Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Avqust 2019 10:30

“Vətənə, ordumuza xidmət etdiyim üçün qürurluyam”

Həyatda uğur qazanmaq, cəmiyyətə yararlı vətəndaş olmaq, işlədiyin müəssisədə hörmət qazanmaq üçün seçdiyin peşəni kamil bilməlisən. Fərqi yoxdur, hansı sahədə çalışırsan, əsas odur ki, peşənin sirlərini dərindən öyrənəsən.
Elməddin də öz peşəsinin kamil bilicisi olan Vətən oğullarındandır. Düşmənlə təmas xəttində yerləşən bölmədə ezamiyyətim zamanı onu yaxından tanıdım. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elməddin Məmmədov hərbi hissədə sürücü vəzifəsində xidmət edir. Əsgəri xidmətini başa vurduqdan sonra bacarıqlı sürücü yenidən ordu sıralarına qayıdaraq sevdiyi peşəsi ilə məşğul olur. Hərbi hissə komandirindən son təlimatları aldıqdan sonra E.Məmmədovla səngərə yola düşürük. Son mənzilə çatana qədər yolların sərt döngəli, daşlı-kəsəkli olması sürücünün məsuliyyətini daha da artırır. Təkərin altında qalan daşların xışıltısı, ətrafa baxanda gördüyün mənzərə bir anlıq ehtiyatsızlığın nəyə səbəb olacağını açıq-aşkar hiss elətdirir. Aşırımları keçəndə sanki aşağı yuvarlanacağını hiss edirsən. Lakin sürücünün peşəkarlığı bizdə rahatlıq yaradır. Sürücünün təcrübəsi və bacarığı həyəcanımıza son qoyur. Bu yerlərə yaxşı bələd olduğunu deyən sürücü, bu çətin yolları hər gün gedib-gəldiyini vurğuladı. Bizi ən qısa zamanda Vətən müdafiəçilərinin görüşünə çatdıracağını dedi...
...Səngərdən qayıtdıqdan sonra Elməddinlə söhbətləşib, ona minnətdarlıq edirəm. O maşına qulluq edir,  uzun yol gedən “UAZ”-ın mühərrikinə göz gəzdirir, yağının, suyunun  qaydasında olub-olmadığını yoxlayır, bir sözlə, hər bir detalına diqqət yetirirdi. Maşına elə qayğı göstərirdi ki, onu işindən ayırmaq istəmirsən. Elvin söhbətində dedi ki, həm Vətənə, həm də peşəmə olan sevgim işimə bağlılığımı daha da artırır. “Peşənə nə qədər sevgi bəsləsən, o qədər uğur qazanarsan”, - deyən Elvin hərbçi və sürücü olmağın sevincindən söz açdı.
"Uşaqlıqdan sürücülük  peşəsinə xüsusi marağım olub. Maşın sürməyə hər zaman həvəsli olmuşam. Ona görə də sürücülüyü hər incəliyinə kimi öyrənmişəm. Maşını idarə etməklə yanaşı, texniki xüsusiyyətlərinə yaxşı bələdəm, qəflətən hər hansı bir nasazlıq baş verdikdə yerindəcə aradan qaldırmağı bacarıram. Qismət elə gətirdi ki, həm şərəfli peşə sahibi oldum, həm də sevdiyim ixtisas üzrə xidmətə təyin olundum. Bu cəhətdən özümü şanslı sayıram  ki, həm əlində silah hər an işğaldakı torpaqlarımızın azadlığı uğrunda döyüşə atılmağa hazır olan hərbçiyəm, həm də sevdiyim işlə məşğulam. Bu şərəfə nail olduğum üçün çox sevincliyəm. Yaxşı bələd olduğum bu bacarığımla Vətənə, ordumuza xidmət etdiyim üçün qürurluyam".
Hər addımda ordumuzun texniki təminatının yüksək səviyyədə olduğunu görürük. Müasir texnika və maşınlar hərbçilərimizin istifadəsinə verilib. Bununla bərabər, onları ustalıqla idarə edən, texniki xüsusiyyətlərinə yaxşı bələd olan, vaxtlı-vaxtında qulluq edən səriştəli heyətin də olduğuna əyani şahidik.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"