Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Sentyabr 2019 10:34

Qələbəyə gedən yolun açıq olsun!

Yayın qızmarında, qışın sazağında Vətənin keşiyində dayanan hərbçilərimizə ön xətt bölmələrində xidmət etmək nə qədər fəxrlidirsə,  onlarla görüşüb arzu və istəklərini, şərəfli xidmətlərinin bir anını yazıya köçürmək biz jurnalistlər üçün bir o qədər qürurvericidir. Gecə-gündüz ön xətdə sinəsini düşmənə sipər edən oğulları təbiətin dəyişkənliyi qorxutmur. Onlar döyüş növbətçiliyini sayıqlıqla aparır, düşmənin törətdiyi təxribatların qarşısını cəsarətlə alırlar. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda Ali Baş Komandanın döyüş əmrinə hər an hazır olan əsgər və zabitlərimiz Vətənə, xalqa, dövlətə xidmətlərini uğurla yerinə yetirir, içdikləri Hərbi andın müqəddəsliyini özlərinə həyat amalı bilirlər.
Yolumuz düşmənlə təmas xəttində döyüş tapşırıqlarını şücaətlə yerinə yetirən Vətənin cəsur müdafiəçilərinin  xidmət etdiyi  məkana - səngərədir. Yayın orta ayı olsa da, havada yaz sərinliyi duyulur. Göyün üzünü duman alıb. Sürətli külək əsir. Hərbçilərimiz deyirlər ki, dünənki istidən bu gün əsər-əlamət yoxdur. İqlimin belə tez dəyişməsi, həqiqətən də, təbiətin möcüzəsidir.
Yolboyu gördüyümüz yamyaşıl taxıl zəmiləri,  yonca sahələri, bağça-bağlar, bir sözlə, zəhmətkeş  insanların əməyinin məhsulu olan bu gözəlliklər göz oxşayır. Torpağı da bərəkətlidir bu yerlərin. Yerli əhali daima əkir, becərir, qış tədarükünü hazırlayır. Bu ərazilərdə yay fəsli daha isti keçir.  Ərazinin coğrafi mövqeyi daha çox torpaq  təpələrdən və uzandıqca uzanan düzənliklərdən ibarətdir.
...Yola bələd olan sürücü bəzən sıralanan təpələri çox asanlıqla keçib düzənliyə çıxa bilir. Onun bu bacarığı gözümüzdən yayınmır. Sürücü deyir ki, burada doğulub-böyüyüb, bu yerləri yaxşı tanıyır, hər daşına, kəsəyinə bələddir.
Gecəsi-gündüzü olmayan vətənpərvər hərbçilərimizin fədakarlığı sayəsində mərdliklə qorunan bu ərazilərimizi illərdi ki, Ermənistan silahlı qüvvələri atəşə tutur. Əsgər və zabitlərimizin ayıq-sayıqlığı nəticəsində erməni silahlılarının atəş nöqtələri vaxtında susdurulur, düşmənin kəşfiyyat-diversiya qruplarının hücum cəhdlərinin qarşısı qətiyyətlə alınır.
Düzənlik yol çay daşları ilə örtülüdür. Hətta bu yolda payız-qış mövsümünə hazırlıqla bağlı əlavə tədbirlərin görüldüyünün də şahidi oluruq. Yol bizi düşmənin hər hərəkətini sayıqlıqla izləyən ordumuzun vətənsevər əsgər və zabitlərinin qərar tutduğu məkana - səngərə aparır.
Bizi müşayiət edən "N" hərbi hissənin zabiti Niyazi Dadaşov ön xətt bölmələrimizin şəxsi heyətinin döyüş, mənəvi-psixoloji hazırlıqlarının ən yüksək səviyyədə olduğunu, onların daimi fiziki hazırlıqlarının artırılması və asudə vaxtlarının səmərəli təşkili istiqamətində də zəruri tədbirlərin görüldüyünü deyir: "Düşmən atəşkəsi pozarsa, hücuma cəhd göstərərsə, yüksək döyüş hazırlığında olan hərbçilərimiz tərəfindən onların qarşısı peşəkarlıqla alınır. Təmas xətti düşmənlə üzbəüzdə gördüyümüz  təpəlik, düzənlik ərazilərdən keçir. Düşmənin daha çox atəşkəsi pozduğu mövqelərimizdən olan bu ərazilərdə əməliyyat şəraiti ordumuzun nəzarətindədir. Əsgər və zabitlərimiz bu yerləri göz bəbəyi kimi qoruyurlar. Onların sayıqlığı, əzmkarlığı sayəsində müdafiə möhkəm qurulub. Şəxsi heyət düşmən işğalında olan torpaqlarımızın azadlığı uğrunda Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin döyüş əmrinə hər an hazırdır".
Zabit N.Dadaşov artıq cəbhə xəttinə - bölmələrimizin yerləşdiyi səngərlərə çatdığımızı bildirir. Ərazidə sanki həyat qaynayır. Nahar yeməyinə hazırlıq aparılır. Döyüş növbəsindən qayıdan şəxsi heyət ona təhkim olunan silahı təhvil verərək, dincəlməyə hazırlaşır. Ön xətt bölmələrimizdəki məişət şəraiti və ərzaq təminatı ilə maraqlanırıq. Bunun üçün də əsgər yataqxanasına və yeməkxanasına baş çəkirik. Burada şəxsi heyətin sosial məişət şəraiti yüksək səviyyədə yenidən qurulub və ön xətt bölməmiz ərzaqla təmin edilib.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elçin İmanov  əvvəlki illərlə müqayisədə bu gün cəbhə xəttində yerləşən bölmələrimizin məişət şəraitinin və ərzaq təminatının yüksək səviyyədə olduğunu deyir: "Ali Baş Komandanımız orduya çox böyük diqqət və qayğı göstərir. Şəxsi heyət üçün yaradılan şərait, əlbəttə ki, bu diqqətin və qayğının nəticəsidir. Ordu rəhbərliyi daima döyüş bölgəsində xidmət edən hərbçilərimizlə görüşür, onlara layiqli xidmətlərinə görə qiymətli hədiyyələr təqdim edir. Bütün bunlar bizim döyüş əzmimizi möhkəmləndirir, düşmən üzərində qələbəyə ruhlandırır".
E.İmanov əslən  düşmən işğalında olan Füzuli rayonunun Seyid Əhmədli kəndindəndir. Hərbi xidmətini başa vurduqdan sonra yenidən ordu sıralarına qayıdıb. Deyir ki, torpaqlarımızın azad olunacağı günə qədər hərbi xidmətini davam etdirəcək.
Döyüş növbəsindən yenicə qayıdan əsgər Fuad Hümbətovla da həmsöhbət oluruq:
- Ağır iqlim şəraitində düşmənlə üzbəüz mövqedə  dayanmaq çətin deyil?, - sualımızı əsgər belə cavablandırır. "Nə qədər çətindirsə, bir o qədər də şərəflidir. Burada Vətənimizi, xalqımızı düşmənin törədə biləcəyi təxribatlardan qorumaq Azərbaycan əsgərinə qürur verir. Biz Vətənimizə sədaqətli əsgər olacağımıza  and içmişik. Hər birimiz komandirlərimizin döyüş tapşırığını layiqincə yerinə yetirməyə borcluyuq".
Fuad əslən Laçın rayonundandır. 27 ildir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Laçın rayonunun gözəl təbiəti barədə o, valideynlərindən eşidib. Atası Azər müəllim (Hazırda o, Laçının kənd məktəblərindən birində tarix müəllimi işləyir) Laçın, Şuşa uğrunda gedən döyüşlərin fəal iştirakçılarından olub. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərə həmişə hazır olduğunu deyən Fuadın görmədiyi ata yurdunu işğal edən düşmənə sonsuz nifrəti var. Fuad söhbətimizin sonunda qətiyyətlə bildirir ki, şəhidlərimizin qisasının alınacağı, erməni vəhşilərinin işğalı altında olan Vətən torpaqlarının azad ediləcəyi gün heç də uzaqda deyil. 
Əsgər Asif İsmayılov ön xətt bölmələrimizdə xidmət edən nümunəvi əsgərlərdəndir.  Düşmənlə üzbəüz mövqedə Vətənin keşiyində dayanan Asif artıq hərbi xidmətin çətin günlərinin arxada qaldığını deyir. "Hələ orta məktəb illərində ibtidai hərbi hazırlıq dərsləri zamanı təlim silahlarından istifadə qaydalarını öyrənmişdim. Məktəbdə qazandığım təcrübə hərbi xidmət zamanı köməyimə çatdı. İlk vaxtlarda təlim-məşq zamanı qarşılaşdığım çətinlikləri asanlıqla dəf edə bildim. Mənə təhkim edilən silahın taktiki-texniki xüsusiyyətlərini, ondan istifadə qaydalarını mükəmməl bilirəm. Bunun üçün təlimlərdə bizə gərgin əmək sərf edən təcrübəli komandirlərimizə borcluyuq. Mən də hər bir Azərbaycan əsgəri kimi içdiyim Hərbi anda sadiq qalaraq, Ali Baş Komandanın döyüş əmrinə həmişə hazıram".
Döyüş növbəsinə hazırlaşan həmsöhbətimiz əsgər Həzi Alıyev hərbi xidmət dövründə - səngərdə mətinləşərək, böyük təcrübə qazandıqlarını deyir. "Ön xətdə düşmənlə üzbəüz mövqelərimizdə xidmət  etmək  hər birimiz üçün qürurvericidir. Bir neçə aydan sonra hərbi xidmətimizin müddəti bitəcək. Lakin burada səngərdə yaranan dostluğumuzu, qardaşlığımızı daha da möhkəmləndirib, o günləri əsgər həyatımızın ən xoş, şərəfli günləri kimi xatırlayacağıq".
Müşahidə məntəqəsində döyüş növbəsi çəkən əsgər Natiq Əhmədova yaxınlaşaraq soruşuruq:
- Döyüş növbətçiliyin necə keçir?
- Əla. Düşmən tərəfimizdən sayıqlıqla izlənilir, - deyə əsgər N.Əhmədov gözlərini ön mövqelərdən çəkmədən bizimlə söhbətinə davam etdi: - Hər bir əsgərin həyatında hərbi xidmət dövrü dərin iz buraxır. Çünki ömrümüzün çətin imtahan mərhələsi olan bu dövr bizi sınağa çəkir. Biz bu sınaqdan alnıaçıq, başıuca çıxmağa borcluyuq. Bu bizim Vətən qarşısında olan övladlıq borcumuzdur.
- Mütəmadi keçirilən təlim-məşqlərdən nə deyə bilərsiz?
- Davamlı olaraq keçirilən təlim-məşqlərə gəldikdə isə, bizim bölmənin əsgərləri həmişə yüksək nəticələr göstərir. Atış və döyüş hazırlığı məşğələlərində silahlardan istifadə qaydalarını bizə ordumuzun peşəkar zabitləri, gizirlər, təcrübəli müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları böyük həvəslə öyrədirlər. Dünən təlimdə tökdüyümüz tər, bu gün döyüşdə bizə uğur qazandırır.
Göyün üzündəki duman yavaş-yavaş çəkilməyə başlayır. Külək bir qədər səngiyib. Tək-tək yağan yağış damcılarını Azərbaycan əsgərinin Böyük Qələbə üçün çıxacağı yola səpilən su hesab edirəm, qələbəyə gedən yolun açıq olsun, Azərbaycan əsgəri!...

Lalə HÜSEYNOVA,"Azərbaycan Ordusu",
Fotolar Namiq PƏNAHOVUNDUR