Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Sentyabr 2019 10:34

“Dövlət sərhədlərimizin bu üzündə səngər olmayacaq!”

İctimaiyyətin istəyini, niyyətini ifadə edən bu gözəl fikri, gərəkli fikri, dövlətçiliyə sədaqəti şərtləndirən fikri ön xətdə ezamiyyətdə olanda səngərdə bir səmimi söhbət zamanı əsgərlərdən eşitmişdim. "Mən azərbaycanlıyam!", - deyənlərin könül mülkünün sultanı olası belə qadir fikri böyük ehtiramlarla vətənsevərlər düşüncələrinə necə hopdurursa, mən də eləcə hopdurmuşdum. Ötən ezamiyyətdən bəri yaddaşımdan da, düşüncələrimdən də üzülməyən bu kəlamı da, Faxralıda eşitdiyim  bir deyimi də səngərdə yenidən xatırlayıram: "Deyən qadir deyil, dedizdirən qadirdi". "Dövlət sərhədlərimizin bu üzündə səngər olmayacaq!" fikrini onda əsgərlərimizə milli-xəlqi ruhumuz dedizdirmişdi, şübhəsiz, bu fikri də, bu deyimi də mənə milli-xəlqi ruhumuzun yaşarılığı, bəşəriliyi xatırlatmışdı. Səngərə çata-çatda bu fikrin necə yarandığını da xatırlayıram: müharibədən, döyüşlərdən, 2016-cı ilin Aprel döyüşlərindən, Lələtəpə, Bayraqtəpə, Günnüt zəfərlərindən, şəhidlərdən, şəhidlikdən danışmışdıq. Söz sözü çəkmişdi, Vətən, torpaq, dövlət. Dövlətçilik ünvanlı fikirlərə söykəkli bu gözəl, bu yaşarı fikir düşüncələrimizin nizamına dönmüşdü. Dövlət sərhədlərimizin bu üzündə səngər olmayacaq, yəni, torpaqlarımız işğaldan azad ediləcək, yəni, müharibə başa çatacaq, döyüşlərdə qələbə qazanan Azərbaycan əsgəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ordumuzun 100 illiyinə həsr olunmuş möhtəşəm, baxımlı paradda əminliklə dediklərini yaxın vaxtlarda gerçəkləşdirəcək, yəni, Böyük Qələbə ərəfəsindəyik...
Mahiyyət "Səngərləri sərhədlərə köçürəcəyik!" - fikriylə səsləşən "Dövlət sərhədlərimizin bu üzündə səngər olmayacaq!" - fikrinə ön xətdə xidmət edən zabit Rüstəm Məmmədovun heysiyyətli münasibəti ürəyimi dağa döndərir: "Hər iki fikir Azərbaycan Ordusunun qüdrətinə, döyüşlərdə qələbə qazanacağına inamı ifadə edir. Bu inam son illərdə həyata keçirilən irimiqyaslı islahatlarla, genişmiqyaslı təlimlərlə bağlı olduğuna görə ona reallıq deyə bilərik". Zabit gözucu əsgərlərə baxır, yəni, bu inam həm də sənin hərbi xidmətinin nəticəsidir, əsgər. Və fikrini qətiyyətlə davam etdirir: "Bu inam ordunun Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacağına əminlikdi, 2016-cı ilin Aprel döyüşlərində qələbə qazananların sələflərinin Hərbi anda, dövlətə sədaqətinin, vətənsevərliyinin səviyyəsinin ifadəsidi...".
Zabit Roman Vəliyevin etibara, güvəncə söykəkli baxışları hələ də əsgərlərdən üzülməyib; belə baxışların ifadəliyinə rəğbət deyərdim və əminəm ki, buna görə heç kim məni qınamayacaq. Mənim eyni məzmunlu baxışlarım zabit Rüstəm Məmmədovun baxışlarına sarılıb, yəni, bu gözəl, könüləyatımlı kəlamların qaynaqlandığı inama, amala, güvəncə görə çox sağ ol. Sözlə ifadə etmədiyim fikri təşəkkürü zabit də başa düşür, əsgərlər də; əsgərlərin baxışlarında bir məmnunluq görürəm və bu məmnunluğun ardıcıllığıyla soruşuram:
- Dövlət sərhədlərimizin bu üzündə səngər olmayacaq fikrinə siz nə deyərdiniz?
Əsgər Şöhrət Abdurəhmanov deyir:
- Biz əsgərik. İstənilən döyüş tapşırığını, əmrini yerinə yetirməyə hazırıq. Bu, bizim hər birimizin hərbçi borcumuzdu. Çox istərdik ki, bizə torpaqlarımızın işğaldan azad edilməsi üçün döyüş əmri veriləydi. Döyüşəydik. Əminəm ki, biz həmin əmri qələbəylə tamamlayarıq. Dediyimiz fikir ondan sonra reallaşacaq. Azərbaycan Ordusu buna qadirdir və yaxın vaxtlarda sərhədlərimizin bu üzündə səngər qalmayacaq, bizdən sonra əsgərlər səngərsiz torpaqlarımızda xidmət edəcəklər.
Əsgər Amil Nadirov deyir:
- Səngər müharibə, müharibə səngər deməkdi. Müharibə başa çatmalıdır ki, sərhədlərimizin daxilində səngər olmasın. Müharibə torpaqlarımız işğaldan azad ediləndə başa çatacaq. O günə az qalıb. Ordumuz güclüdür...
Zabit Gündüz Quliyev əsgərin sözünə, fikrinə qüvvət kimi deyir:
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qürurla deyib: "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır". Bu qürur hər birimizin qürurudur...
Əsgər fikrini belə tamamlayır:
- 2016-cı ilin aprelində qazanılan qələbəni biz də Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımızı işğaldan azad edəcəyimiz böyük qələbənin başlanğıcı bilirik.
Əsgərin sözünə qüvvət kimi deyirəm ki, dediyin böyük qələbəyə Böyük Qələbə deyəcəyik.
Amil daha sonra deyir ki, Aprel döyüşləri Azərbaycan Ordusunun buna qadir olduğunu təsdiqlədi. Biz həmin qələbəni qazanacağıq, müharibə başa çatacaq, səngər olan torpaq yenidən torpaqlarımıza qarışacaq...
Əsgərin işıqlı fikirləri hamımızı duyğulandırır: Azərbaycan əsgəri bir vaxtlar əziyyətlərlə qazılıb səngərləşdirilən torpaqlara - əraziyə yenidən torpaq ömrü yaşadacaq...
Söhbəti bir qədər də şaxələndirmək üçün əsgərlərə xitabən deyirəm:
- Bayaqdan bəri deyilən fikirlər haqqında düşünürsünüz. Bütün hərbçilər torpaqlarımızı işğaldan azad etmək, müharibəni başa çatdırmaq üçün xidmət edir.
Əsgər Şöhrət Abdurəhmanov xatırlatmama belə münasibət bildirir:
- Elədir, bizim hərbi xidmətimiz məhz buna görədi - torpaqlarımızı işğaldan azad etmək. Bu məqsəd, niyyət indiyə kimi "Dövlət sərhədlərimizin bu üzündə səngər olmayacaq!" - kimi ifadə edilməmişdi. Hamımızın - hərbçilərin də, ictimaiyyətin də istəyini ifadə edən bu fikri yaxın vaxtlarda reallaşdıracağıq. Ali Baş Komandanın  döyüş əmriylə torpaqlarımızı işğaldan tamamilə azad edəcəyik. O döyüşlərlə qazanacağımız qələbələrdən sonra sərhədlərimiz daxilində səngərlərə ehtiyac olmayacaq, yəni, səngərlər olmayacaq.
Zabit Orxan Həmidov əsgərlərə xitabən deyir:
- Birlikdə oxuduğumuz məqalədə "Açıq qapı" günündə kəlbəcərli qaçqının dedikləri yadındadımı? Dərdəcar kişi demişdi ki, el-obamıza qayıtmaq, əlim ev-eşiyimin daşına-divarına dəysin, ondan sonra dünyada heç bir arzum qalmaz. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edəcək, qaçqınlar ev-eşiyinə qayıdacaq. Ondan sonra torpaqlarımıza səngər düşməyəcək.
- O məqaləni oxuyanda Səməndərin dediklərini, yəqin ki, unutmayıbsınız: "Azərbaycan Ordusu qələbə qazanacaq, kaş ki, qalib əsgərlərin sırasında biz də olaydıq." Bugünkü söhbətdə eşitdiyimiz o kəlamı belə ifadə etsəm, məni qınamayın: kaş ki, biz də səngərləri sərhədlərə köçürəcək qalib əsgərlərin sırasında olaydıq!.. , - deyirlər.
... İctimaiyyətin istəyini, niyyətini, murazını ifadə edən "Dövlət sərhədlərimizin bu üzündə səngər olmayacaq!" - fikri ön xətdə səngərdə elə əzəmətlə, elə möhtəşəmliklə səslənir ki!..

Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu"