Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Avqust 2019 10:07

Yaxşı dost ömrü gözəlləşdirir

Dost sözü çox şaxəli və dərin mənalıdır. Arasında qan bağı olmayan bu bağlılıq bəzən möhkəm və əbədi olur. Özümüzdən asılı olmayan səbəblərdən hərdən ailə üzvlərindən uzaqda yaşamağa məcbur oluruq. Lakin xasiyyətimizə, dünyaya baxış tərzimizə uyğun olaraq düşdüyümüz mühitdə özümüzə yaxın birini tapırıq. Elə insan ki, pis və yaxşı günlərində daim yanında olur, səsləyəndə köməyinə çatır. Həmin insan dost adlanır. "Dost dar gündə tanınar", "Dostun versə qum, al ovcunda yum!", "Dost yolunda can qurban" və digər atalar sözləri dostluğun nə qədər dəyərli olduğunun göstəricisidir. İnsan həyatı boyunca müxtəlif mühitlərdə fərqli dostlar qazanır. Bunların sırasında bağçada, həyətdə birgə böyüdüyümüz, məktəbdə bir sinifdə təhsil aldığımız insanlar var. Bunlardan ən vacibi və önəmlisi isə əsgəri xidmətimizdə əldə etdiyimiz dostlardır. Əsgəri xidmətdə qazandığımız dostlar ömür dostudur. Silah dostu, həyat dostudur. Mütəmadi olaraq düşmənlə təmas xəttində olduğumuz zaman əsgərlərimiz arasında olan möhkəm, sarsılmaz dostluğun şahidi oluruq. Bu səfər də hərbi xidmətdə yaranan möhkəm dostluq haqqında komandirlərdən eşitdik. Çavuş Şahin Hüseynova bu dostları yaxından tanımaq, onlarla həmsöhbət olmaq istəyimizi bildirdik. Bəlkə də həyatın bir təsadüfüdür, bu dostların ikisinin adı Seymur, soyadları isə Məmmədovdur.
- Mülki həyatda hərbi xidmətdə yaranan dostluqlar haqqında çox eşitmişəm, - deyə əsgər Məmmədov Seymur Yavər oğlu söhbətə başladı. - Bir yerdə böyüdüyümüz, bir neçə yaş məndən böyük dostlarım hərbi xidmət haqqında danışardılar. Qazandıqları dostlardan, komandirlərin diqqət və qayğısından söz açardılar. Xidmətə gəldiyim ilk günlər bölmənin axşam yoxlaması zamanı başqa bölmədə də Seymur Məmmədov çağırdıqlarını eşidirdim. İlk vaxtlar özümdən asılı olmayaraq "mən" deyirdim. Sonra Seymurla tanış oldum. Hesab edirəm ki, öz oxşarımı tapmışam. Ayrı-ayrı bölmələrdə xidmət etsək də, asudə vaxtlarda söhbət edə bilirdik. Həmin vaxtlarda çalışırdıq ki, məşğələlərdə mənimsədiklərimizi bir-birimizlə bölüşək. Gənc əsgər hazırlığı dövrü bitdikdən sonra eyni bölməyə düşdük. İndi çox sevinirəm ki, həm dostum, həm də adaşımla eyni mövqedə xidmət edirəm.
"Dost mənim üçün qardaş qədər yaxındır. Bura elə bir yerdir ki, hər birimiz bir yumruq kimi birləşməliyik. Düşmənin ani həmləsi zamanı onun qarşısını ilk olaraq bölmənin şəxsi heyəti alır. Biz də doğma qardaşlar kimi yaxın olmalıyıq. Bir birimizi qorumalıyıq. Çünki burada bir yerdə yatır, bir qabdan yemək yeyir, birimiz yatanda digərimiz onun keşiyində dayanırıq. Hərbi xidmətə gəldiyim gündən özümə çox yaxın dostlar qazanmışam. Çalışacam harada olmağımdan asılı olmayaraq onlarla daima əlaqə saxlayım, şad və pis günlərində hər zaman yanlarında olum. Hər birimizin qəlbində bir sağalmaz yaramız var, o da düşmən tapdağında olan Qarabağımızdır. Çox istərdim ki, işğal olunan torpaqlarımızın azad olunmasında mən də dostlarımla birlikdə iştirak edim. Vətənimizin tarixinə düşmənə qarşı amansız döyüşən Seymur adlı dostlar kimi düşək", - əsgər Məmmədov Seymur Oqtay oğlu dedi.
Dostlar söhbət etdikcə onların bir-biri ilə səmimi davranışları nəzərimizdən qaçmadı. Ordumuzda mövcud olan sağlam mühit, sıralarında xidmət edən möhkəm və səmimi dostların olması torpaqlarımızın tezliklə düşməndən azad olacağından xəbər verir.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu"