Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Sentyabr 2019 10:19

Cəsur oğullarımızla fəxr edirik...

Elə bil son vaxtlar zaman çox tez keçir. Zamanın küləyi illəri üzü gələcəyə doğru qovduqca hey qovur. Sanki biz torpaqlarımızın azadlığı uğrunda şəhid olanları illərlə əvvəl yox, dünən-srağagün torpağa tapşırmışdıq. Amma bir anlıq nəfəs çəkib tarixin səhifələrinə boylananda görürük ki, o kədərli çağlardan çox illər ötüb. O vaxtlar iyirmi dörd, iyirmi beş yaşlarında Şəhidlər xiyabanında dəfn etdiyimiz oğul və qızlarımızın indi 50 yaşları tamam olur.
Əgər torpaqlarımızın müdafiəsində canından keçməsəydi, bu ilıq payız günlərində Quliyev Cavid Cəlal oğlunun 50 yaşı tamam olacaqdı. Amma o Vətən torpaqlarının azadlığı uğrunda şəhid olaraq ömrünün 24-cü pilləsində qalıb. Yurd uğrunda canlarından keçənlər heç vaxt unudulmurlar, həmişə yad edilirlər.
İki-üç gün əvvəl bu şəhid ailəsini yaxından tanıyan Lalə xanımla onların qapısını döydük. Bizi dünyanın hər üzünü görmüş Cavidin anası Turan xanım qarşıladı. Yerimizi rahatlayan kimi Turan xanım Cavidin albomunu bizə verdi. Saralmış vərəqləri bir-bir aşırıb oğlunun yaşadığı 24 illik ömür yolu ilə tanış oluruq. Cavid müxtəlif illərdə çəkilmiş şəkillərdən üzümüzə boylanır. Onun yaşadığı ömür yolları həm fotolarda, həm də acılı-şirinli xatirələrdə qalıb.
Xoşbəxt günlərində çəkdirdiyi şəkillərinə baxandan sonra Cavidin qısa, lakin şərəfli ömür yolu ilə tanış oluruq. O, 1969-cu ildə Bakı şəhərində dünyaya göz açıb. Orta təhsilini başa vurandan sonra hərbçi olmaq arzusu ilə Leninqrad Ali Hərbi Siyasi Məktəbinə daxil olub. Ürəyindəki istəklərini yerinə yetirmək üçün Cavid ixtisasını dərindən öyrənməyə çalışırdı. Amma o vaxtlar ermənilərin Leninqradda apardıqları anti-Azərbaycan təbliğatı onların tədris ritmini pozurdu. Vəziyyət getdikcə pisliyə doğru dəyişirdi. Axır iş o yerə çatdı ki, Cavid burada oxuya bilməyib 3-cü kursdan köçürmə yolu ilə doğma şəhərinə üz tutdu - təhsilini Bakı Ali Birləşmiş Komandirlər Məktəbində davam etdirdi. Bu o günlər idi ki, torpaqlarımızın azadlığı uğrunda qanlı savaş gedirdi. Cavid də cəbhə bölgəsinə, döyüşlərə can atırdı. Can atırdı ki, yurdunu qəsb etməyə çalışan erməni qəsbkarları ilə vuruşsun. 
Hərbi təhsilini başa vuran Cavidi 1993-cü ilin aprelində cəbhə bölgəsinə göndərdilər. İlk gündən cəsarəti, igidliyi ilə seçilən Cavid ən çətin tapşırıqların öhdəsindən bacarıqla gəlirdi. Bir gün axşam döyüşün qızğın çağında əsgər rabitə vasitəsilə ona çatdırdı ki, dörd erməni qulduru onların arxasına keçir. Cavidin cavabı qısa olur: "Bu dəqiqə gəlirəm". Gənc zabitin cəsarəti sayəsində qəsbkarlardan biri məhv edildi, üçü əsir götürüldü.
Cavidin son döyüşü 9 may 1994-cü ildə oldu. Həmin günə qədər isə cəsur zabit onlarla qanlı döyüşdə iştirak etmişdi. Bu əməliyyatlarda düşmənin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi. Hünər və igidliyinə görə komandanlıq dəfələrlə Cavidi mükafatlandırmışdı. Onun üçün isə ən böyük mükafatı işğaldan azad edəcəyi torpaqlar idi. Son döyüşdə qüvvələr bərabər deyildi. Amma nə qədər çətin olsa da, onlar müqavimət göstərir, işğalçıların hücumlarını dayandırmağa çalışırdılar. Artilleriyaçılar ermənilərin zirehli texnikalarını atəşə tutsalar da, qəsbkarlar addım-addım irəliləyirdilər. Qumbaraatan əsgər Xəqani Məmmədovun yaralanmağı vəziyyəti bir az da çətinləşdirdi. Cavid əsgəri Ziyarəddinə əmr etdi ki, Xəqanini geri çıxarsın. Yarım saat çəkən döyüşdə onların mühasirəyə düşmək təhlükəsi yaranırdı. Bunu görən Cavid geri çəkilmək əmri verdi. Bu vaxt zabit yoldaşı Rəhim Məmmədov yaralandı. Onu döyüş mövqeyindən çıxarmaq istəyən əsgər Faiq Əvəzov da yağıların gülləsinə tuş gəldi. Nə qədər çətin olsa da, Cavid onları təhlükəli zonadan uzaqlaşdırdı. Ön mövqeyə qayıdanda artıq vəziyyət çox gərgin idi. Atəş açmaq istərkən döyüşçü dostu Nizami Hacıyevlə eyni vaxtda yaralandılar. Qəlpələr onun qolundan dəymişdi. Güllələrdən yayınmaq üçün ikisi də yaxınlıqdakı çalaya sığındılar. Təəssüflər ki, düşmənlər onları görüb tez bir zamanda başlarının üstünü alaraq təslim olmağı tələb etdilər. Amma nə Nazim, nə də Cavid qəsbkarların istəklərini yerinə yetirmədilər. Son anda qumbaralarını sinələrinə sıxdılar. Qumbara partlayışından ermənilərdən də bir neçəsi məhv oldu.
Düşmən Cavidin nəşini bir aydan sonra qaytardı. Onun ölümündən üç gün sonra isə cəbhədə atəşkəs elan edildi. Cavidin məzarı ikinci Şəhidlər xiyabanındadır. Azərbaycan xalqı qəhrəmanlarını heç vaxt unutmur. Həmişə onlarla fəxr edib öyünür. Cavid kimi igid zabitlərin məzarı böyüməkdə olan nəsillərin daim ziyarətgahına çevriləcək. İstər əlli yaşda olsun, istərsə də yüz yaşda. Turan xanım üçün isə bu böyük bir təsəllidir.
Döyüşlərdə göstərdiyi igidliyə, qəhrəmanlığa görə Quliyev Cavid Cəlal oğlu ölkə başçısının 25 iyun 2008-ci il tarixli sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeninə layiq görülmüşdür. Cavid kimi cəsur oğullarla hamımız fəxr edirik!


Vahid MƏHƏRRƏMOV