Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Avqust 2019 10:07

Azərbaycan əsgəriyik...

Hərbi xidmətin əsasını təşkil edən faktorlardan biri sıra hazırlığıdır. Andiçmə mərasimləri və paradlardakı təntənəli keçid sıra hazırlığının bir parçası olub böyüklü-kiçikli hər kəsin maraq və həyəcanla izlədiyi hərbi ritualdır. Keçən il paytaxtımızda təşkil olunan möhtəşəm paradlar bu baxımdan dünya ölkələrinin diqqətini cəlb etməyə bilməzdi. Yüksək təşkilatçılıqla hazırlanan Azərbaycan Ordusunun və Bakının işğaldan azad olunmasının 100 illiyinə  həsr olunan təntənəli paradları şəhərimizin sakinləri və xarici ölkələrdən gələn qonaqlar böyük maraqla izlədilər. Bundan əlavə, televiziya qarşısında milyonlarla insan bu paradı izləyərək hərbi qulluqçularımızın təcrübəsinə heyran qaldı.
Paradda iştirak edən hərbçilərimizin bölmələrlə səliqəli düzülüşü və təntənəli keçidi, həmçinin texnikaları idarə edən sürücülərimizin peşəkarlığı gərgin əməyin bəhrəsi idi. Arsenalımızda olan müasir silahların sərgiləndiyi və hərbçilərimizin yüksək ustalıq nümayiş etdirdiyi möhtəşəm parad hələ uzun illər hafizələrdə qalacaq.
"N" hərbi hissəsində olduğumuz zaman sıra meydanından gələn addım səsləri diqqətimizi cəlb etdi. Sıra addımı ilə irəliləyən əsgərlərin sinxron hərəkəti, ayaqların eyni anda yerə təmasından yaranan səs dalğası  bir anlıq gözlərimin önündə Böyük Qələbəyə həsr olunacaq paradı canlandırdı. O an Ali Baş Komandan İlham Əliyevin dediyi kəlməni xatırladım. “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Bəlkə də, üçrəngli bayrağımızı Azadlıq meydanına gətirəcək əsgərlər elə bu sıralardadır. Məşğələni sona qədər izləyirik. Şəxsi heyətin sıra hərəkətlərini bacarıqla icra etməsi bölmədəki sıra hazırlığının səviyyəsindən xəbər verirdi.
Dərsin rəhbəri leytenant Asim Hüseynli ilə tanış oluram. Zabit sıra hazırlığının əsgərin xidməti dövründə vacibliyindən söz açdı. "Məlumdur ki, hərbi mədəniyyət xidmətin vacib şərtidir. Hər bir komandir əsgərdən birinci növbədə intizamlı olmağı tələb edir. Nizam-intizam isə sıradan başlayır. Əsgərlərlə söhbətim zamanı həmişə deyirəm ki, sıra və sıra meydanı müqəddəsdir. Ona görə müqəddəsdir ki, o sıralarda şəhidlərimiz də dayanıb, qəhrəmanlarımız da. Bölməmizdə günün nizam qaydasına uyğun olaraq sıra hazırlığı dərsləri keçirilir. Məşğələlərdə şəxsi heyətə hərbi xidməti boyunca zəruri olan hərəkətlər öyrədilir. Sıra nizamnaməsinə əsasən təşkil olunan dərslərdə şəxsi heyətə silahla və silahsız sıra hərəkətləri, əsgəri salamlaşma, hərbi qulluqçunun düzülüşdən qabaq və sıradakı vəzifə borcları və digər qaydalar öyrədilir. Keçirilən dərslər əsgərin hərbi mədəniyyəti öyrənməsində, yüksək döyüş ruhlu əsgər kimi formalaşmasında böyük rol oynayır".
Sonra əsgərlər Sadiq Həsənov, Elçin Əliyev, Mahir Məmişov, Sənan Məmmədov ilə həmsöhbət oluruq. Gənc Vətən müdafiəçilərimiz daim öz üzərlərində çalışdıqlarını, təcrübəli komandirlərinin rəhbərliyi ilə bilik və bacarıqlarını daim təkmilləşdirdiklərini söylədilər. Həmçinin əsgərlərimiz bildirdilər ki, müqəddəs vəzifənin öhdəsindən layiqincə gəlmək üçün keçirilən məşğələlərdə fəal iştirak edir və peşəkar komandirlərinin təcrübələrindən maksimum səviyyədə yararlanırlar. Sonda əsgərlər xalqın güvənc yeri olan ordumuzun sıralarında xidmət etməkdən qürur duyduqlarını fəxarətlə qeyd etdilər.
Hərbi hissəni tərk etməyimiz şəxsi heyətin axşam gəzintisi vaxtına təsadüf etdi. Əsgərlər bir ağızdan "Azərbaycan əsgəriyik, bu ada qurban!" deyirdilər. Onların ifasında Vətənə və xalqa sevgi hiss olunurdu, düşmənə isə nifrət...

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"