Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Avqust 2019 10:30

Növbəti reportajımız işğaldan azad olunmuş torpaqlarda reallaşacaq..!

Əziz, fədakar Azərbaycan əsgəri. Artıq neçə illərdir, səninlə ümid dolu bir görüşün həsrətindəydim. Bu gün o həsrətə son qoyulur. Yolboyu sevincliyəm, bilirəm ki, bu yol məni səngərə aparır. Elə bir məkana ki, ucalığa, ölməzliyə gedən yollar buradan başlanır. Düşmənlərimizin haqsız olaraq ələ keçirdiyi tarixi torpaqlarımıza nifrət dolu baxışlar buradan qarşı tərəfi süzür. O baxışlar deyir ki, üçrəngli bayrağımız həmin torpaqlarda dalğalanacaq. Adımız kimi inanırıq ki, mənim kimi yüzlərlə Azərbaycan övladını çəkib gətirən uzun-uzun əyri və haça yollar Ali Baş Komandanımızın rəhbərliyi ilə azad edəcəyiniz tarixi torpaqlarımızda dalğalanacaq üçrəngli bayrağımızın altında kəsişəcək. Yaxşı bilirik ki, sabahımızın ən işıqlı, ən aydın yolları buradan - hərbi qulluqçularımızın müqəddəs məkanına çevrilmiş səngərdən keçir. Səngər sizin üçün müqəddəsdir, çünki burada Vətən eşqi, Vətən sevgisi var. Bizim üçün müqəddəsdir ona görə ki, ürəyi Vətən eşqi ilə döyünən Azərbaycan oğulları torpaqlarımızın keşiyindədirlər.
"Konflikt jurnalistikası məktəbi"nin 10 günlük təlimlərində olduğum müddətdə başa düşdüm ki, sən mənim düşündüyümdən daha vətənpərvər, daha dözümlü, daha cəsur, daha güclüsən. Sizinlə isti bir yay günündə görüşürük. O baxışlardakı cəsarət, mərdlik, düşmənə nifrət hissləri gözlərimdən yayınmır. Qorxusu olmayan gözlərə baxmaq qürurvericidi. Bir daha sizin sayənizdə tam təhlükəsiz şəraitdə yaşadığımızı dərk etdim.
Torpağın hər qarışı müqəddəsdir. Qəhrəmanın qanı qarışan müqəddəs torpağa ayaq basmaq isə hər birimiz üçün şərəfdir. Milli qəhrəmanlarımızdan birinin vaxtilə xidmət etdiyi postda olmaq, onun xidmət etdiyi yerdən müşahidə aparmaq, dincəldiyi otağı seyr etmək, üzərində gəzdiyi torpağı ovuclamaq mənim üçün ən müqəddəs torpaqları ziyarət etmək qədər şərəfli idi. O postdan gətirdiyim bir ovuc torpağı müqəddəslik rəmzi kimi bu gün saxlayıram.
On gün müddətində hərbçi dostlar qazandıq. Kəşfiyyatçı dostlarımız bizə "yıxılaraq böyüməy"i öyrətdilər. Təcrübələrini bölüşdülər, çətin situasiyalarda ac qalmamağı öyrətdilər və bəzi gizli məqamlara aydınlıq gətirdilər. Azərbaycan əsgəri, zabiti gözümdə dağlar qədər böyüdü.
Zirvəyə qalxarkən bir qədər çətin anlar yaşadım. Ancaq kəşfiyyatçı dostum hər məqamda ruhdan düşməməyi, yarı zarafat, yarı gerçək sözləriylə mənim bacara biləcəyimi deyirdi. Bacardım… Azərbaycan əsgərinin sayəsində… Xidməti vəzifəni yerinə yetirərkən gördüklərim sənin həqiqətən fövqəltəbii güclərin olmadan qəhrəman olduğunu mənə öyrətdi.
Üç gün müddətində çadırlarda qalaraq özümüzü çətin məqamlara alışdırmağa çalışdıq. Bu zaman kəsiyində zabitlər öz təcrübələrini paylaşaraq bizə kömək etməyə çalışdılar.
Jurnalist dostlarımla birgə tanklarla əvvəlcədən müəyyən olunmuş ərazilərə istiqamət aldıq. Bizə təlim döyüşləri nümayiş olundu. Təlim vaxtı ərazidə yaşayan ailə diqqətimi çəkdi. Bu insanlar tankın tam yaxın məsafədən keçməsinə baxmayaraq, adi hal kimi qarşıladılar. Bir daha insanın əzminə heyran oldum.
Hərbi hospitalda isə qaranlığın bağrını yaran ağ xalatlı həkimlər səhhətimlə ciddi şəkildə maraqlanıb əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar.
Bu on gün müddətində əsgər süfrəsinə qonaq olduq. Suyunuzu içdik, çörəyinizi yedik. Hərbi hissəni tərk edərkən qürurlu baxışlarınız və əl etməyiniz bizi bir daha bu torpaqlara yenidən gəlməyə ümidləndirdi. Növbəti səfərimizdə ümid edirik ki, sizinlə bağlı reportajımız işğaldan azad olunmuş torpaqlarda reallaşacaq..!

Hüsniyyə İDRİSOVA, BSU-nun III kurs tələbəsi