Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Sentyabr 2019 10:59

Vətən üçün döyüşmək şərəfdir

Hər şey Fernando Magellanın dünya səyahətindən sonra başladı. Artıq yerin kürə şəklində olması sirr  deyildi. Dünyanın bu forması həm də baş verən hadisələrin hər yerdə təkrarlandığına dəlalət edirdi. Müharibələr, qırğınlar və talanlar bütün dünyanı əhatə edən hadisə və proseslərdir. İstəsək də, istəməsək də dünyanın istənilən ölkəsində bu və ya digər formada kiçik və böyük münaqişələr mütləq baş verməkdədir. Müharibə isə qarşısı çətin alına bilən xəstəlik kimidir.
"Müharibənin rəngi hansıdır?", - deyə öz-özümə sual etdim. Bu rəng qara və qırmızıdır. Ancaq aradan incə bir cizgi - yaşıl keçir. Qara rəng, solan, yox olan ümidlərin xəbərçisidir. Qırmızı rəng al qan və boynu bükük Qərənfil qızların nişanıdır. Yaşıl rəng isə yenidən dirçələn ümidlərin, istəklərin, inamın, gələcəyin simvoludur.
Tarix boyu müharibələrin əsas qəhrəmanları əsgərlər olublar. Müharibələr əsasən əsgərlərin çiynində olub. Bu mənada əsgərləri fərqləndirmək olmur. Ancaq heç bir azərbaycanlı, türk Vətən üçün savaşmaqdan yorulmayıb, ölümdən qorxmayıb. Eynən Aprel döyüşlərində qəhrəman oğullarımızın göstərdikləri rəşadət kimi.
And içmişdik ki, müqəddəs savaşda bir ölsək də, min diriləcəyik. Yaxşı bilirik ki, qan tökmək günahdır. Ancaq andına sadiqdi Azərbaycan əsgəri. Dövlət üçün bayraq, himn və gerb nə qədər əhəmiyyətlidirsə, əsgər, Sən də bu dövlət üçün bir o qədər əhəmiyyətlisən. Nümunəvi xidmətinlə bu ada yüksəlməyə çalışırsan. Heç bir kənar qüvvə, hadisə sənin mənəvi ruh düşkünlüyünə səbəb ola bilməz. Çünki sən qələbənin asan qazanılmayacağını çox yaxşı dərk edirsən. Anlayırsan ki, yolçusu olduğun bu yolda ölüm, itim, ayrılıq var. Ən əsası isə Vətən var, torpaq var. Sən bu yolda torpaq olmağı belə gözə almısan. Belə xidmətə isə yalnız  əhsən demək düşür!..

Hüsniyyə İDRİSOVA,BSU-nun III kurs tələbəsi