Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Sentyabr 2019 10:33

Atalarımızın qəhrəmanlığı unudulmayacaq

Azərbaycan Hərb Tarixi Muzeyində Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi ilə birgə İkinci Dünya müharibəsinin başlanmasının 80 illiyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı hərbi attaşesi polkovnik Andrey Aleksentsev, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin, Müdafiə Nazirliyinin idarə və müəssisələrinin, hərbi hissələrin, Silahlı Qüvvələrin Hərbi Akademiyasının, şəhər muzeylərinin və digər müəssisələrin nümayəndələri iştirak edirdilər.
Mərasim iştirakçıları öncə İkinci Dünya müharibəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər, sonra Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dövlət himnləri səsləndirildi.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə mərasim iştirakçılarını salamladı və Azərbaycanla Rusiya arasında əlaqələrin çoxəsrlik tarixi olduğunu, hər iki xalqı ümumbəşəri dəyərlərin birləşdirdiyini, vahid dövlətdə yaşayarkən xalqlarımızın xarici düşmənə qarşı birgə mübarizə apardığını söylədi. O bildirdi ki, Rusiya Federasiyası hazırda ölkəmiz üçün əsas strateji tərəfdaşlardan biridir.
İkinci Dünya müharibəsinin dəhşətli nəticələri barədə söhbət açan muzey rəisi vurğuladı ki, bizim ata və babalarımız alman faşizminə qarşı birlikdə vuruşublar və onların qəhrəmanlığı heç zaman unudulmayacaq.
Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Mixail Boçarnikov çıxışında İkinci Dünya müharibəsinin bəşəriyyətə gətirdiyi bəlalardan söhbət açdı, Sovet İttifaqının müharibədə böyük itkilər verdiyini, 30 milyon nəfərədək insanın həlak olduğu, Sovet xalqlarının faşizm üzərində qazanılan qələbəyə böyük töhfə verdiyini söylədi. Bu gün  bəzi ölkələrdə faşistlərin qəhrəman kimi təqdim edilməsi cəhdlərinin baş verdiyini bildirən səfir M.Boçarnikov bunun yolverilməz olduğunu vurğuladı: "Böyük məmnuniyyət hissilə qeyd etmək istəyirəm ki, bu mübarizəni biz birlikdə aparırıq. Azərbaycan Rusiya Federasiyasının bu istiqamətdə təşəbbüslərini dəstəkləyir və beynəlxalq arenada, Birləşmiş Millətlər Təşkilatında faşizmin qəhrəmanlıq nümunəsi kimi təqdim edilməsinə qarşı bizimlə birlikdə səs verir. Yekunda onu demək istəyirəm ki, bir ildən artıqdır ki, Azərbaycan Respublikasında işləyirəm, faşizm üzərində qələbənin necə bayramsayağı, təntənəli surətdə qeyd edilməsinə heyran olmuşam. Həmin tədbirlərdə həm ölkə rəhbərliyi, həm Azərbaycan xalqı, həm də müharibə veteranları iştirak edirlər. Müharibə veteranlarına Azərbaycan Respublikasında böyük diqqət və qayğı göstərilir. Bizim bugünkü görüşümüz, inanıram ki, qələbəmizin, yaddaşımızın qorunmasına töhfə olacaq".
Faşist Almaniyası tərəfindən 80 il öncə başlanmış İkinci Dünya müharibəsində milyonlarla insanın həlak olduğunu bildirən tarix elmləri doktoru, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin professoru, ehtiyatda olan birinci dərəcəli kapitan Nurulla Əliyev müharibənin siyasi-iqtisadi ziddiyyətlərin kəskinləşməsi səbəbindən yarandığını və bütün planet üçün faciəyə çevrildiyini vurğuladı.
Tədbirdə  İkinci Dünya müharibəsinin başlanmasına həsr olunmuş sənədli film nümayiş olundu, sonra H.Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifasında hərbi vətənpərvərlik mövzusunda mahnılar səsləndirildi.
Tədbir Azərbaycan Hərb Tarixi Muzeyinin zallarına ekskursiya ilə yekunlaşdı.

Əbülfət QASIMOV, Azərbaycan Hərb Tarixi Muzeyi,
foto Namiq PƏNAHOVUNDUR