Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Avqust 2019 12:38

“Xidmətini qalib əsgər kimi başa vursun”

Andiçmə mərasimlərində həmişə valideynlərin öz övladları ilə görüşdüyü anı səbirsizliklə gözləyirəm. Övladını bağrına basaraq sevinc göz yaşlarına qərq olan ana-bacıları, baba-nənələri gördükcə kövrəlirəm. Ananın həmin an övladına həsrət dolu baxışlarını sezməmək mümkün deyil. Oğulun “mənim bir anam da Vətəndir” deməsi insana qürur verir.
"N" hərbi hissəsində keçirilən andiçmə mərasimində də belə anların şahidi oluruq. Əsgərlərin valideynləri, doğmaları ilə görüşüb söhbətləşdiyini müşahidə etdikdən sonra təəssüratlarını öyrənirik.
İlk həmsöhbətim əsgər Murad Talıbovun anası Ranə Talıbovadır. Övladı üçün darıxdığını bildirən ana onu əsgər formasında görməkdən qürur duyduğunu dedi. "Hər bir ana üçün övladı əzizdir. Qız, oğlan, fərqi yoxdur. Amma dünyaya oğul övladı gətirən ana yaxşı bilir ki, övladı bir gün böyüyəcək, Vətənə xidmət edəcək. Ağlasam da sevincliyəm. Bu göz yaşları sevinc göz yaşlarıdı. Allah Azərbaycan əsgərini qorusun. Tezliklə ölkə başçısının rəhbərliyi ilə işğalda olan torpaqlarımız azad edilsin və övladlarımızla tarixi topraqlarımızda görüşək."
Əsgər atası Kərim Talıbov da əlamətdar gün münasibətilə əsgərləri və onların valideynlərini təbrik etdi. "Yüzlərlə kilometr yolu qət edərək bura gələn bütün valideynləri övladlarının bu xoş günü münasibətilə təbrik edirəm. Hərbi hissədəki izdihamı gördükcə biz valideynlər də sevinirik. Oğlu həm savadlı bir şəxs kimi, həm də vətənpərvər bir övlad kimi böyütməyə borclusan. Övladlarıma həmişə nümunə göstərməyə çalışmışam. Onlara keçmiş tariximizdən, qəhrəmanlarımızdan söz açmışam. Oğlumu hərbi xidmətə yola salanda Vətənin keşiyində ayıq-sayıq dayanmağını tövsiyə etmişəm. Övladlarımız bu gün Azərbaycan əsgəri adını qazandılar. Çalışsınlar bu adı həmişə uca tutsunlar və qalib Azərbaycan əsgərləri kimi xidmətlərini başa vursunlar."
Talibovlar ailəsi ilə söhbətləşdikdən sonra övladını  bağrına sıxaraq "Mənim igid oğlum" kəlmələri ilə oxşayan, göz yaşlarına hakim ola bilməyən ana diqqətimi cəlb etdi. Əsgərin atası, əmisi və digər doğmaları da ana ilə oğulun görüşünü fəxrlə  seyr edirdilər. Ana həsrət dolu baxışlarını oğlundan çəkmirdi. Alimə Hüseynova da əsgər anası olmağın qürurundan söz açaraq bütün anaları təbrik etdi. "Mən bütün əsgər analarını təbrik edirəm. Bura toplaşan bütün analar mənim kimi sevincdən ağlayırlar. Hamı sevinclidir. Övladlarımız artıq Hərbi andı qəbul ediblər və bu gündən onlar Azərbaycan Ordusunun tam hüquqlu əsgərləridi. Kənardan əsgərləri izlədikcə əmin olursan ki, bu ordu torpaqlarımızı işğaldan azad edəcək. Mən bir ana kimi bütün övladlara xidmətlərində uğurlar arzulayır, Vətənimiz Azərbaycanı göz bəbəyi kimi qorumaqlarını diləyirəm."
Əsgər Nihad Hüseynovun əmisi İkram Nuriyev qardaşı oğlunun simasında bütün əsgərlərlə qürur duyduğunu, onların belə gözəl şəraitdə layiqincə xidmət edəcəklərini qeyd etdi. "Bizim dövrümüzdə belə şərait yox idi. İndiki şəraiti görəndə insanın ürəyi açılır. Xidmətin yüksək səviyyədə təşkil olunması üçün hər bir şərait yaradılıb. Hərbi hissədə tikilən əsgər yataqxanaları, yeməkxana və digər xidməti binalar burada yaradılan sosial-məişət şəraitinin yüksək olmasından xəbər verir. Bütün bunlara görə başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığımızı bildiririk. Var olsun Azərbaycan əsgəri, Azərbaycan Ordusuna eşq olsun."
Kürdəmir rayonundan  gələn əsgər anası Rübabə Zərbəliyeva belə dedi: "Oğlumu böyüdənə qədər çox əziyyət çəkmişəm. Əsgərlik yaşına çatanda çox həyəcan keçirirdim. Bir aydan çoxdur ki, həqiqi hərbi xidmətə gəlib. Gecə-gündüz onu düşünürdüm. Andiçmə mərasimi vaxtı çatanda sevinirdim. Həm oğlumu, həm də burada yaradılan şəraiti öz gözlərimlə görəcəkdim. Hərbi hissədə çox gözəl şərait yaradılıb. Balalarımız üçün yaradılan şərait heç də evdən fərqlənmir. Yeməkləri qadınlar bişirir, yataq dəstləri və paltarları təmiz, səliqəli hamamları, istirahətlərini mənalı və gözəl keçirmək üçün xüsusi düzəldilmiş otaqlar biz valideynlərin ürəyincədir. Mən əsgərlərimizə belə gözəl şəraitdə keçirəcəkləri xidmətlərində uğurlar diləyir, hər birinin sağ-salamat xidmətini başa vuraraq alnı açıq valideynlərinin yanına qayıtmaqlarını arzulayıram."
Əsgər Nəsimi Zərbəliyevin atası Polad Zərbəliyev də yuxarı komandanlığa öz minnətdarlığını bildirdi. "Gözəl, səfalı məkanda tikilən bu hərbi hissə insanın gözünü qamaşdırır. Bir neçə il bundan öncə yolum buralara düşsəydi heç ağlımdan da keçməzdi ki, bir vaxt burada hər cür şəraitlə təmin olunan bir hərbi hissə ilə qarşılaşacam. Bu, həqiqətdir. Yuxarı komandalığa minnətdarlığımı bildirir və əmin edirəm ki, döyüşlər başladığı an oğlumla bərabər mən də Vətənin müdafiəsinə qalxmağa hazır olacağam."
Valideynlərdən bu cür sözləri eşitdikcə bir hərbçi kimi qürurlanırsan. Həqiqətən də bu gün ordumuza göstərilən diqqət, qayğı, və etimad yüksək səviyyədədir.
Bütün valideynlər istər andiçmə mərasimlərində, istərsə də "Açıq qapı" günlərində öz övladlarının sosial-məişət şəraitləri ilə yaxından tanış olurlar. Xalqımız orduya göstərilən etimadın və qayğının canlı şahidi olur. Biz hərbçilər də bu etimadı doğrultmaq üçün daim öz üzərimizdə çalışırıq və işğalda olan torpaqlarımızı azad etməyə hər an hazırıq.

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
fotolar Rəşad ƏMRAHOVUNDUR