Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Sentyabr 2019 10:33

“Texnikalarımız saz vəziyyətdə saxlanılır”

Çıxışdan qayıdan avtomobillər parkda sıra ilə düzülmüşdü. Hər maşının sürücüsü ona təhkim olunmuş avtomobili silib təmizləyir, aşkar edilmiş nöqsanları komandirlərin köməyi ilə aradan qaldırırdı. Texnikaları təmiz saxlamaq onların istismar müddətini uzadır, çatışmazlıqların və nasazlıqların vaxtında aradan qaldırılması onların daim səfərə hazırlığını təmin etmək məqsədi daşıyır. "N" hərbi hissəsində fasiləsiz iş davam edirdi.
Təhkim edilmiş avtomobili çıxışa hazır vəziyyətə gətirən sürücü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Emin Səmədova yaxınlaşdım. Öyrənirəm ki, Şirvan şəhərində dünyaya göz açan həmsöhbətim ona təhkim edilmiş avtomobil haqqında dərin nəzəri və praktiki biliklərə malikdir. O bildirdi ki, texnikasını hər zaman çıxışa hazır vəziyyətdə saxlayır. Onu da qeyd etdi ki, sürücünün başlıca məqsədi xidməti istifadəsində olan avtomobili saz vəziyyətdə saxlamaqdır.
- Sürücü öz səbri, məsuliyyəti, diqqəti, peşəkarlığı, təmkini ilə seçilməlidir. İdarə etdiyimiz texnika dəmir parçasıdır. Hərəkətdə olduğumuz zaman çox hadisələr baş verə bilər. Gözlənilmədən nasazlıqlar yaranar, qarşımıza ani olaraq maneələr çıxa bilər və sair. Bu zaman sürücü yaranan hər cür situasiyada nəqliyyat vasitəsini peşəkarlıqla idarə etməlidir. O, tək özünü deyil, sərnişinləri də düşünməlidir. Sükan arxasında əyləşərkən bu məsuliyyətin çətinliyini dərk etmək lazımdır. Hər bir sürücü idarə etdiyi avtonəqliyyat vasitəsinin ehtiyat hissələrinin sazlığına nəzarət etməli, təmir işləri ilə əlaqədar texniki sənədləri, iş haqqında hesabatları tərtib etməli, texnikasının zəruri ehtiyat hissələri ilə vaxtında təmin olunmasına nail olmalı, avtomobilinin gündəlik fəaliyyətə, istənilən an veriləcək komanda ilə səfərə və döyüşə hazır saxlamasına diqqət yetirməlidir. Həmçinin ayrı-ayrı hissə və qovşaqlara baxış həyata keçirməli, aşkar etdiyi nasazlıqların vaxtında aradan qaldırılmasına səy göstərməlidir.
Emin Səmədov bildirdi ki, yaxşı sürücü olmaq üçün avtomobil haqqında biliklə yanaşı, yol hərəkəti qaydalarını da yaxşı bilmək və onlara riayət etmək lazımdır. Həmsöhbətim onu da vurğuladı ki, texnikaların daim saz vəziyyətdə saxlanılmasında onlara köməklik göstərən əsgərlər də var. "Etiraf edim ki, bəzi əsgərlərdə sürücülük təcrübəsi az olur. Komandirlərimiz tərəfindən onlarda nəzəri və praktiki bilikləri artırmaq məqsədilə dərslər təşkil olunur. Dərslər gənc sürücülərin bilik və təcrübələrinin artırılmasına zəmin yaradır".
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Emin Səmədov kimi təcrübəli sürücülərin sayəsində avtomobillər hər zaman saz vəziyyətdə olur. Çünki bacarıqlı sürücü-mexaniklər maşınlarda aşkar edilən çatışmazlıqları aradan qaldırır və qısa zamanda texnikanı tam hazır vəziyyətə gətirir. Nəticə etibarilə texnikaların sazlığı bölmələrin döyüşə hazırlıq səviyyəsini artırır. Bu da hər bir komandirin qarşısında duran mühüm vəzifələrdən biridir.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"