Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Avqust 2019 10:25

Əsgərlərin qidalanması yüksək səviyyədədir

Bu gün Azərbaycan dövlətinin nail olduğu iqtisadi inkişaf nəticəsində Azərbaycan Ordusunun maddi-texniki bazası möhkəmləndirilib. Möhkəm maddi-texniki bazaya malik olan Azərbaycan Ordusu müstəqilliyimizin, ərazi bütövlüyümüzün qarantıdır. Bu baxımdan Azərbaycanda gedən ordu quruculuğu prosesi dövlətimizin milli maraqlarının təmin edilməsi yolunda mayak və ölkəmizin qələbəsini şərtləndirən kifayət qədər mühüm amildir. Odur ki, Azərbaycan dünyada inkişaf edən iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də müasir döyüş imkanlarına malik ordusunun olması ilə diqqəti cəlb edir. Qarşısında dayanan vəzifələri çevik, operativ və yüksək dəqiqliklə yerinə yetirmək imkanlarına malik olan ordumuzun ən modern standartlara cavab verən müasir səviyyədə formalaşması olduqca qürurvericidir.
Ön xətdə yerləşən hərbi hissə ilə tanışlığımız bir daha sübut etdi ki, hərbi hissələrdə şəxsi heyətin qida və sağlamlıq durumu, məişət problemlərinin həlli, döyüş hazırlığının yüksəldilməsi, eləcə də hərbi biliklərin dərinləşməsi yönündə məqsədyönlü, uğurlu tədbirlər planı həyata keçirilməkdədir.
Ezamiyyət zamanı nəzərdə tutduğumuz obyektlərə baş çəkdikdən sonra gəldiyimiz növbəti məkan hərbi hissənin əsgər yeməkxanası oldu. Əsgər yeməkxanasına baş çəkməyimiz nahar fasiləsinə təsadüf etdiyindən şəxsi heyətin yeməkxananın qarşısında düzüldüyünün şahidi olduq. Sıra ilə düzülmüş əsgərlər komandirlərinin komandasını aldıqdan sonra baş geyimini çıxardıb ardıcıllıqla yeməkxanaya daxil oldular. Əsgər yeməkxanası ilə tanışlıq zamanı bir daha əmin olduq ki, əsgərlərin gündəlik qidalanması lazımi səviyyədədir. Yeməkxanada səliqə-sahmana və təmizliyə tam riayət edilir. Gündəlik yeməyin hazırlanması ilə məşğul olan hərbi və mülki işçilərin xüsusi geyimdə olması da bu qənaəti bir daha gücləndirir.
Şəxsi heyətin qida rasionu ilə maraqlanmaq məqsədilə ilk yaxınlaşdığımız şəxs aşpaz kiçik çavuş Elşən Nəsibov oldu. Öyrənirik ki, Elşən Nəsibov altı ildir bu hərbi hissədə işləyir və üç ildir əsgərlərimizin milli xörəklərlə qidalanması işinə öz töhfəsini verir. Bu gün Azərbaycan Ordusunun xüsusilə cəbhə xəttində, dağlıq ərazilərdə döyüş tapşırığını yerinə yetirən bölmələrin şəxsi heyəti yüksək kalorili qida ilə təmin olunurlar, - deyə E.Nəsibov söhbətə başladı. - Əsgərlərimizin qida rasionuna təbii və qatılaşdırılmış süd, bal, meyvə, kartof, düyü, ət, toyuq əti, balıq, yumurta, müxtəlif növ çörək, bəzi şirniyyat növləri, təbii şirə, bostan və tərəvəz məhsulları və s. daxildir. Bundan başqa əsgərlərə hər gün tərəvəzdən hazırlanmış müxtəlif şorabalar və salatlar da verilir. Bir sözlə, şəxsi heyət üçün nəzərdə tutulmuş qida rasionu son dərəcə zəngindir. Demək olar ki, əsgərlərə milli mətbəximizdə bişən əksər yeməklər verilir. Bu isə əsgərlərimizin dözümlü və güclü olmasını şərtləndirən amildir. Bundan başqa burada qida təhlükəsizliyinə də çox ciddi nəzarət olunur.
Yeməkxana növbətçisi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Müzəffər İsmayılov bildirdi ki, şəxsi heyətin günün nizam qaydasına uyğun olaraq xidmətinin təmin olunması bu və ya digər formada onlardan da asılıdır: "Əvvəllər məişət işlərini əsgərlər özləri görürdülər. Bu da onları hərbi xidmətdən ayırır, şəxsi heyətin hərbi sirləri dərindən mənimsəməsinə təsir göstərirdi. Artıq neçə illərdir ki, məişət işlərinin görülməsinə, o cümlədən yeməklərin bişirilməsi prosesinə xanımların cəlb olunması şəxsi heyətimizin formalaşmasına və torpaqlarımızın etibarlı qorumasına öz töhfəsini verir. Nəticədə, Azərbaycan əsgəri öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir, torpaqlarımızı etibarlı müdafiə edir".
Kiçik çavuş Elşən Nəsibov isə bildirdi ki, əsgər yeməkxanasında şəxsi heyətin yüksək kalorili qida ilə təminatı üçün hər cür şərait var. "Yeməkxanada səliqə-sahmana, təmizliyə və gigiyenik qaydalara xüsusi riayət edilir. Əgər görülən işlərin hər birinin sonunda insan amili dayanırsa, demək ki, abad və təmiz mühitdə yaşamaq və qidalanmaq şəxsi heyətimizin haqqıdır. Əsgər yeməkxanasında təmizliyin təmin olunması hərbi hissədə ümumi fəaliyyətin mühüm tərkib hissəsidi. Bizim isə vətəndaş kimi, hərbi qulluqçu kimi, borcumuz əsgərlərimizə, o cümlədən Vətənimizə xidmət etməkdir".
Mayor Samir Əhmədov şəxsi heyətin qida rasionuna diqqətimizi çəkdi: "Şəxsi heyətin aylıq rasionunda ət, yumurta, balıq məhsullarından tutmuş meyvə-tərəvəzə, kompot və təbii şirələrə qədər bir çox qida məhsulları yer tutur. Şəxsi heyətin düzgün və keyfiyyətli qidalanması ən vacib məsələlərdən biridir. Bunun üçün hərbi hissənin yeməkxanasında hər bir şərait yaradılıb. Hərbi hissəyə gətirilən təzə və keyfiyyətli ərzaq məhsulları soyuducu kameralarda saxlanılır. Şəxsi heyət üçün normaya uyğun olaraq gündə üç dəfə yemək hazırlanır. Menyuda milli mətbəximiz üstünlük təşkil edir. Xanım aşpazların qayğıkeş münasibəti sayəsində yeməklər ev yeməyindən heç də fərqlənmir".
Yeməklərin keyfiyyətini öyrənmək məqsədilə əsgərlərə yaxınlaşırıq. Əsgərlər Mehrac Şahverdiyev, Elmir Allahverdiyev yeməklərin keyfiyyətindən razılıqlarını bildirdilər və ev yeməklərindən fərqlənmədiyini qeyd etdilər. Əsgərlər onu da bildirdilər ki, qabların yuyulması, yeməkxananın təmizlənməsi prosesindən tutmuş yeməklərin bişirilməsinə kimi bütün təsərrüfat işlərini mülki işçilər görür. İndi bizim öhdəmizə bir iş düşür: "Vətənə layiqincə xidmət etmək. Biz əsgərlər də üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirmək, doğma torpaqlara dikilmiş bütün məhəbbətli gözlərə sevinc göz yaşı bəxş etmək istəyirik. Azərbaycan əsgəri Ali Baş Komandanın əmri ilə ata-babalarımızın müqəddəs əmanəti olan Vətən yolunda hünər göstərməyə, döyüşlərə atılmağa, xalqımıza sevinc bəxş etməyə həmişə hazırdır."

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto Coşqun CƏFƏROVUNDUR