Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Avqust 2019 12:38

Milli-mənəvi dəyərlərimizi də qoruyurlar, Vətənimizi də sevirlər

Hər bir ölkənin gələcəyi onun gənclərinin intellektual potensialından da asılıdır. Belə ki, sağlam ruhlu, geniş dünyagörüşlü gənclərin formalaşdığı dövlət daha dinamik inkişaf edir. Ölkənin uğurlu inkişafının əsas amillərindən biri də gənc nəslin vətənpərvər ruhda böyüməsidir. Gənclərin vətənpərvər ruhda formalaşması istiqamətində  xeyli işlər görülür.
Müharibə şəraitində olan ölkə kimi əsgərlərimizə yüksək hərbi biliklər aşılanır. Bunun üçün də hərbi xidmət müddətində şəxsi heyətin döyüş hazırlığı ilə yanaşı, mənəvi-psixoloji hazırlığına da xüsusi diqqət ayrılır. Mənəvi-psixoloji hazırlığın yüksəlməsində ictimai-siyası hazırlıq dərsləri əhəmiyyətlidir və bu dərs prosesində əsgərlərimizə milli-mənəvi dəyərlərə sədaqət, dövlətə və dövlətçiliyə ehtiram da aşılanır. Bu dərslərin keçirilməsi şəxsi heyəti geniş informasiyaya malik vətəndaş və Vətəninin tarixi, habelə, onun tarixi şəxsiyyətləri barədə geniş məlumata malik bir fərd kimi formalaşdırır.
Ön xətdə yerləşən hərbi hissədə xidmət edən əsgərlərimizlə tanışlığımız onların ictimai-siyasi hazırlıq məşğələsinə təsadüf edirdi. Əvvəlcə əsgər yataqxanasında şəxsi heyət üçün yaradılmış şəraitlə tanış olduq. Əsgər yataqxanası müasir avadanlıqlarla təchiz edilib, eyni zamanda divarda məlumat tabloları (divar mətbuatı, nizamnamələr və s.) yerləşdirilib. Dəhliz boyu ölkəmizin dövlətçilik tarixi mərhələlərini, müasir Azərbaycanın memarı Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin hərbçilərlə görüşlərini əks etdirən foto-stendlər qurulub. Əsgərlərin mütaliəsi üçün bədii kitablardan ibarət guşə yaradılıb. Bir sözlə, əsgərin asudə vaxtının səmərəli təşkili üçün hər şey düşünülüb.
Məşğələ başa çatdıqdan sonra dərsin rəhbəri ilə tanış olduq. 2017-ci ildən ordu sıralarında xidmət edən leytenant Nurlan Əliyev bu peşəni seçməsində atası və qardaşının təsiri olduğunu dedi. Həmsöhbətimin atası Qarabağ müharibəsi veteranı, böyük qardaşı Silahlı Qüvvələrimizin zabitidir. Gənc zabit qeyd etdi ki, bu peşəni seçərək uşaqlıq arzusunu həyata keçirib. Kiçik yaşlarında atasının Qarabağ müharibəsi ilə bağlı söhbətləri sanki onun düşüncələrinə ilişib qalmışdı. O vaxtlar hərbçi olmağı qarşısına məqsəd qoymuş Nurlan bu gün ordumuzun gənc zabitlərindəndir. Leytenant Nurlan Əliyev söhbət əsnasında bildirdi ki,  Ali Baş Komandanın döyüş əmri ilə Azərbaycan əsgəri torpaqlarımızı qısa müddətdə işğaldan azad edəcək.
İctimai-siyasi hazırlıq məşğələsinin mahiyyəti haqqında danışan leytenant Nurlan Əliyev bildirdi ki, keçirilən dərslər şəxsi heyətdə "düşmənə nifrət, Vətənə məhəbbət" hissi aşılayır, hərbi intizamı möhkəmləndirir, yüksək döyüş və mənəvi-psixoloji keyfiyyətləri formalaşdırır. Dərsin necə təşkil olunması ilə bağlı sualımı cavablandıran gənc zabit qeyd etdi ki, əvvəlcə şəxsi heyətə dərsin mövzusu və məzmunu çatdırılır, sonda şəxsi heyətlə sual-cavab edilir və  qiymətləndirmə aparılır. Zabit onu da qeyd etdi ki, ictimai-siyasi hazırlıq məşğələlərində şəxsi heyətə xalqımızın uzaq və yaxın keçmişi, Vətənimizin tarixi şəxsiyyətləri, qəhrəman övladları barədə məlumatlar çatdırılır. "Qəhrəmanlarımızın keçdiyi yol bu gün ordu sıralarında xidmət edən hər bir əsgər üçün örnəkdir, hər birimiz onları özümüzə nümunə bilirik və torpaqlarımızın bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canımızdan keçməyə də hazırıq".
Əsgərlər Kamal Mövsümov, Elşən Babayev, Oruc Bayramov bildirdilər ki, hərbi hissədə günün nizam qaydasına uyğun olaraq təşkil olunan ictimai-siyasi hazırlıq dərslərində ordumuzun yaranması və inkişafı barədə daha geniş məlumat əldə edirlər. Həmçinin keçirilən dərslərin onların hərbi vətənpərvərlik hissinə müsbət təsir etdiyini qeyd etdilər. Əsgərlərimiz dedilər ki, mənəvi dəyərlərə sadiq olan, Vətənə sevgi, düşmənə nifrət hissinin nə olduğunu bilən əsgər güclüdür, qüdrətlidir.
Həmsöhbət olduğum şəxsi heyətin sağlam düşüncəsi, vətənpərvərliyin nə demək olduğunu dərindən anlaması və bu gün düşmənlə üzbəüz mövqelərdə Vətənimizi müdafiə etməyin məsuliyyətini dərk etməsi  sevindiricidir. Sevindiricidir ki, Vətəninə, dövlətinə bağlı olan əsgərlərimiz müqəddəs vəzifə yerinə yetirirlər. 

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"