurduqdan sonra tam hazırlıqlı kursant kimi hərbi təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirir.
Bu gün gənc zabit B.Əliyev cəbhə xəttində xidmət edən, ömrünü müqəddəs hərb sənətinə  bağlayan, Vətəni, torpağı qorumağa  və onun uğrunda canından keçməyə hazır olan yüzlərlə peşəkar, vətənpərvər zabitlərimizdən biridir. Hər dəfə ön xətt bölmələrində belə Vətən oğullarının xidmət etdiyini görəndə qürur hissi keçiririk. Düşmənlə üzbəüz mövqelərdə xidmət edən ordumuzun zabit heyəti daim döyüş bacarıqlarını artırır və tabeliklərində olan şəxsi heyəti hər an döyüş əmrinə hazırlayır.
Müsahibim  B.Əliyev bizimlə söhbətində hər bir Azərbaycan oğlunun Vətəni müdafiə etməyə, onu yağı  düşməndən qorumağa borclu olduğunu dedi: "İllərdir erməni vəhşiləri Vətənimizin sakitliyini pozub. Cəbhə xəttində atəşkəs olmasına baxmayaraq, düşmən tez-tez iriçaplı silahlardan döyüş mövqelərimizi, bəzən yaşayış məntəqələrimizi, dinc sakinlərimizi atəşə tutur. Buna baxmayaraq, əhali ordumuza güvənərək arxayınlıqla öz şəxsi təsərrüfatlarında gecə-gündüz işləyir. Əhali güclü ordumuza, peşəkar hərbçilərimizə güvənərək təmas xəttinə yaxın məsafədə yerləşən evlərini heç vaxt tərk etməyib. Onlar yaxşı bilirlər ki, gecə-gündüz səngərlərdə Vətənimizin keşiyində cəsarətlə dayanan Murad, Samid, Mübariz, Fərid kimi igid oğullarımızın davamçıları var. Aprel döyüşlərində xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi yazan o oğulların yolunu bu gün biz davam etdiririk.  Torpaqlarımızın azadlığı uğrunda yenidən döyüşlər başlayarsa, düşmən daha ağır cəzalandırılacaq. Azərbaycan bizim evimizdir. Azərbaycan bizim doğma yurdumuzdur. Biz öz evimizi, elimizi, yurdumuzu qoruyuruq. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətənimizin ərazi bütövlüyü uğrunda döyüş əmrinə hər birimiz hər an hazırıq".

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"