Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Avqust 2019 12:25

“Aprel döyüşləri ordumuzun şanlı tarixi qələbəsidir”

Minilliklərə söykənən qəhrəmanlıq ənənələrimizi yaşadan oğullar zaman-zaman yadelli işğalçılara qarşı Vətən, torpaq uğrunda döyüşlərdə xalqımızın şanlı hərb salnaməsini yaratdılar. Düşmənə "Torpaqdan pay olmaz" dedilər igid ərənlər, qoç Koroğlunun, Dəli Domrulun, Qazan xanın, Babəkin, Xətainin, Cavad xanın övladları. Bu torpaqlar əcdadlarımızın, ata-babalarımızın ruhunu özündə yaşadır deyə, onun uğrunda canlarını fəda etdilər. Tarixin ən sərt dönəmlərində xalqımızın varlığı, yaşarılığı naminə ər oğullarımız torpaq uğrunda ayağa qalxdılar, həyatlarından keçib şəhid oldular, Ana Vətənimizi qorudular. Bir qarış torpağımızdan belə keçmədilər. Qərinələr dolaşdı, illər keçdi, şəhidlərimizin qanı axan yer müqəddəs məkana çevrildi. Belə məqamlarda "Torpaq uğrunda ölən varsa, Vətəndir" misrasındakı böyük hikmət insanı düşündürür.
Daima qalibiyyət bayrağını başı üzərində dalğalandıran Vətənimizin mərd oğulları xalqımızın qəhrəmanlıq, sərkərdəlik tarixini keçən zamanlardan üzü bəri belə şərəflə yaşadıb, bu gün də yaşadır, sabah da yaşadacaqlar. Şübhəsiz...
Ordu ərazi bütövlüyümüzü qoruyan hərbi qüvvədirsə, onu yenilməz edən əsgər və zabitlərimizin gücü, iradə möhkəmliyi, qorxmazlığı, döyüş bacarığıdır. Bütün bunların tarixi köklərimizə və milli-mənəvi dəyərlərimizə bağlılığın, sədaqətin nəticəsi olduğu dəfələrlə təsdiqlənib. Bu gün düşmənlə təmas xəttində döyüş növbəsi çəkən Azərbaycan Ordusunun əsgər və zabitlərinin ruhunda milli-mənəvi dəyərlərimizə bağlılıq dayanır. Əcdadlarımızın, ata-babalarımızın, şəhidlərimizin qəhrəmanlıq ənənələrinə sədaqət dayanır.
Yenə Qarabağdayıq... Düşmənlə təmas xəttində - torpaqlarımıza çox yaxın olan bir məkandayıq. O torpaqlarda əcdadlarımızın, ata-babalarımızın ruhu uyuyur, o torpaqlarda Qarabağ şəhidlərinin nigaran ruhu dolaşır. Tariximizdə yeni zəfər səhifəsi açan Aprel döyüşlərində Vətən üçün sevə-sevə ölümü gözə alan qəhrəmanlarımızla görüşə tələsdiyimiz günü xatırlayıram. O zaman ziyarət etdiyimiz yaralıların gələndən, gedəndən döyüşün gedişatını soruşmaları, onların sarıqla da olsa cəbhəyə qayıtmağa can atmaları, dostları, əsgər yoldaşları ilə birlikdə döyüşü davam etdirmək arzuları yadıma düşür. Aprel döyüşləri xalqımızın qəhrəmanlıq səhifəsinə qürurla yazılacaq və qürurla xatırlanacaq  tarixdir. Bu tarixi Azərbaycan xalqı böyük iftixar hissi ilə yaşadı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi: “Aprel döyüşləri ordumuzun şanlı tarixi qələbəsidir”.
Hərbi hissənin zabiti Eldəniz İsmayılov bölmələrimizin düşmənlə təmas xəttinə çox yaxın məsafədə yerləşdiyini deyir: "Burada xidmət edən hər bir əsgər və zabit yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malikdir. Onlar düşmənin bütün hərəkətlərini ayıq-sayıqlıqla izləyirlər. Düşmən atəşkəsi pozarkən tərəfimizdən zəruri tədbirlər görülür. Qısa müddətdə düşmən cavab atəşilə susdurulur. Şəxsi heyətimiz keçirilən təlimlərdə daima döyüş hazırlığını artırır. Belə bir məşhur deyim var: "Təlimdə tər tökən, döyüşdə az itki verər". Ordumuzda keçirilən irimiqyaslı taktiki təlimlər şəxsi heyətin peşəkarlığını və yüksək döyüş hazırlığına malik olduğunu nümayiş etdirir. Şəxsi heyət mənəvi-psixoloji və ictimai-siyasi hazırlığını artırmaqla, xidmət etdiyi bölmənin döyüş qabiliyyətini artırmış olur. İctimai-siyasi hazırlıq dərslərində şəxsi heyətlə milli-mənəvi dəyərlərimiz, qəhrəmanlıq ənənələrimiz mövzusunda geniş söhbətlər aparılır, onlara xalqımızın ümummilli lideri Heydər Əliyev irsi öyrədilir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müasir ordu quruculuğundakı fəaliyyəti geniş təbliğ olunur."
Ön xətt bölmələrimizdə xidmət edən şəxsi heyətin sosial-məişət şəraitinin ən yüksək səviyyədə qurulduğunu görürük. Əsgər yataqxanası, yeməkxanası, tibb məntəqəsi, ideoloji otaq, məişət otağı, hamam, əşya anbarı və digər  xidməti otaqlar ilə yaxından tanış oluruq. Burada şəxsi heyətin asudə vaxtının səmərəli təşkili üçün də şərait yaradılıb.
Müşahidə məntəqəsində döyüş növbətçiliyi aparan əsgərə yaxınlaşırıq. Gəlişimizdən xəbərsiz olan əsgərin necə ayıq-sayıqlıqla düşmən tərəfi izlədiyini görürük. Oriyentirləri dərindən mənimsədiyini deyən əsgər Səyyad Əsgərovla qısa dialoqumuz olur:
- Düşmənlə təmas xəttində xidmət etmək çətin deyil?
- Xeyr, əksinə, ön xətdə hərbi xidmət keçməyimlə qürur duyuram.
- Gənc əsgərlərə nə deyərdiniz?
- Çətinliklərdən qorxmasınlar. Hər birimiz Vətənə övladlıq borcumuzu yerinə yetirməliyik.  Azərbaycan əsgəri adını şərəflə daşımalı, onu uca tutmalıyıq. Düşmən əsarətində olan torpaqlarımızı azad etmək üçün  Ali Baş Komandanın döyüş  əmrinə hazır olmalıyıq.
Əsgər Natiq Məmmədov da  ön xətdə xidmət etməkdən qürurlu olduğunu deyir: "Burada bir ailə kimiyik. Komandirlərimiz biz əsgərlərlə  böyük qardaş, dost  kimi münasibət yaradıblar. Onlar düşmənlə təmas xəttində necə davranmalı olduğumuzu, hansı  hərbi vərdişlərin əsas olduğunu bizə öyrədirlər. Biz ona görə qürurluyuq ki, Vətənimizin keşiyində dayanıb, xalqımızı düşmən təhlükəsindən qoruyuruq. Torpağı, Vətəni biz oğullar qorumağa borcluyuq. Onun uğrunda şəhid olmağa  da hazır olmalıyıq".
Əsgər Atakişi Cabbarzadə də Natiqin fikirlərinə həmrəy olur: "Xalqımızın qəhrəmanlıq ənənələri var. O ənənələr bu gün Mübariz, Fərid, Çingiz... kimi qəhrəman oğullarımızı yaşatmaqdadır. Biz Mübariz, Fərid, Çingiz... kimi oğulların şərəfli döyüş yollarını özümüzə örnək bilirik".
Həmsöhbətim əsgər İlqar Qurbanov da hər dəfə döyüş növbətçiliyinə çıxanda qürur hissi yaşadığını deyir: "Biləndə ki, Vətən sənə əmanətdir, o zaman insanda məsuliyyət hissi daha çox  olur. Azərbaycan bizim ana yurdumuzdur. O yurd bizim hər birimizə doğmadır. Xalqımız bizə güvənir. Təmas xəttinə yaxın məsafələrdə yaşayan insanların rahat yaşaması üçün gecə-gündüz mövqelərimizdə döyüş növbəsindəyik. Onlar  Azərbaycan əsgərinə, zabitinə güvənir,  hərbçilərə fəxrlə baxırlar. Biz xalqımızdan güc alırıq".
Əsgər Səyyad Mövsümov silahlardan istifadə qaydalarını artıq mükəmməl öyrəndiyini söyləyir: "İriçaplı silahların taktiki-texniki xüsusiyyətlərini bilirəm. Hərbi xidmətə gəldiyim ilk gündən təlimlərdə, məşğələlərdə silahlar barədə öyrənməyə çalışıram. Peşəkar komandirlərimiz silahlardan atış qaydalarını bizə böyük həvəslə öyrədirlər. Biz düşmən işğalında olan torpaqlarımızın azadlığı uğrunda döyüşlərə hər an hazır olmalıyıq. Onun üçün də döyüş hazırlığımızı daima artırırıq. Bu bizim Vətən qarşısında ən müqəddəs borcumuzdur".
Ön xətt bölmələrimizdə xidmət edən şəxsi heyətlə söhbətdən sonra düşüncələrimə bir fikir hakim kəsilir: Ümid sənədir ancaq, Azərbaycan əsgəri. İnanırıq ki, Azərbaycanın döyüş salnaməsinə yeni zəfər tarixini sən yazacaqsan!

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu",
Foto Namiq PƏNAHOVUNDUR