Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Avqust 2019 10:28

Alabinoda qazanılmış uğurlar

“Beynəlxalq Ordu Oyunları”nda Azərbaycan Ordusunun nümayəndələri yüksək nailiyyətlər qazandılar


Mərhum xalq şairi Zəlimxan Yaqub ordu haqqında məşhur şeirində bir qədər sərt olsa da, haqlı olaraq deyir: Ordum varsa, yurdum var, ordum yoxsa, yurdum yox. Bu gün Silahlı Qüvvələrimizin qürur yerimiz olduğunu təkcə beynəlxalq ekspertlərin hazırladığı reytinq siyahısı, düşmənin təmas xəttində aldığı zərbələr göstərmir. Müstəqillik illərində nail olduğu güc və qüdrəti ordumuz həm də Rusiyanın təşəbbüsü ilə artıq beşinci dəfə keçirilən "Beynəlxalq Ordu Oyunları"nda dünyaya nümayiş etdirir.
Bu il baş tutan "Beynəlxalq Ordu Oyunları" da Azərbaycan Ordusu və onun şəxsi heyət üçün yetərincə yaddaqalan oldu. Azərbaycan Ordusunun şəxsi heyətinin hərbi yarışlarda ölkəmizi yüksək səviyyədə təmsil etməsi ordumuzun hər uğuruna sevinən və onunla fəxr edən hər bir vətəndaş üçün bu oyunları əlamətdar hadisəyə çevirdi.
"Beynəlxalq Ordu Oyunları" getdikcə dünyada böyük populyarlıq qazanır. Builki yarışlara dörd qitədən, 39 ölkədən 6 min nəfərə qədər iştirakçının, o cümlədən 223 komandanın qatılması dediklərimizin bariz sübutudur.  Statistik göstəricilər bu oyunların geniş miqyasından xəbər verir. 32 nominasiya üzrə müsabiqələr 10 ölkənin, o cümlədən Azərbaycanın ərazisində keçirildi. Döyüşçülərimiz yarışların altı - "Dəniz kuboku", "Tank biatlonu", "Səhra mətbəxi", "Hərbi-tibbi estafet", "Snayper həddi" və "Artilleriya atəşinin ustaları" nominasiyalarında  ustalıqlarını nümayiş etdirməyə çalışırdılar.
Azərbaycan hərbçiləri arasında ən yüksək nəticəyə ölkəmizdə təşkil edilmiş yarışlarda hərbi dənizçilərimiz nail olmağı bacardılar. Bu böyük nailiyyətə görə ordumuzun HDQ komandasını təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.
"Dəniz kuboku" müsabiqəsində dörd ölkənin - Azərbaycan, İran, Qazaxıstan və Rusiyanın hərbi gəmiləri iştirak edirdi. Komandalar "Artilleriya atışlarının yerinə yetirilməsi", "Gəminin dayanıqlılığı uğrunda mübarizə və xilasetmə hazırlığı" və "Dəniz hazırlığı" mərhələləri üzrə müxtəlif tapşırıqları yerinə yetirdilər. Beynəlxalq hakimlər briqadasının qərarına əsasən, Azərbaycan 212 balla birinci, Rusiya 186 balla ikinci, Qazaxıstan 142 balla üçüncü, İran komandası isə 136 balla dördüncü yerə layiq görüldülər. Beləliklə, Azərbaycan hərbi dənizçiləri rəqiblərini xeyli qabaqlamaqla "Dəniz kuboku-2019" müsabiqəsinin qalibi oldular. Bu qələbə həm də Hərbi Dəniz Qüvvələrinin son illərdə döyüş hazırlığı sahəsində qazandığı uğurlar nəticəsində mümkün olub.
Artilleriyanın quru qoşunlarının əsas vuran əli olduğunu mütəxəssislər yaxşı bilirlər və müasir hərbi əməliyyatlarda onun böyük önəmi var. Xoşdur ki, "Beynəlxalq Ordu Oyunları"nda general Şıxlinskinin davamçıları ölkəmizi və ordumuzu ləyaqətlə təmsil edə biliblər. Qazaxıstanda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsində 11 ölkədən topçuların qatıldığı yarışlarda Azərbaycan Ordusunun bu qoşun növünün nümayəndələri hədəflərə sərrast atəş açıblar. Azərbaycan hərbçiləri Belarus, Ermənistan, İran, Venesuela, Suriya, Zimbabve artilleriyaçılarını qabaqlayaraq dördüncü nəticə göstəriblər. Müsabiqədə Qazaxıstan komandası birinci, Rusiya ikinci, Özbəkistan isə üçüncü yerə layiq görülüb.
Özbəkistanda keçirilən "Hərbi-tibbi estafet" müsabiqəsində 11 komanda arasında Azərbaycanın kişilərdən ibarət heyəti uğurla çıxış etdi və 111 xalla 3-cü yerə layiq görüldü. Bu növdə də Azərbaycan hərbi həkimləri Ermənistan, Belarus, Vyetnam və digər ölkələrin komandalarını bir çox göstəricilərə görə üstələməyi bacardılar. Özbəkistan hərbi təbabətçiləri "Hərbi-tibbi estafet" müsabiqəsində  birinci, Qazaxıstanın komandası isə ikinci yerə çıxdı. Bu müsabiqənin nəticələri də göstərir ki, ordumuzda tibbin inkişafına yüksək diqqət yetirilir. Müsabiqənin yekununda Azərbaycan Ordusunun kişilərdən ibarət hərbi həkim komandası kubok və medalla təltif olundu.
"Beynəlxalq Ordu Oyunları" çərçivəsində keçirilən "Səhra mətbəxi" müsabiqəsi də Azərbaycan hərbçiləri üçün uğurlu olub. Yarışda Rusiya Federasiyasının komandası birinci, Belarus ikinci, Qazaxıstan üçüncü, Azərbaycan komandası isə dördüncü nəticə göstərib. Arxa cəbhəçilərimiz bu nəticəyə 13 komanda arasında mübarizə apararaq nail olub. Müsabiqə zamanı komandamız Anqola, Ermənistan, Vyetnam, Konqo, İsrail, Car kimi ölkələrin komandalarını qabaqlamağı bacarıb.
"Snayper həddi" müsabiqəsində isə atıcılarımız səkkizinci oldular. 19 komanda arasında 8-ci olmaq da yüksək nəticədir. İnanırıq ki, Belarusda keçirilən yarışlar komandamız üçün təcrübə oldu və növbəti illərdə snayperlərimiz daha yüksək yerləri tutmağı bacaracaqlar.
"Beynəlxalq Ordu Oyunlar" çərçivəsində keçirilən "Tank biatlonu" yarışları xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Ordusunun tankçıları builki yarışlar zamanı, sözün həqiqi mənasında, sensasiya yaratmaqla hərbi mütəxəssisləri heyrətləndirməyi bacardılar. Sensasiya isə Alabino poliqonunda keçirilən yarımfinal yarışlarında baş verdi. Tank heyətimiz mütəxəssislərin ehtimallarını alt-üst edərək Qazaxıstan komandasından sonra ikinci yeri tutdu və finala çıxdı. Maraqlıdır ki, bu estafetdə tankçılarımız dünyanın ən güclü ordularından birinə malik və "Beynəlxalq Ordu Oyunları"na öz ölkələrinin istehsalı olan müasir tanklarda gəlmiş Çin komandasının finala çıxışına mane oldu.
Tankçılarımızın qəhrəmanlığı Rusiya kütləvi informasiya vasitələrinin diqqətindən yayınmadı. "Krasnaya zvezda" qəzetində işıq üzü görmüş "Birinci yarımfinalın sensasiyası" adlı yazıda qeyd edilirdi ki, poliqonun tribunasını doldurmuş tamaşaçılar tank estafeti yarımfinalında üstünlüyü Çin və Qazaxıstan yığmalarına verirdilər. Ancaq bu ehtimalların yalnız yarısı özünü doğrultdu. "Bu günün sensasiyası isə Azərbaycan komandasının ikinci yeri tutması oldu".
"Zvezda" telekanalının aparıcısı isə tankçılarımızın həmin günlərdə Alabino poliqonunda göstərdiyi şücaətdən heyrətləndiyini gizlətmirdi: "Final yürüşünə çıxmış komandalar barədə danışarkən, əlbəttə, ilk növbədə Azərbaycan Respublikasının komandasını ayrıca qeyd etmək lazımdır. Azərbaycan komandası, həqiqətən, praktik olaraq mümkün olmayanı etdilər və güclülər sırasına daxil oldular".
Tankçılarımızın final estafetində dördüncü yeri tutması, mütəxəssislərin də qeyd etdiyi kimi, yüksək nəticədir və bu, komandamızın ustalığından, onun böyük potensialından xəbər verir. Xatırlatmağa dəyər ki, "Beynəlxalq Ordu Oyunları"nın əsas müsabiqələrindən olan "Tank biatlonu"nda hərbçilərimiz 23 komandadan 19-nu arxada qoydu. Vətən oğulları Çin, İran, Serbiya, Özbəkistan, Venesuela, Vyetnam, Kuba, Myanma, Monqolustan, Anqola, Ermənistan, Zimbabve, Qırğızıstan, Küveyt, Laos, Suriya və başqa ölkələrin tankçılarından üstün olaraq adlarını "Beynəlxalq Ordu Oyunları"nın tarixinə yazdırmağı bacardılar.
"Beynəlxalq Ordu Oyunları"nın bağlanış mərasiminə getmiş Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov "Tank biatlonu" müsabiqəsinin finalına çıxmış tankçılarımızın Alabino poliqonunda mübarizəsini izlədi və qalib gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak etdi. Xoşdur ki, "Tank biatlonu" müsabiqəsində ölkəmizi təmsil edən gizir Samir İsgəndərov göstərdiyi döyüş bacarığına görə "Beynəlxalq Ordu Oyunları-2019"un medalı ilə təltif edildi. Bu uğurlar ümumilikdə ordumuzun nailiyyətidir və uzun illərin zəhmətinin bəhrəsidir.

Əbülfət QASIMOV