Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Sentyabr 2019 10:09

Azərbaycan Ordusu xalqını yeni qələbələrlə sevindirəcək

Azərbaycanın qarşısında dayanan torpaqlarımızın azadlığı problemi gənc nəsildən, xüsusən hərbçilərimizdən əcdadlarımızın qəhrəmanlıq ənənələrini bu gün də, gələcəkdə də qorumağı və onun müstəqilliyini əbədi etməyi tələb edir. Qədirbilən xalqımız qəhrəmanlıq ənənələrini qoruyur, inkişaf etdirir və bu estafet uğurla nəsildən-nəslə ötürülür.
Ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Hazırda qarşımızda duran vacib və taleyüklü Qarabağ probleminin həllində yaxından iştirak edə biləcək milli-mənəvi dəyərlərimizə bağlı olan intellektual səviyyəli kadrlarımız çoxdur. Kapitan Elmin Məhərrəm oğlu Aslanov belələrindəndir. Naxçıvan MR Culfa rayonunun Teyvaz kəndində anadan olan zabit Heydər Əliyev adına Hərbi Liseyi, sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib və "N" hərbi hissəsində xidmət edir.
Həmsöhbətim hesab edir ki, hər bir insanın qəlbində ana kimi müqəddəs, ülvi və şirin bir hiss var: "Bu, Vətənə olan sevgi hissi, doğma torpağa olan məhəbbət duyğusudur. Vətən eşqi, torpaq sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan ümmandır. Vətəni sevmək və bu sevgi uğrunda canından belə keçməyə hazır olmaq isə hər bir əsgərin, hərbi qulluqçunun borcudur. Hərbi qulluqçularımız borclarını layiqincə yerinə yetirdilər və Aprel döyüşləri zamanı ilahi tərəfindən millətimizə bəxş olunan torpağımızı öz qanları ilə yoğurmağa hazır olduqlarını sübut etdilər".
Aprel döyüşlərini xatırlayan kapitan Elmin Aslanov bildirdi ki, həmin döyüşlərdən bir çox acı və şirin xatirələr yaddaşıma həkk olunub: “Acı xatirələr odur ki, çiyin-çiyinə xidmət etdiyimiz dostlarımızı, silahdaşlarımızı itirdik. Şərəfli olanı isə odur ki, o torpaqlarda Azərbaycan bayrağı dalğalanır. 25 illik həsrətlə gözlədiyimiz torpaqlarımıza qovuşduq.”
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirdiyinə, Azərbaycan Ordusunun zabiti olduğuna, torpaqlarımızın bütövlüyü uğrunda gedən mübarizədə iştirak etdiyinə görə şərəf duyan və məsuliyyət hiss edən kapitan Elmin Aslanov hesab edir ki, hər bir zabit mənəvi keyfiyyətləri ilə seçilməyi, şəxsi heyətə nümunə olmağı, müstəqilliyin keşiyində dayanmağı bacarmalıdır. “Əgər bu gün komandiriksə, milli dəyərlərimizi, tariximizi, mədəniyyətimizi, qəhrəmanlıq ənənələrimizi yaxşı bilməliyik ki, əsgərlərimizə də onu aşılaya bilək. Sevinirəm ki, hazırlıqlı, günün tələbinə uyğun Azərbaycan əsgərini formalaşdıra bilirik. Bugünkü Azərbaycan əsgəri, hərbi qulluqçusu Azərbaycanın hərb tarixinə parlaq səhifələr açmaq iqtidarındadır. İnanırıq ki, Aprel və Günnüt zəfərləri sonuncu deyil. Azərbaycan Ordusu xalqını yeni qələbələrlə sevindirəcək. Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuzun ona gücü də çatır, potensialı da”.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR