Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Sentyabr 2019 10:09

Şəhidlər ölməzdi...

Müharibə tariximizin Aprel döyüşləri ordumuzun qüdrətini, gücünü, döyüş əzmini, qələbə ruhunu göstərdi. Əsgərlərimiz Vətən üçün, torpaq üçün döyüşdülər, əks-həmlə əməliyyatını qələbə ilə tamamladılar. Döyüşlərdə iştirak edənləri, qəhrəmanları unutmuruq. Şəhidlər bizim üçün, Vətənimiz üçün əbədiyyətə qovuşublar. Pilotlarımız -Təbriz Musazadə, Urfan Vəlizadə, Əbu Bəkir İsmayılov belə qəhrəmanlardandır. Onlar Mİ-24 helikopteri ilə döyüşlərdə iştirak etdilər, döyüşdülər, Füzuli istiqamətində şəhid oldular. Şəhidlərimiz izdihamla son mənzilə yola salındı. Pilot Təbriz Musazadənin oğlu Tayfun deyir ki, anam, bizi atam olmadan heç bir nemətə əl uzatmağa qoymurdu. “Deyirdi ki, böyüksüz olmaz. İndi də deyir ki, Tayfun, sən olmadan süfrəyə heç kim əl uzatmayacaq”.
Azərbaycan xalqına xas olan ən gözəl dəyərlərdən biri də ailədə böyüklərə hörmətdir. Pərişan xanımın həyat yoldaşına göstərdiyi hörmət, qəhrəmanımızın övladlarının ataya olan sevgisi bu ailənin əsl Azərbaycan ailəsinə xas olan müsbət keyfiyyətlərinin göstəricisidir. Pərişan xanım Təbrizlə bağlı xatirələrini belə xatırlayır: “Bir gün ondan soruşdum ki, necə ölüm daha yaxşıdır? Cavab verdi ki, şəhid olmaq.”
Urfan Vəlizadə hərbi vətənpərvərlik ruhunda tərbiyə almış, hərbiyə olan sevgisi ilə uşaq yaşlarından fərqlənirmiş. Məhz buna görə də o, orta məktəbi bitirdikdən sonra öz arzusunun arxasıyca gedir. Hərbçi olmaq üçün Türkiyədə təhsil alır, Azərbaycanda xidmətə başlayır. İki qız atası olan Urfan övladlarını vətənpərvər böyüdürdü. Onlara daim "Qarabağ şikəstəsi"ni dinlədirmiş. Şəhidin həyat yoldaşı Könül xanım deyir: "Urfan həmişə deyirdi ki, biz bu problemi gələcək nəsillərə saxlamayacağıq".
Əbu Bəkir İsmayılov Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, sonra Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini bitirib. Həyat yoldaşı Şəbnəm xanım onun son kəlmələrini belə xatırlayır: "Mən ondan nə vaxt gələcəyini soruşdum. O isə bilmirəm nə vaxt gələcəm, qələbə üçün gedirik" dedi.
Belə qəhrəmanların ömür yolundan öyrənə-öyrənə formalaşan gənc nəslimiz Vətən sevgisiylə yaşayır, işləyir, xidmət edir.

Elnarə BAYRAMOVA