Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Avqust 2019 09:52

Lələtəpə, Bayraqtəpə, Günnüt və Böyük Qələbə

Ön xətdə zabit İsaq Orucovla da söhbətləşmişdik. Hərbi xidmətə münasibəti haqqında fikirləri diqqətimi çəkmişdi. "Müharibə şəraitində hərbi xidmət tərxislə tamamlanmamalıdı", - demişdi. Bu fikir ətrafında mükalimələşməmiz olmuşdu. İsaq israrla demişdi ki, tərxis olunan əsgərlər Böyük Qələbədən sonra hərbçi məsuliyyətiylə işğaldan azad edilmiş kəndlərimizin yenidən qurulmasında iştirak etməlidi. Mənə elə gəlir ki, buna bircə çağırış kifayət edəcək...
Zabit İsaq Orucovun dünya duyumu könlümə yatdı. Onun haqqında daha çox öyrənmək istədim...
Uşaqlıqda mütaliə həvəsi olub. Sonralar qəzetlərə də meyl göstərib. Televiziya verlişlərini də maraqla izləyib. Bunlar məktəbdə müəllimlərinin, evdə valideynlərin söhbətlərinin məntiqi davamı olurmuş; İsaqın düşüncələrində bir heysiyyət gərirmiş qollarını. Ağdaban, Malıbəyli, Meşəli, Bağanıs-Ayrım, Xocalı faciələri haqqında məlumatlanmışdı. Səkkizinci sinfi bitirəndə qərarını atasına bildirib:
- Hərbçi olmaq istəyirəm. O gün televizorda elan verdilər. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə oxumağı qərara almışam.
Atası İsaqın qətiyyətini görüb, istəyinin dönməzliyini hiss edib. Xeyir-dua verib oğluna...
İsaq Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirdi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil aldı.
- Liseydə ilk günlər, ilk həftələr çətinliyim olurdu. Hərbi intizama alışa bilmirdim. Komandirlərimin dəyərli məsləhətləriylə qısa müddətdə çətinlikləri adlada bildim. Ondan sonra səhv etmədiyimi anladım. İlk dəfə onda qürurlandım: mən də hərbçi olacam, mən zabit olacam!
Ali Hərbi Məktəbdə daha  fəal olmağa çalışırdım. Bilmədiklərimi müəllimlərimizdən, zabitlərimizdən öyrənirdik. Orta məktəbdə oxuyanda müəllimlərimizdən eşitdiyim bir fikri heç zaman unutmurdum: "Bilməmək ayıb deyil, bilməyib soruşmamaq ayıbdır".
İsaq ötənləri sevgilərlə xatırlayırdı. Mənə elə gəlirdi ki, gənc zabit o illərin hələ də hər gününü xatırlaya-xatırlaya yenidən yaşayır: mühazirələrdən, seminarlardan, çöl təlimlərindən, kursant dostluğundan, asudə vaxtlarda söhbətlərinin axarından,... danışdıqca Azərbaycan Ordusunun zabitlərinin necə formalaşması haqqında təəssüratlarım daha da dərinləşirdi.
İsaq Orucov 2015-ci ilin iyununu da böyük qürrəylə, sevinclə xatırladı - həmin gün zabit rütbəsi alanların sırasında o da vardı:
- Buraxılış günü  digər kursantlar kimi mən də ikili duyğular yaşadım. Sevincimiz aşıb-daşırdı. İllərlə arzuladığımız günün sevincini valideynlərimizlə, ictimaiyyət nümayəndələriylə birgə yaşayırdıq. Onda Cəmşid Naxçıvanski adına Hərbi Liseyə gedəndə atamın dediklərini yenə xatırladım: bu peşəni ürəkdən sevirsənsə, uğurun xeyir olsun. Mən zabit olmağımla çox qürurluydum. O qürur illər nədi, aylardan sonra daha da dönməzləşir. Dərk edirik ki, hərbçi Vətənə digər peşə sahibləriylə müqayisədə daha gərəklidir...
Zabit İsaq Orucovun timsalında Azərbaycan Ordusunun bütün gənc zabitlərinin düşüncələrinin ifadəsini gördüm...
Gənc zabit dedi ki, ordumuz güclüdür. Bu güc 2016-cı ilin aprelində zəfər qazandı. Lələtəpədə, Bayraqtəpədə, Günnütdə bayraqlarımız bu gücə görə qürurla dalğalanır. Biz o zəfəri qazananların davamçıları olacağıq. Ali Baş Komandanın əmriylə döyüşəcəyik, torpaqlarımızı işğaldan azad edəcəyik...
İsaq Orucov dövlətin orduya qayğısından da söz açdı:
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamıyla hərbi qulluqçuların vəzifə maaşları artırıldı. Mən ön xətdə xidmət edən bütün zabit yoldaşlarım adından ölkə başçısına minnətdarlığımı bildirirəm...
Zabit İsaq Orucov dedi ki, əsgərlərimiz bütün əmr və göstərişləri böyük məsuliyyətlə yerinə yetirirlər. Bu, nümunəvi xidmət deməkdir. Biz qalib gələcəyik! Lələtəpə, Bayraqtəpə, Günnüt və Böyük Qələbə - Azərbaycan Ordusunun amalı budur!..


Mübariz MUSAYEV, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR