Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Avqust 2019 10:30

“Hərbçilərimizə xidmət etməkdən qürur duyuram”

Analar bəşəriyyətin bəzəyi, bizə həyat bəxş edən Tanrının özü qədər sirli və müqəddəsdirlər. Müqəddəsdirlər ona görə ki, onlar dünyaya bəşər övladı gətirməklə yanaşı, dünyanı qorumağa çalışan mələklərdir. Dünyamızın ən zərif və ən güclü xilaskar, mərhəmətli insanlarıdırlar. Dünyanı qorumaq üçün nəhəng dövlətlərə "Müharibələrə son qoyun!", - deyə ilk olaraq haqq səsini ucaldan analar olur. Analar tək öz övladlarını deyil, bütün bəşəriyyəti düşünür. Faciələrə sarsılır, amansız müharibələri lənətləyirlər. Analar dünyada sülhün, əmin-amanlığın carçılarıdırlar. Bu gün Azərbaycan anaları da dünyanın sülhpərvər anaları sırasında dayanaraq, 30 ildən artıqdır ki, torpaqlarımızda gedən müharibəyə, işğala "Son qoyulmalıdır" deyirlər.
Hər dəfə cəbhə bölgəsində əsgər yeməkxanalarında çalışan ağ xalatlı  ana-bacılarımızla görüşüb, onlarla söhbət aparanda ilk kəlmələri bu sözlər olur: "Allah dünyamızı salamat eləsin. Qara duman Vətənimizin başı üzərindən tezliklə çəkilsin. Övladlarımız sağ-salamat ata-analarının yanına qayıtsınlar". Onlar Vətənin müdafiəsində dayanan əsgərlərimizi, hərbi qulluqçularımızı öz övladları və doğmaları bilirlər. Sanki hazırladıqları hər bir xörəkdə isti ana ürəyinin təravəti duyulur. Əsgər yeməkxanası bir doğma ocağa, evə bənzəyir. Analar övladlarına dadlı, təamlı xörəklər bişirib, onların iştahla bu xörəkləri yeməsinə tamaşa edirlər. Bu mənzərənin dəfələrlə şahidi olmuşuq. O analardan biri də Pəri Paşayevadır. İllərdir ön xətdə torpaqlarımızı qoruyan əsgər və zabitlərimizə doğma övladlarıtək xidmət göstərir. Onlara qaynar ocaq başında ürəklərincə olan milli xörəklərimizi bişirir.
Xoş təbəssümlü çöhrəsi, qürurlu baxışları daxili aləminin zəngin olmasından xəbər verir Pəri ananın... Qarabağ müharibəsi Pəri ananın  da taleyinə acı xatirələrlə dolu günlər yazıb. Torpaq həsrətlisidir.  Doğulub boya-başa çatdığı, qədim tarixi ilə dünyada şöhrət tapan Cəbrayıl rayonu ermənilər tərəfindən işğal olunub. İslam mədəniyyətinə aid müqəddəs ziyarətgahların və ocaqların məkanı kimi tanınan doğma Hacılı kəndi erməni vandalizminin qurbanıdır. Hələ Cəbrayılda döyüşlər gedərkən ürəyindən keçirir ki, gedib hərbçi qardaşlarına yardım etsin, onlara yemək hazırlasın, dar gündə o da Vətənin dadına yetsin. Lakin Pəri ana bu arzusunu o zaman gerçəkləşdirə bilmir. Torpaqlar işğal olunur. İllər keçdikdən sonra o istəyini həyata keçirir. Cəbhə xəttində yerləşən "N" hərbi hissəsində əsgər yeməkxanasında aşpaz kimi hərbi qulluqçulara xidmət göstərməyə başlayır. Pəri Paşayeva altı aylıq aşpazlıq kursunu bitirib diplom alır.
Gecə-gündüz torpaqlarımızın keşiyində dayanan hərbçilərimizə xidmət etməkdən qürur duyduğunu deyən Pəri ana bizimlə süfrə arxasında söhbətə başladı: "Dünyada heç bir ana müharibə istəməz. İstəməz ki, bəşər övladı müharibənin qurbanı olsun. Ölkəmizdə illərdir müharibə gedir.  Ermənilər torpaqlarımızı işğal edib.  Mən bir ana kimi arzulayıram ki, tezliklə torpaqlarımız işğaldan azad olunsun, qaçqın, köçkün düşən camaatımız yurduna qayıtsın. Artıq bir neçə ildir, bizim rayonun Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. Dövlətimizin rəhbəri İlham Əliyevin göstərişiylə bu kənd yenidən bərpa olunub. Kəndin yerli sakinləri olan cocuq mərcanlılar ata-baba yurduna dönüblər. Bu əlbəttə ki, Ali Baş Komandanımızın rəhbərliyi altında, ordumuzun sayəsində mümkün olub. Prezidentimiz sağ olsun, orduya çox böyük qayğı göstərir. Hər dəfə Prezidentimiz, Müdafiə nazirimiz hərbi hissələrin yeməkxanalarına baxış keçirəndə əsgərlərlə bir süfrə arxasında oturub nahar yeməyinə qonaq olur, onlarla söhbət edirlər. Əsgər yeməkxanalarında bişirilən xörəklərdən razı qaldıqlarını bildirirlər. Elə bu günlərdə də Müdafiə nazirimiz ön xətdə yerləşən bölmənin yeni binasının açılışında olarkən əsgər yeməkxanasında hərbi qulluqçularımıza xidmət göstərən işçilərlə görüşdü. Yenə də əsgərlərlə bir süfrə arxasında nahar etdi. Xörəklərin hazırlanmasından razı qaldığını dedi. Bizim borcumuz onlara yaxşı  xidmət göstərməkdir. Onlar xalqımızın firavan yaşayışı üçün bu gün düşmənlə üzbəüz dayanıb Vətənimizi qoruyurlar. Hər bir əsgər bir ananın övladıdır. Xidmətə gəldikdən sonra isə bizim övladımız olur. Onlara  ana qayğısı ilə yanaşırıq. Arzu edirəm ki, tezliklə müharibə qurtarsın, xalqımız firavan yaşasın.  Əsgərlərimiz daha müharibə dövründə deyil, sülh dövründə hərbi xidmət keçsinlər."
Biz də sizin arzularınıza qoşuluruq, Pəri ana. Qürurlu Azərbaycan qadını, məğrur Azərbaycan anası, sənin arzularının gerçəkləşəcəyi gün uzaqda deyil!

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR