Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Avqust 2019 09:52

Hərbçilər şəhid ailələrini ziyarət ediblər

Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hörmət və ehtiramla yad edilməsi məqsədilə Azərbaycan Ordusunda da silsilə tədbirlər keçirilir. Belə tədbirlər həm də ordu ilə ictimaiyyətin əlaqələrini möhkəmləndirir.
Cənubi Qafqazın lider dövləti olan müstəqil Azərbaycan Respublikasının siyasət kursunun mühüm prioritetlərindən biri də dövlətimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə göstərilən böyük diqqət və qayğıdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Ölkədə əhalinin sosial rifahının artması, xüsusi ehtiyacı olan təbəqələrin sosial durumunun yaxşılaşdırılması üçün ardıcıl işlər aparılır. 
Ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılan dövlət siyasətinə əsaslanaraq bu günlərdə general-mayor Mayis Bərxudarovun rəhbərliyi ilə bir qrup hərbi qulluqçu qoşunların təmas xəttinə yaxın kəndlərdə yaşayan Aprel döyüşləri zamanı şəhid olmuş Elnur Əliyev və Orxan Həmidovun ailəsini ziyarət edib. General-mayor M.Bərxudarov şəhidlərin ailə üzvlərinə Müdafiə Nazirliyinin rəhbərliyi və onlarla birlikdə xidmət etmiş hərbi qulluqçular adından başsağlığı çatdırıb, Ali Baş Komandanımızın rəhbərliyi ilə şəhidlərimizin qisasının alınacığını və düşmənə hər an layiqli cavab veriləcəyini qeyd edib.
General-mayor M.Bərxudarov bildirib ki, bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. "Ordumuz gücünü 2016-cı ilin Aprel döyüşlərində bir daha sübut etdi. Belə ki, Ermənistan ordusunun təxribatlarına cavab olaraq, ordumuz əks-hücum əməliyyatı ilə Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Bununla da xalqımıza qələbə sevinci yaşatdı. Ancaq təəssüf hissi ilə bildirmək istəyirəm ki, Elnur Əliyev və Orxan Həmidov kimi oğullarımızı da həmin döyüşlərdə itirdik. Bütövlükdə Aprel döyüşləri qəhrəmanlıq tariximizə qızıl hərflərlə yazıldı. Ən əsası odur ki, bu gün ordumuz qüdrətlidir, torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bu gün Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsi olmaqla yanaşı, həm də  xalqımızın iftixar yeridir. Zənnimcə, bütün bu uğurların təməlini ordumuza göstərilən böyük diqqət və qayğı təşkil edir.  Ümumiyyətlə, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarımızın ailələri, yaralanmış əsgər və zabitlərimiz dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunublar. Sizlər bir şəhid ailəsinin üzvləri, bizlər isə bir hərbi qulluqçu kimi Ali Baş Komandanımız tərəfindən Vətən keşikçilərinə yüksək diqqət və qayğı göstərildiyini hər an öz üzərimizdə hiss edirik".
Sonra hərbi qulluqçular Ermənistan tərəfinin təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndində həlak olan Sahibə və Zəhra Quliyevaların yaxın qohumalarının, şəhidlərin ailə üzvlərinin yaşadıqları evə baş çəkib, onlarla çay süfrəsi arxasında söhbət ediblər. Söhbət zamanı şəhidin ailə üzvləri Azərbaycan Ordusunun qüdrətinə və qələbəsinə inamın böyük olduğunu qeyd edərək qoşunların təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrinin bölmələrimiz tərəfindən etibarlı müdafiə olunduğunu və əhalinin hərbçilərimizə yüksək etimad göstərdiyini bildiriblər.
Şəhidlərin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, ölkə başçısı tərəfindən bu gün şəhid ailələrinə göstərilən diqqət və verilən qiymət yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə bir nümunədir. Hərbi xidmətə gedənlər də qayğını görərək fikirləşirlər ki, onlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.

* * *

Azərbaycanın dövlət siyasətində prioritet məsələlərdən sayılan Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daima məqsədyönlü səciyyə daşıyır. Dövlət quruculuğunda bu istiqamətdə atılan addımlar öz bəhrəsini verməkdədir. Ulu öndər Heydər Əliyevin çox həssaslıqla yanaşdığı əsas məsələlərdən biri şəhid ailələrinə, müharibə veteranlarına və əlillərinə dövlət qayğısının göstərilməsi olmuşdur. Məhz Ümummilli  Liderimizin təşəbbüsü ilə 2001-ci ildə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təsis edilməsi də cəmiyyətdə bu qəbildən olan insanlara verilən ən böyük dəyər kimi qiymətləndirilir.
Bu gün ölkə rəhbəri İlham Əliyev tərəfindən dövlət quruculuğunda sosial siyasət məsələsi uğurla həyata keçirilir. Azərbaycanda müharibə veteranlarının, əlillərinin  və şəhid ailələrinin sosial müdafiəsi daima gücləndirilir, onların problemləri qısa müddətdə öz həllini tapır. Ölkə Prezidenti mütəmadi olaraq müharibə veteranlarının, əlillərinin və şəhid ailələrinin sosial vəziyyətinin yüksəldilməsi məqsədilə  fərman və sərəncamlar  imzalayır. Respublikamızda hazırda bu istiqamətdə görülən işlər cəmiyyət tərəfindən təqdirəlayiq hal kimi qarşılanır. Onların sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarınının təhsil haqqından azad edilməsi bir daha təsdiqləyir ki, dövlət  həssaslıqla yanaşdığı vətəndaşına diqqət və qayğısını heç bir zaman əsirgəmir. Hətta  dövlətimiz bu insanların sosial rifah halının yaxşılaşdırılması və rahat yaşaması məqsədilə onları mənzil və minik avtomobilləri ilə təmin edir. Eyni zamanda, Azərbaycan Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə, ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödənişin verilməsi bir daha dövlətimizin başçısının şəhid ailələrinə göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir.
Azərbaycan Ordusunda da şəhid ailələri, Qarabağ müharibəsi veteranları və əlilləri ilə vaxtaşırı görüşlər keçirilir, onların arzu və istəkləri dinlənilir. Belə görüşlərin təşkili silsilə xarakter daşıyır.
Bu günlərdə 2019-cu ilin təsdiq edilmiş planına uyğun olaraq, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin "Vətən uğrunda" səyyar-təşviqat qrupunun üzvləri respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gecə-gündüz döyüş növbəsində dayanan, Vətənimizi göz bəbəyi kimi qoruyan hərbi qulluqçularımızın asudə vaxtlarının səmərəli təşkil edilməsi, onların ruh yüksəkliyinin  və mənəvi-psixoloji hazırlığının artırılması məqsədilə ön xətt bölmələrimizdə olublar. Onlar döyüş növbəsi aparan hərbi qulluqçularımız qarşısında  hərbi vətənpərvərlik ruhlu mahnılar, şeirlər səsləndiriblər,  Vətən keşikçilərinə əyləncəli proqramlar təqdim ediblər  və müxtəlif müsabiqələr, viktorinalar keçiriblər. Ön xətt bölmələrimizdə təşkil olunan viktorina və müsabiqələrin qaliblərinə xatirə hədiyyələri təqdim olunub. 
Çay süfrəsi arxasında döyüşçülər "Əsgərə məktub" layihəsi barədə ətraflı müzakirələr aparıblar. Tələbə gənclərin və orta məktəb şagirdlərinin ön xətdə düşmənlə üzbəüz mövqelərdə  dayanan hərbçilərimizə yazdıqları məktublar onların özlərinə çatdırılıb. Ön xətdə gecə-gündüz Vətənin keşiyində sayıqlıqla dayanan hərbçilərimiz qonaqlara  apardıqları xidmət barədə qısa məlumat verərək, yaradılan yüksək  məişət şəraiti ilə bağlı ürəkdolusu danışıblar.
Görüş zamanı şəxsi heyətə hərbi hissələrdə keçirilən tədbirlər haqqında hazırlanmış videoçarxlar təqdim edilib. Eyni zamanda, məktubları maraqla oxuyub onlara cavab yazan hərbçilərimiz video çəkiliş vasitəsilə də öz arzularını çatdırıblar.
Tədbirlər silsiləsini davam etdirən "Vətən uğrunda" səyyar-təşviqat qrupunun üzvləri "N" hərbi hissəsində xidmət edən qadın hərbi qulluqçularla birlikdə "Bizim milli yeraltı sərvətimiz torpaq altında yatan şəhidlərimizdir, yerüstü sərvətimiz isə qazilərimizdir..." layihəsini Gədəbəy və Tovuz rayonlarında  uğurla həyata keçiriblər.
"Vətən uğrunda" səyyar-təşviqat qrupunun üzvləri və qadın hərbi qulluqçular şəhid ailələrini ziyarət edib, onlara mənəvi dəstək olublar, gətirdikləri hədiyyələri, sovqatları və məişət ləvazimatlarını şəhidlərin ailə üzvlərinə təqdim ediblər. Qadın hərbi qulluqçular hər bir şəhid ailəsinin evində qonaq olduğu müddətdə onlara qayğı ilə yanaşaraq, evin təmizlik işlərinə köməklik göstəriblər. Hərbi vətənpərvərlik ruhunda təşkil edilən layihənin üzvləri şəhid ailələrinin qayğıları və problemləri ilə yaxından maraqlanıb, onlarla geniş söhbətlər aparıblar. Hərbçiləri və layihə üzvlərini yüksək qonaqpərvərliklə qarşılayan şəhid ailələri onların gəlişlərindən sevindiklərini, daima dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduqlarını  qeyd ediblər. Atılan bu addımları əzizlərinin unudulmaması və onların daima diqqətdə saxlanması kimi dəyərləndiriblər.
Qadın hərbi qulluqçularımızın layihə ilə bağlı fikirlərini öyrənərkən bildirdilər ki, bu layihədə iştirak etdikləri üçün qürur duyurlar. "Dövlətimiz, xalqımız hər bir şəhid ailəsinə böyük qayğı ilə yanaşır. Şəhidlərimizin unudulmaması üçün adları əbədiləşdirilir, xatirə lövhələri vurulur, anım tədbirləri keçirilir. Hər bir şəhid ailəsi bizim üçün əzizdir. Onların yanında olmaq bizə mənəvi güc verir. Şəhid ailələrinə diqqət  göstərmək hər birimizin mənəvi borcudur. Ordu və xalq arasında əlaqələrin daha da möhkəmlənməsində belə vətənpərvərlik yönümlü  layihələrin keçirilməsi vacibdir".

Məhəmməd ƏLİYEV, Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"