Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Sentyabr 2019 10:33

“Torpaqlarımız bizi gözləyir”

Azərbaycan əsgərinin torpaqlarını qoruması, Aprel və Günnüt zəfərlərini qazanması,  sözün əsl mənasında, qəhrəmanlıq dastanıdı. Böyük bir amal uğrunda mübarizə aparan Azərbaycan əsgərinin komandirlərinə güvənməsi, silahına sarılıb, biliyinə əsaslanması, ülvi hisslərlə Vətəninin keşiyində dayanması qəhrəmanlığın başlanğıcıdı. Ömür deyilən zaman kəsimini Vətəni üçün yaşayan Azərbaycan əsgəri ona tapşırılan mövqeyi sayıqlıqla qorumağa, onu daim nəzarətdə saxlamağa, bunun üçün düşmənin hər bir hərəkətini müşahidə etməyə və ən nəhayət, torpaqlarımızı düşmən tapdağından azad etməyə hazırdır. Bu  Azərbaycan əsgərinin müqəddəs vəzifəsidir. Döyüş silahları və onların xarakterik xüsusiyyətlərinin öyrənilməsi də bu vəzifənin dolğun yerinə yetirilməsi üçündü.
Dərs prosesi zamanı diqqətimi səngərdə dayanıb əlləri ilə qarşı tərəfi göstərən, əsgərlərə nə isə izah edən zabit cəlb etdi. Həmin məqamda mənə elə gəlir ki, zabit sinəsini Vətənə səngər bilən Azərbaycan əsgərinə duyğulu düşüncələrini çatdırır: - Çoxdandı o dağlara, əzəli yurdlarımıza - Xankəndiyə, Şuşaya, Laçına, Kəlbəcərə, Xocalıya gedə bilmirik. Vüqarımız, qürurumuz, baş tacımız, qeyrət qalamız olan uca dağlar bizi gözləməkdədi. Biz bu torpaqları azad edə bilməsək, babalarımızın ruhu bizi bağışlamaz. Ona görə də son damla qanımıza qədər döyüşməli və torpaqlarımızı azad etməliyik. Xalqımızın bizə inamı, güvəni sonsuzdur, borcumuz bu inamı və güvəni doğrultmaqdır. Qarabağı azad etmək biz hərbi qulluqçuların, əsasən də sizin kimi igid əsgərlərin boynuna düşür. İnanıram ki, torpaqlarımızın müdafiəsi naminə qələbəyə qədər döyüşəcək, işğal altında olan digər torpaqlarımızı azad edəcəyik!
Düşüncələrimdən ayrılıb dərs prosesinə cəlb olunan əsgərlərimizə yaxınlaşdım.
- Gördüyünüz kimi, bölmələrimizin şəxsi heyəti  məşq prosesinə cəlb olunaraq onların üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır, - deyə bizi mehribanlıqla qarşılayan leytenant Kamil Siraclı bildirdi.  - Ön xətdəki bölmələrimiz həmişəki kimi döyüş növbəsi aparır. Arxada yerləşən bölmələrimiz isə dərslərə cəlb olunur, ixtisas bacarıqlarını artırırlar. Yəni, bizim üçün vərdiş etdiyimiz adi günlərdən biridir. Ancaq belə dərslərin əhəmiyyəti böyükdür. Çünki əsgər həm təlim və məşq prosesindən keçməli, həm də ideoloji cəhətdən hazır və bilikli olmalıdır. Yüksək vərdişlərin təməli isə məşq və təlimlərdə qoyulur.
Əsgər Elşən Həsənov söhbətə qoşularaq bildirdi ki, məşq prosesində əsas iş döyüş silahlarını və texnikalarını mükəmməl öyrənməkdir. "Hələ ki, müharibə başa çatmayıb. Müharibə torpaqlarımız işğaldan azad ediləndən sonra başa çatacaq. Ona görə də döyüş zamanı düşmənin yerləşdiyi ərazinin kəşfiyyatını aparmaq, silah və texnikaların taktiki-texniki xüsusiyyətlərini dərindən mənimsəmək, qələbələrimizə vəsilə olmaq, torpağını qorumaq və azad etmək ən böyük vəzifə borcumuzdur. Bu baxımdan bugünkü dərs prosesini Qələbəyə doğru atılan bir addım hesab edir və bu işdə kiçik də olsa zəhmətim olduğuna görə özümü xoşbəxt sayıram...
Söhbətə qoşulan əsgərlər  -Taci Nuriyev və Süleyman Xəlilov bildirdilər ki, hər birimizin qəlbində müqəddəs bir hiss - Vətənə məhəbbət hissi var. Sərhəddən başlayan Vətən sevgisi məndən, səndən, ondan keçərək bütün Azərbaycana yayılır. Ona görə də Vətənimizin hər qarışı bizim üçün əzizdir. Dərs prosesi zamanı bir hiss bizi rahat buraxmır - axı göz oxşadıqca nəzər yetirdiyimiz torpaqlar da bizimdir. İndi həmin torpaqlara uzaqdan baxmağa məhkumuq. Düşmən bizim sərhədlərimizi parçalasa da, ürəyimizi, beynimizi, əyilməz ruhumuzu, xalqımızın şanlı keçmişini heç bir vəchlə bölə bilmədi. Nə qədər ki, xalqın güvəndiyi Azərbaycan Ordusu var, Azərbaycan torpaqları işğal altında qala bilməz!

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR