Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Avqust 2019 12:38

Vətənin keşiyində dayanmaq borcumuzdur

Qızmar yayın bir günündə düşmənlə təmas xəttində yerləşən bölmələrimizdən birinə yola düşürük. Təbiətin füsunkar gözəlliyinə görə yol bizi yormur. Yolboyu təsərrüfat işləriylə məşğul olan kənd camaatı, həyətdə oynayan uşaqların üzlərindəki sevinc hissi gözümüzdən yayınmır. Gözəlliyi dağ yamaclarına qədər uzanan yaşıl düzənliklərin üzərinə düşən Günəş şüaları ətrafda əsrarəngiz mənzərə yaradıb.
Yoxlama postuna yaxınlaşdıqca, yaşayış məntəqələri artıq seyrəlməyə başlayır.
Qarşımızda dağlar görünür. Adama elə gəlir ki, üfüqdə görünən dağlar artıq əl uzatsan çatacaq məsafədədir. O dağları Vətənə sipər olan oğulların qüruruna tən bilirik. Relyefindən, iqlimindən asılı olmayaraq Azərbaycan əsgəri hər an Vətənin keşiyindədir. Yüksəkliklərdə olan ordumuzun ucqar zirvələrdə xidmət edən dağ vüqarlı oğullarıyla görüşmək üçün səbirsizlənirik.
Yüksəkliklərdə Vətənin keşiyini çəkən oğullarımızdan biri də gizir İbrahim Məmmədovdur. İbrahim də torpaqlarımızın müdafiəsini ən ümdə vəzifə hesab edir. "Uşaq yaşlarımdan bu torpaqda böyümüş, havasını ruhuma sığal bilmişəm. Ata-baba torpaqlarımızı müdafiə etmək ən ali vəzifədir ki, bu gün bu müqəddəs yolda əsgərlərimizlə birgə ayıq-sayıq xidmət aparırıq. Xalqımız bizə güvənir, arxalanır. Biz də öz növbəmizdə döyüş qabiliyyətimizi durmadan artırır, hərbi biliklərə dərindən yiyələnmək üçün öz üzərimizdə daim çalışırıq. Düşmən müxtəlif təxribatlara əl atır ki, bu zaman təcrübəli əsgər operativlik nümayiş etdirməlidi. Bizim əsgərlərimiz təcrübəli zabitlərimiz tərəfindən təlimatlandırılır və qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlirlər".
Söhbət əsnasında gizir İbrahim Məmmədovdan yaxın qohumlarının - əmisi və dayısının Qarabağ döyüşlərində iştirak etdiyini öyrənirəm. "Əmim Mübariz Məmmədov birinci Qarabağ müharibəsində Ağdərə uğrunda, dayım Arif Hüseynov Füzuli istiqamətində gedən döyüşlərdə vuruşublar. Könüllü olaraq döyüşən əmim və dayımın döyüş yolu mənim üçün örnəkdir. Müddətli həqiqi hərbi xidmətimi başa vurduqdan sonra mən də ordu sıralarına qayıtdım. Çox sevinirəm ki, bu gün xidmətimi düşmənlə üzbəüz mövqedə davam etdirirəm. Mənim düşüncəmdə Vətəni sevmək ona bütün varlığınla bağlı olmaq deməkdir".
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İntiqam Qasımov ordumuzun son zamanlar həyata keçirdiyi uğurlu əməliyyatlardan danışır və bildirir ki, dünyanın güclü ordularından olan Azərbaycan Ordusu bu gün istənilən döyüş tapşırığının öhdəsindən uğurla gəlməyə qadirdir. "Aprel döyüşləri və Günnüt zəfəri Azərbaycan Ordusunun gücünü göstərdi. Danılmaz faktdır ki, ordumuzun gücü düşmənin gücündən müqayisəolunmaz dərəcədə yüksəkdir. Azərbaycan Ordusu öz gücünə arxalanır, daim inkişafdadır". Həmsöhbətim sözlərinə ulu öndər Heydər Əliyevin unudulmaz kəlamı ilə davam edir. “Gərək nəbzin, Vətənin nəbzi ilə vursun. Həqiqətən də, kimliyindən asılı olmayaraq hər bir vətəndaş öz ölkəsinin uğurları üçün çalışmalı, onu layiqincə təmsil etməli və ərazi bütövlüyünü qorumalıdır. Hərbçilərimizin qəlbində Vətən sevgisi var. Onların sayəsində düşmənə qalib gəlib, torpaqlarımızı işğaldan azad edəcəyik. Düşmənlə üzbəüz mövqedə xidmət edən hərbi qulluqçu kimi deyə bilərəm ki, bölməmizin əsgərlərinin döyüş qüdrəti yetəri qədərdir. Döyüş postuna gedən heyətin həm döyüş hazırlığı, həm də mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. Bunun nəticəsidir ki, əsgərlərimiz Vətənin müdafiəsinin məsuliyyətini dərk edir və bu müqəddəs vəzifəni icra etdiklərinə görə qürurludurlar".
Postda ərazini müşahidə edən əsgər Vəfadar Hüseynov deyir: "Mən və əsgər yoldaşlarım da torpaqlarımızı azad edəcək əsgərlərin sırasında olmaq istəyirik. Müasir standartlara cavab verən müşahidə cihazları ilə təchiz olunmuşuq. Bölmələrarası yüksək keyfiyyətli rabitə əlaqəsi var ki, bu da etibarlılığı təmin edir. Bölməmizdə yüksək döyüş əhval-ruhiyyəsi var. Ali Baş Komandanın döyüş əmrinə hər an hazırıq".
Əsgərlər İsa Şıxəlizadə, Raul Teleyev, Maarif Cavadov da Vətən keşiyində durmağın şərəfli olduğunu deyirlər. Gümrah, cəsur, əsgərlərin baxışlarında qələbə ruhu, sözlərində vətənpərvərlik notları açıq sezilir. Onlar ərazi bütövlüyümüzü qorumaqla yanaşı, güclü ordunun güclü əsgəri olmaq üçün daim öz üzərlərində çalışdıqlarını və bundan sonra da çalışacaqlarını bildirirlər. Şübhəsiz ki, əsgərlərimiz qəhrəmanlarımızın döyüş yolunu qələbəylə tamamlayacaqlar.

Fuad CƏFƏROV,"Azərbaycan Ordusu"