Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Sentyabr 2019 10:53

Hərbi Dəniz Qüvvələrində “Konflikt jurnalistikası məktəbi”nin auditoriya təlimi keçirildi

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə "Dinc Dünya" Araşdırma Mərkəzinin təşkil etdiyi "Konflikt jurnalistikası məktəbi" adlı birgə layihənin Hərbi Dəniz Qüvvələrində növbəti auditoriya təlimi keçirildi.
Təlimdə çıxış edən zabitlər Hərbi Dəniz Qüvvələrinin yaranma tarixi, hərbi gəmilərdə rabitə və radiotexniki vasitələrdən istifadə qaydaları, suüstü və sualtı müşahidə sistemləri, dəniz təhlükəsizliyi və cavabdehlik zonası, döyüş gəmiləri haqqında məlumat verdilər. Həmçinin təlim alanlara Hərbi Dəniz Qüvvələrinin komanda məntəqəsi haqqında da məlumat verildi. Bildirildi ki, bu məntəqə Hərbi Dəniz Qüvvələrinin idarə olunmasını həyata keçirir. Bunlarla yanaşı, suüstü şərait haqqında operativ informasiyaların Hərbi Dəniz Qüvvələrinə məxsus sahil və ada radiotexniki postlarda yerləşən radiolokasiya stansiyaları vasitəsilə alınaraq, real vaxt rejimində monitorlarda əks olunduğu haqqında məlumat iştirakçıların diqqətinə çatdırıldı.
Layihə iştirakçıları hərbi gəmilərin fəaliyyət istiqaməti, şəxsi heyəti, döyüş qabiliyyəti və davamlılığı haqqında ətraflı məlumat aldıqdan sonra, dənizçilərin sosial-məişət şəraiti, gündəlik iş rejimi və nizam-intizam qaydaları ilə tanış oldular.
Hərbi gəmilərlə tanışlıq başa çatdıqdan sonra layihə iştirakçıları şəxsi heyətlə birgə nahar etdilər.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"