Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Sentyabr 2019 10:26

“Azərbaycan Ordusu tezliklə tarix yazacaq”

Əsrarəngiz yay səhəridi. Həmişəki kimi səngərə - əsgərlərimizlə görüşə can atırıq. Günəş dağın arxasından boylanmağa cəhd göstərir. Dan yeri yenicə ağarıb. Həzin səhər mehi əsir. Quşların səs-səsə verib cəh-cəh vurması gözəlliyə öz çalarını qatır və onların ilk baxışdan çox sadə görünən bəstələrinin ən mükəmməl klassik əsərləri belə kölgədə qoyduğunun mahiyyətinə varıram. Rəngarəng təbiətlə bütünləşdiyim indiki məqamda, başda ağaclar olmaqla, bütün bitkilər, xüsusilə, güllər, çiçəklər mənə doğma gəlir. Mənə elə gəlir ki, təbiətlə insanın əkizliyi həqiqətilə üz-üzə qalmışam.
Əslində, canlı təbiətin onu qədərincə duyanlara, dərk edənlərə kəskin ehtiyacı var. Bu baxımdan, şübhəsiz ki, həmişə yollara boylanan dağlar da, başı qarlı dağları həsrətlə seyr edən insanlar da bir-birinin intizarındadır. Hər ikisi yaxşı bilir ki, bu intizara Azərbaycan əsgəri son qoyacaq.
Bir həqiqəti bilirik və ona görə də sevincliyik ki, getdiyimiz bu yol bizi xalqımızın həsrətinə son qoyacaq, işğalda olan torpaqlarımızı düşməndən azad edəcək Azərbaycan əsgəri ilə görüşə aparır. Yolboyu düşüncələr məni rahat buraxmır. Düşünürəm ki, əsgərlərimizlə görüşə qədər olan zaman kəsimi qədər bir zaman bizi Böyük Qələbədən ayırır. Kapitan Elmin Aslanov fikirlərimi duyurmuş kimi qeyd edir ki, bu gün Azərbaycan Ordusu torpaqlarımızı azad etmək gücündədir. "Ordumuzun döyüş hazırlığı səviyyəsi durmadan yüksəldilir, şəxsi heyət müasir silah və texnika ilə təchiz edilir, yeni poliqonlar inşa edilir, döyüş şəraitinə uyğun təlimlər həyata keçirilir. Vəzifəsindən asılı olmayaraq, hər bir hərbi qulluqçu verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirməyə qadirdir. Həyata keçirilən təlimlər, yoxlamalar və digər tədbirlər əsgər və zabitlərimizin müasir döyüşün ən mürəkkəb tapşırıqlarını belə müvəffəqiyyətlə yerinə yetirməyə hazır olduqlarını, döyüş qabiliyyətlərini və peşəkarlıqlarını, yeni silah sistemlərindən və döyüş texnikasından ustalıqla istifadə etmək bacarıqlarını əhəmiyyətli dərəcədə artırdıqlarını göstərir".
Müəyyən məsafəni qət etdikdən sonra səngərə yetişirik. Səngərdə ilk həmsöhbətimiz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Münasib Misirov olur. "Bu gün ordumuz günü-gündən böyüyür və güclənir", - deyə manqa komandiri bildirir. - Xalqımızın bizə inamı və güvəni sonsuzdur. Qarabağı azad etmək biz hərbçilərin üzərinə düşür. Vətənə inam, xalqa sədaqət bizi qələbəyə sövq edir. İnanıram ki, torpaqlarımızın müdafiəsi naminə qələbəyə qədər döyüşəcək, əzəli torpaqlarımızı erməni işğalçılarından azad edəcəyik.
Əsgər Qəhrəman Məmmədov bildirir ki, bunun üçün bizim başlıca məqsədimiz hərbi bilikləri mənimsəməkdir. "Məhz dərindən öyrəndiklərimizin hesabına düşmənə qalib gələ bilərik. Aprel döyüşləri sübut etdi ki, aparılan əməliyyatlarda təcrübə və bilik xüsusi əhəmiyyət kəsb etdi".
Əsgər Orxan Mürsəlov qeyd edir ki, mütəmadi keçirilən təlimlərin hesabına döyüş hazırlığımız yüksəlir: “Döyüşmək üçün təhkim olunan silahın taktiki-texniki xüsusiyyətlərini bilmək vacib şərtdir. Bu amil qazanılacaq qələbədə böyük əhəmiyyət daşıyır. Lakin ən mühüm amil düşmənləri qəlbimizdəki Vətən sevgisinin, Vətən məhəbbətinin atəşinin köməyi ilə məhv etməkdir. Vətən sevgisi olmasa, qazanılan təcrübə ilə heç nəyə nail olmaq olmaz.”
- Bütün mənliyimizi ana vətənimizə - Azərbaycana borcluyuq, - deyə əsgər Emin Həsənov söhbətə qoşulur. - Əsl vətənpərvər o adama demək olar ki, o, öz Vətənini bütün qəlbi ilə, canı və qanı ilə sevir, onun azadlığı və istiqlaliyyəti uğrunda hər an canını qurban verməyə hazırdır.
Əsgər Xaləddin Mahmudov isə bildirir ki, 20 faiz torpağımız mənfur düşmənlərin işğalı altında olduğundan Vətənimizin hər qarışını azad etmək və qorumaq bizim üzərimizə düşür. “Hərbi andı qəbul edən zaman and içmişik ki, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaq, bundan ötrü qanımızı və canımızı əsirgəməyəcəyik. Bilirəm ki, hər bir əsgər içdiyi Hərbi anda sadiqdi və Şuşa qalasında, Cıdır düzündə üçrəngli Azərbaycan bayrağını dalğalandıracağına ümidlidi.”
Əsgər Təyyar Bayramov isə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğıdan söz açır: "Ölkə və ordu rəhbərliyindən göstərilən yüksək diqqət və qayğı hər birimizdə Qələbə ruhunu yüksəldib. Artıq Azərbaycan Ordusu Ermənistan üçün böyük təhlükə mənbəyidir. Düşmənlər də verdiyi açıqlamalarda öz məğlubiyyətlərini etiraf edirlər, xüsusən Aprel döyüşlərindən sonra. İndi Azərbaycanın həm hərbi, həm psixoloji, həm də strateji baxımdan üstünlük qazandığı inkar edilməz səviyyədədir. İnanırıq ki, bu üstünlüklər xalqımızın səbirsizliklə gözlədiyi Qələbəyə gətirib çıxaracaq".
Söhbətimizin bu yerində zabit Elşad Əbilov da münasibət bildirir: "Bildiyiniz kimi, Azərbaycan Ordusunun yaradılması müstəqil dövlət quruculuğu prosesinə, respublikamızın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsinə xidmət edən ən mühüm addımlardan biridir. Dövlət quruculuğunun mühüm tərkib hissəsi olan Azərbaycan Ordusunun zəngin hərbi ənənələrini qoruyub saxlamaqla Ali Baş Komandan cənab İlham Əliyev bu sahənin ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu bir daha sübut etdi. Ümummilli Liderimiz tərəfindən əsası qoyulan strategiyanın tərkib hissəsi olan Azərbaycan Ordusu ölkənin milli təhlükəsizliyi baxımından siyasi, hərbi, iqtisadi, psixoloji hadisələrin ardıcıl və məntiqli bir sistem içərisində olmasında əhəmiyyətli yerə sahibdir. Bu mənada reallıq sübut edir ki, ordumuz xalqına sevinc bəxş etmək iqtidarındadır.”
Əsgər Xalid İlyasov isə bildirir ki, vətənpərvərlik ruhu yüksək olan Azərbaycan əsgərinin başqa missiya haqda düşünməyə haqqı çatmır. Biz əminliklə deyə bilərik ki, gündən-günə güclənən, qüvvətlənən şanlı Azərbaycan Ordusunun qələbə sorağı, üçrəngli bayrağımızı Qarabağda sancacağımız gün uzaqda deyil. Azərbaycan Ordusunun şəxsi heyəti səbirsizliklə Ali Baş Komandanımızın əmrini gözləyir. Azərbaycanın bu gün döyüş hazırlığı, maddi-texniki təchizatı, silah-sursatı, peşəkar ordusu, ruh yüksəkliyi də qələbənin təminatına əminlik yaradır. Aprel döyüşləri və Günnüt zəfəri də onu göstərdi ki, biz işğal altındakı bütün torpaqlarımızı azad edəcəyik. Şəxsi heyət bu müqəddəs yolda hər an əldə silah döyüşməyə, unudulmayan tarix yazmağa və xalqımızı sevindirməyə hazırdır.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
fotolarNamiq PƏNAHOVUNDUR