Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Sentyabr 2019 10:10

“Xidmətimiz günün tələbləri səviyyəsində qurulub”

Cəbhə xəttində yerləşən "N" hərbi hissəsində bölmə komandirləri və onların müavinləri ilə keçirilən komandir toplanışlarının yekun mərhələsi keçirildi.
Hərbi hissənin zabiti Rəhim Rzayev bildirdi ki, bir neçə gündür davam edən toplanışda praktiki vərdişlər nəzərdən keçirildi. “Şəxsi heyətin fiziki, taktiki hazırlığı yoxlanıldı, həmçinin rəhbəredici sənədlərdən test üsulu ilə imtahan qəbul edildi.”
Zabit onu da qeyd etdi ki, bu gün Azərbaycan Ordusu dünya orduları sırasında öncül yer alaraq, Cənubi Qafqazın ən qüdrətli ordusuna çevrilib: "Bilirsiniz, güclü ordu və güclü dövlət vəhdət təşkil edir. Müstəqil dövlətin nüfuzu dünyada onun ordusunun qüdrətilə ölçülür. Fəxrlə deyə bilərik ki, bu gün ordumuzun gücü dünyanın aparıcı orduları ilə müqayisə ediləcək səviyyədədir. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordumuza göstərdiyi yüksək diqqət və qayğı gündən-günə artmaqdadır. Əlində silah gecə-gündüz Vətənə keşik çəkən yüksək döyüş hazırlığına malik, peşəkar əsgər və zabitlərimiz torpaqlarımızın azadlığı uğrunda  Ali Baş Komandanın döyüş əmrini gözləyirlər. Bu gün izlədiyiniz toplanışın mütəmadi olaraq və plana əsasən keçirilməsi də şəxsi heyətin döyüş hazırlığının və peşəkarlığının artırılmasına yönəlib. Toplanış bölmə komandirlərinin bilik və bacarıq səviyyəsinin daha da yüksəldilməsi, şəxsi heyətin mənəvi-psixoloji ruhunun artırılması, onların fiziki hazırlıqlarının yoxlanılması, rəhbəredici sənədlərin öyrənilməsi məqsədi daşıyır. Ayrı-ayrı bölmələr üzrə keçirilən təlim məşğələlərin nəticəsi onu deməyə əsas verir ki, bölmələrimizin döyüş hazırlığı yüksək səviyyədədir."
Qərargahda olduğumuz müddətdə bölmə komandirlərinin və onların müavinlərinin qarşıdakı imtahana ciddi hazırlaşdıqlarının şahidi oluruq. Onlar fiziki hazırlıqlarını artırmaq məqsədilə idmanın müxtəlif növlərində məşq edir, qarşılarına qoyduqları hədəfə çatmağa çalışırdılar.
- Bir neçə gündür ki, toplanış davam edir. Hər birimiz toplanışın planına uyğun olaraq hazırlıq səviyyəsinin artırılmasına nail olmağa çalışırıq, - baş leytenant Bayram Əliyev bildirdi. - Sonda xidmətdə qazandığımız bilik və bacarığımızın hansı səviyyədə olması qiymətləndiriləcək. Nəticədə hər kəsin nəyə qadir olduğu bilinəcək. Əminik ki, nəzərdə tutulan bütün tapşırıqların öhdəsindən bacarıqla gələcəyik. Çünki buna ciddi və yüksək hazırlığımız imkan verir.
Sonda bölmə komandirlərinin və onların müavinlərindən götürülən imtahanın nəticələri elan edildi. Nəticələr qənaətbəxş hesab olunur. Toplanışın yekunu onu deməyə əsas verir ki, Azərbaycan Ordusu günün tələbləri səviyyəsində qurulub və onun şəxsi heyəti istənilən döyüş tapşırığının öhdəsindən gəlməyə qadirdir.

Lalə HÜSEYNOVA,  "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR