Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Sentyabr 2019 10:10

Əsgərlərimizin sağlamlığı əmin əllərdədir

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində olduğumuz zaman müasir standartlara cavab verən avadanlıqlarla təchiz edilən tibb məntəqəsi diqqətimizdən yayınmadı. Bura daxil olduqda həkimlər tərəfindən tibb məntəqəsinə müraciət edən əsgərimizə sarğı qoyulurdu. Onlara müraciət edən xəstəyə yüksək səviyyədə qayğı göstərilirdi. Həkimlərimizin işinə maneçilik törətməmək üçün işlərinin bitməsini gözlədik.
Sarğı qoyulduqdan sonra tibb xidməti leytenantı İlkin Həsənliyə yaxınlaşdım. Zabit qeyd etdi ki, orta və kiçik tibbi heyətin əməyinin təşkil edilməsinə və onların öz vəzifələrini yerinə yetirməsinə nəzarət edir. "Həkimlərin normal işləmələri üçün şöbədə ümumi intizama, müntəzəm olaraq tibbi alətlərə, dərman və materiallarla təchizata, əmlakın və tibbi inventarın qorunmasına və avadanlığın vaxtında təmir olunmasına diqqət yetirilir. Həmçinin xəstələrin qidalanmasına və yeməklərin şöbələrə daşınmasının düzgün təşkilinə, az tapılan dərmanların və materialların düzgün uçotunun aparılmasına, təhlükəsizlik texnikası, aseptika və antiseptika qaydalarına düzgün riayət olunmasına hər zaman nəzarət edilir." Söhbət zamanı həkim bildirdi ki, ən kiçik yara belə insanın həyatı üçün təhlükə mənbəyi ola bilər. "Yaraya toxunan hər şey steril, yəni, mikrobsuz olmalıdır. Çünki cürbəcür mikroblar yara vasitəsilə asanlıqla orqanizmə daxil ola bilər. Ona görə də zədələnmiş yerə sarğı qoymaq lazım gəlir. Sarğı yaranı mikroblardan və kənar təsirlərdən qoruyur, qanaxmanı dayandırır. Bunun üçün tənzifdən və pambıqdan istifadə edilir. Yadda saxlamaq lazımdır ki, pambıq da, tənzif də steril olmalıdır. Yod və spirt kimi vasitələr mikrobları öldürür."
"Sarğı qoyarkən müəyyən qaydalara xüsusən əməl edilməlidir", - deyə leytenant İlkin Həsənli sözünə davam etdi.
- Əvvəlki iki sarğı ikiqat, yəni, üst-üstə qoyulur, sonrakı sarğılar biri digərinin yarısını tutmaqla davam etdirilir. Ələ sarğı qoyarkən barmaqların uclarını sarğıda saxlamaq düzgün deyil. Qanı dayandırmaq üçün sarğını bərk sıxmaq olmaz. Bu, yaralının qan dövranını poza bilər. Ancaq çox boş da sarımaq sarğının boşalıb öz-özünə açılmasına səbəb olar. Bəzən ehtiyatsız hərəkət etdikdə ayaq burxulur, sümükləri birləşdirən bağlar və əzələlər dartılıb gərilir, ayaq şişir və şiddətli ağrılar baş verir. Belə hallarda ilk yardım olaraq dəsmalı soyuq su ilə isladıb zədələnmiş yerə qoymaq və tibb məntəqəsinə müraciət etmək lazımdır.
Burada müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş əsgər Kəmalə Əflani ilə də tanış oluruq. O, həkim tərəfindən verilən bütün təyinatların, göstərişlərin düzgün və vaxtında yerinə yetirilməsinə, həmçinin sanitar rejimə, daxili qaydalara xəstələr tərəfindən riayət olunmasına nəzarət edir. Onun xəstələrlə mehriban davranışının şahidi olduq. Kəmalə Əflani bildirdi ki, həkimlik sənəti qəhrəmanlıq, hünər deməkdir. “Həkimin gücü onun ürəyindədir, dərmanın ən böyük hissəsi məhəbbət, inam, sevgi və xəstəyə göstərilən isti münasibətdir.”
Həmsöhbətim onu da qeyd etdi ki, tezliklə Ali Baş Komandanımızın rəhbərliyi altında işğal altında olan torpaqlarımızın işğaldan azad olunacağına o da əmindir.
Hərbi hissənin tibb məntəqəsinə müraciət edən əsgər Ceyhun Aşurov həkimlərin, tibb bacılarının onlara olan diqqətindən, qayğısından, tezliklə sağalıb öz xidmətinə qayıtmaq istəyindən söz açdı və Vətəni üçün son damla qanını belə  əsirgəməyəcəyini vurğuladı.

Orxan HÜSEYNLİ,"Azərbaycan Ordusu"