Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Sentyabr 2019 10:33

“Gərək sənət, peşə seçimində yanılmayasan”

İnsan arzularla yaşayır və bu arzuların həyata keçməsini səbirsizliklə gözləyir. Xüsusilə, orta məktəb illəri hər birimizin qəlbində dərin iz salır, xoş xatirələrlə dolu olan o illərdə arzular, istəklər coşub çağlayır. Daha çox eşitdiyimiz, bir-birimizə ünvanladığımız sualların arasında "Hansı sənəti seçmək istəyirsiniz?" sualı diqqətçəkəndir.
Ön xətt bölmələrimizdən birində "N" hərbi hissəsində nümunəvi xidməti ilə fərqlənən gənc zabit Rza Seyidova ilk sualımız belə oldu: “Necə oldu ki, bu sənəti seçdiniz?”
- Təbii ki, sənət seçimi orta məktəb illərindən başlayır, - deyə gənc zabit söhbətə başladı: "Tanıdığım insanlar var ki, onlar valideynlərinin seçdiyi peşəyə yiyələniblər. Yəni, valideynlərinin arzusunu həyata keçiriblər. Mən belə peşə  seçiminə qarşı da deyiləm. Ancaq hər kəs ürəyindən gələn, öz arzuladığı sənətə sahib olanda daha gözəl nəticələr əldə edilir. Bu zaman arzuladığın sənətə mükəmməl yiyələnmək üçün qarşıya çıxan bütün çətinlikləri asanlıqla dəf etməyi bacarırsan. Bir sözlə, seçdiyin sənətin peşəkarı olursan. Gərək sənət, peşə seçimində yanılmayasan. Arzuladığın peşədə çalışanda səmərəli iş fəaliyyətin, xidmətin olur."
Öyrəndik ki, gənc zabit hərbçi peşəsinə ürəyinin səsiylə gəlib.  Hələ orta məktəb illərində həmyaşıdları kimi onun da bitib-tükənməyən  arzuları olub. Gələcəkdə müqəddəs hərb sənətinin sirlərinə dərindən yiyələnmək, Vətənimizin, torpaqlarımızın müdafiəsində əzmlə dayanmaq Rzanın arzularının ən alisi idi. 
Bu istəklə də sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə təqdim edib. İmtahandan yüksək nəticələr əldə edərək, liseyin kursantı adını qazanıb. Hərbi liseydə oxuduğu müddətdə ilkin hərbi vərdişlərə dərindən yiyələnməyə çalışıb, dərslərinə, verilən tapşırıqlara məsuliyyətlə yanaşıb. Liseyin nümunəvi kursantlarından olub.
Hərbi liseyi başa vuran Rza sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunub. Burada sevdiyi və arzuladığı hərb sənətinin elmi nəzəriyyəsini ordumuzun peşəkar zabitlərindən öyrənib. Keçirilən təlimlərdə hərbi bacarıq və qabiliyyəti təkmilləşib.  Döyüş texnikalarının idarəetmə mexanizmini öyrənib.
Ali hərbi təhsil aldıqdan sonra leytenant hərbi rütbəsində xidməti vəzifəsinə cəbhə bölgəsindən  başlayan zabit onu da vurğuladı ki, çətin, təhlükəli peşə yoxdur, sadəcə arzuladığın peşə var. Hərb peşəsi müqəddəs peşədir. Heç bir çətinlik bizi qorxutmur. Mövqelərimiz düşmənlə təmas xəttinə yaxındır. Burada təmas xətti ordumuzun ön xətt bölmələrinin nəzarətindədir. Düşmənin hərəkət istiqamətlərini sayıqlıqla izləyirik. Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. Onların bilik və bacarığı sinif, çöl məşğələlərində daima yoxlanılır. Əsgərlərimiz müxtəlif silahlardan istifadə qaydalarını mükəmməl mənimsəyiblər. Torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda Ali Baş Komandanın döyüş əmrinə hər an hazırıq”.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR