Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Sentyabr 2019 10:59

Döyüş hazırlığımızı daim artırırıq

Azərbaycan Ordusunda döyüş hazırlığının yüksəldilməsi şəxsi heyətin qarşısında duran başlıca vəzifədir. Ön xətdə yerləşən hərbi bölmələrimiz torpaqlarımızı düşməndən qorumaq üçün mütəmadi döyüş hazırlığı ilə məşğul olurlar. "N" hərbi hissəsinin ərazisində olarkən keçirilən dərs prosesi diqqətimizi cəlb etdi. Dərs prosesini bir az müşayiət etdikdən sonra şəxsi heyətə yaxınlaşırıq.
- Hazırda bölmənin şəxsi heyəti atıcı silahların taktiki-texniki xüsusiyyətlərini, hissə və mexanizmlərini, “döyüşə” komandasının yerinə yetirilməsi qaydasını öyrənir, - deyə leytenant Elgün Əzizov söhbətə başladı. - Başlıca vəzifəmiz döyüş tapşırığının yerinə yetirilməsidir. Bu səbəbdən də mütəmadi olaraq şəxsi heyət komandanlıq tərəfindən müəyyən edilmiş döyüş hazırlığı planına əsasən, nəzərdə tutulan tədbirləri ardıcıl yerinə yetirir. Düşmən əsgərləri səngərdə ayıq-sayıq dayanan, döyüş hazırlığını gündən-günə daha da artıran Azərbaycan Ordusunun şəxsi heyətinin yüksək döyüş ruhundan qorxuya düşür. Atəşkəs rejimini hər dəfə pozanda ordumuz onlara layiqli cavab verir. Bu da yüksək səviyyəli döyüş hazırlığının nəticəsidir. Hər bir əsgər, eləcə də kiçik komandir heyəti bilir ki, döyüşə hazır olmayan bölmə məğlubiyyətdən yaxa qurtara bilməz. Bunu dərk edən şəxsi heyət həm Vətənin keşiyində durmaq, həm də döyüşə hazırolma vəzifəsinin öhdəsindən gəlmək üçün öz bacarıqlarını daim artırırlar.
Əsgərlərə dərsi izah edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Elməddin Muradovu izləyirik. O, tabeliyindəki əsgərlərə avtomatın döyüş imkanlarını izah edir və silahdan atəş açmaq qaydalarını başa salır. "Avtomat əsgərin fərdi silahıdır. Ondan istifadə etmək üçün gərək əvvəlcə silahın bütün döyüş qabiliyyətini, hissə və mexanizmlərini, funksiyalarını biləsən ki, baş verəcək hər hansı ləngimənin qarşısını vaxtında almağı bacarasan. Biz dərs vaxtlarında və silah təmizləmə saatlarında da tabeliyimizdəki heyətə avtomatın hissələrini bir-bir izah edirik. Bölmənin bütün şəxsi heyəti artıq ona təhkim olunmuş silahı rahatlıqla istifadə edə bilir. Şəxsi heyətimiz istənilən an düşmənə öz silahlarını tuşlamağa və torpaqlarımızı azad etməyə hazırdır."
Leytenant Elgün Əzizov bölmələrdə əsgərlərin mənəvi-psixoloji hazırlığının artırıldığının da diqqət mərkəzində olduğunu bildirdi. "Psixoloji cəhətdən döyüşə hazır olan əsgər müharibə meydanında ən çətin vəziyyətdə belə düzgün qərar vermək iqtidarındadır. Şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinə cavabdeh zabit kimi ictimai-siyasi hazırlıq dərslərinin vaxtında keçirilməsinə, mövzuların dolğun və səlis olaraq əsgərlərə çatdırılmasına xüsusi diqqət edirəm. Vətənini sevən əsgər ən müasir silahdan belə güclüdür."
Təsdiqlənmiş tədbirlər planına uyğun olaraq təkcə gündüz deyil, gecə dərsləri də keçirilir. Həmçinin gecə atışlarına hazırlıq vərdişlərinin artırılması da şəxsi heyətə aşılanır. Zabit və əsgərlər döyüş şəraitinə uyğun olaraq öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyə çalışırlar.
- Bu gün döyüş hazırlığımızı artırmaq məqsədilə mütəmadi olaraq bizə məşğələlər keçirilir, - deyə əsgər Əmin Mustafayev bildirdi. - Komandirlərimizin rəhbərliyi altında ixtisas, atəş, mühəndis, taktiki biliklərimizi təkmilləşdiririk. Gördüyünüz kimi, hazırda bizlərə təhkim olunmuş silahlarımızın döyüş imkanları öyrədilir. Hər kəs öz silahını tanımalı, ondan bacarıqla istifadə etməyi bacarmalıdır.
Şəxsi heyətin öz vəzifəsinə dərindən bələd olması, çevikliyi, verilən tapşırığı dəqiq icra etməsi bölmənin istənilən vəziyyətə hazır olduğunu göstərir.
Əsgər Turqay Kazımzadə gənc əsgər hazırlığı dövründə öyrəndiklərini burada təkmilləşdirdiyini qeyd etdi. "Xidmətə yeni gəldiyimizdə silahları tanımırdıq. Düzdür, internet saytlarında ordumuzun müasir silahlarını axtarıb baxırdım. Lakin heç vaxt əlimə silah götürməmişdim. İlk dəfə silahı götürəndə həyəcanlandım. Zaman keçdikcə isə artıq ona öyrəşdim və dərk etdim ki, silah əsgərin ən yaxın dostudur. Ona görə də mənə təhkim edilmiş silahın bütün taktiki-texniki xüsusiyyətlərini oxudum, onunla rəftar etmə qaydalarını öyrəndim. Gənc əsgər hazırlığı ərəfəsində öyrəndiklərimizi buraya gəldikdən sonra daha da təkmilləşdirdik. Bu gün Ali Baş Komandanın rəhbərliyi altında öz silahdaşlarımla birgə düşmən üzərinə şığımağa və torpaqlarımızı azad etməyə  tam hazırıq."
- Məşğələlərin mövzusuna uyğun olaraq istər fərdi, istərsə də manqa şəklində verilən tapşırığın öhdəsindən gələ bilərik, - deyə əsgər Ramin İsrafilov söhbətimizə qoşuldu. - Bölməmizin bacarıqlı zabitlərinin, həmçinin yuxarı komandanlığın daim olaraq dərslərimizə nəzarət etməsi bizi daha səylə çalışmağa sövq edir. Komandirlərimiz bizə silahın ən incə detalı haqqında məlumat verir, dərsin sonunda isə sual-cavab edirlər. Ona görə də hamı dərsi diqqətlə dinləyib mənimsəməyə çalışır. Çünki bunlar hamısı döyüş meydanında düşməni məhv etməyimiz üçündür. Bu gün biz əsgərlərin üzərinə düşən vəzifə keçirilən dərsləri diqqətlə dinləmək və hər an gələcək komandaya hazır olmaqdır.
Əsgərlər Elton Məmmədov, Emin Fərəcov, İlkin Cəbrayılov, Səbuhi Alıyev, Turxan Mustafayev də dərslərdə daim fəal iştirak etdiklərini və yuxarı komandanlıq tərəfindən veriləcək istənilən tapşırığın öhdəsindən layiqincə gələcəklərini bildirdilər.
Hər bir əsgər işğalda olan torpaqlarımızın düşməndən tezliklə azad edilməsinin fərqindədir. Bu səbəbdən də Azərbaycan əsgəri döyüş meydanında qalib olmağa hazırdır. Ordumuzda xidmət edən savadlı, bacarıqlı, peşəkar komandir heyətinin köməyi sayəsində şəxsi heyət gündən-günə döyüş hazırlığını artıraraq qalibiyyətə doğru addımlayır.

Məhəmməd NƏSİRLİ,
foto C.CƏFƏROVUNDUR