Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Sentyabr 2019 10:49

“Konflikt jurnalistikası məktəbi”nin növbəti təlimi keçirildi

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə "Dinc Dünya" Araşdırma Mərkəzinin təşkil etdiyi "Konflikt jurnalistikası məktəbi" adlı birgə layihənin Hərbi Hava Qüvvələrində növbəti auditoriya təlimi keçirildi.
Jurnalistlər qarşısında çıxış edən hərbi hissənin zabitləri bildirdilər ki, Hərbi Hava Qüvvələrinin təyinatı respublikamızın hava məkanının nəzarətdə saxlanılmasını düşmənin hava hücumu vasitələrini hava döyüşlərində məhv etməklə dövlət sərhədlərinin müdafiəsini təmin etmək, vizual müşahidə olunan hədəfləri (yer və dəniz hədəflərini) məhv etməkdir.
Layihə iştirakçılarına Hərbi Hava Qüvvələrinin yaranma tarixi, arsenalında olan silahlardan, hərbi helikopterlərdə rabitə və radiotexniki vasitələrdən istifadə qaydaları, yerüstü müşahidə sistemləri, hava təhlükəsizliyi və cavabdehlik zonası, döyüş təyyarələri, hava hücumundan müdafiə vasitələri haqqında məlumat verildi. Hava məkanındakı kəşfiyyat məlumatlarının toplanılması, təhlili qaydaları izah edildi. Vurğulandı ki, bu gün ən yüksək texnologiya ilə təchiz edilən uçuş aparatları istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Həmçinin jurnalistlərə hərbi pilotların fəaliyyətləri barədə də geniş məlumat verildi.
Zabitlər təlimalanlara onu da bildirdilər ki, müasir texnoloji avadanlıqlarla təchiz edilən Hərbi Hava Qüvvələrinin hərbi hissələri döyüş növbətçiliyini yüksək səviyyədə apararaq, qoşunların qısa müddətdə döyüş vəziyyətinə gətirilməsini, eləcə də istənilən iqlim şəraitində və sutka ərzində düşmənin hava hədəflərinin izlənilməsini, qərarların vaxtında qəbulunu və aviasiya qüvvələrinin döyüş tapşırıqlarını maksimal effektiv icra edirlər.
Auditoriya təlimindən sonra təlimalanlar hərbi hissənin ərazisindəki mövcud infrastrukturla, silah və texnikalarla, məşq qurğuları ilə yaxından tanış oldular. Sonra layihə iştirakçıları şəxsi heyətlə birgə nahar etdilər.
 
Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"